"İntiharla bağlı miflər də, təsdiq olunmuş gerçəklər də var". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.
O bildirib ki, birinci növbədə miflərə toxunmaq istəyirəm: "Belə bir fikir var ki, intihar haqqında danışan insanlar əslində intihara cəhd etməzlər. Halbuki, elə deyil. "Özümü kəsəcəm, asacam" deyən insan bunu edə bilər. Demirik, mütləq edəcək, amma bunu deyirsə, demək ki, risk qrupuna daxildir. Biz həmin insanlara kömək etməliyik. Əgər bacarmırıqsa, professional dəstəyə yönəltməliyik. Bəzən deyirlər ki, intihar səssiz olur. Amma belə deyil. İntihar etmək istəyən insanların çoxu əvvəlcədən məlumat verirlər. Başlayırlar öz əşyalarını başqalarına hədiyyə verməyə. Kimsə intihara cəhd edirsə, o, mütləq ölmək istəmir. Hər intihara cəhd edən insan, əslində ölmək istəmir. Belə bir araşdırma var ki, insanların çoxu ölmədiyi üçün çox sevinib şükür edirlər.
Bəzən intihara cəhd xüsusi yaralanmalarla olur. Asma, zəhərli maddəni içməklə deyil, ülgüc vasitəsilə yaralanma, dırnaqlar ilə dərini qoparma halları olur. Bunlar da səbəbsiz deyil. Tam intihar sayılmasa da, bunun da səbəbləri var ki, insan o ağrıya dözə bilmir, hansısa duyğulardan qaçmaq üçün bu yolu seçir. Onlar həmin an ağrı da hiss etmirlər.
İntiharları ölümlə nəticələnən daha çox kişilərdir. Amma təşəbbüs edənlər, ölümlə nəticələnməyən intiharlar daha çox qadınlarda olur. Qadınlarda çox zaman ölümlə nəticələnmir".
"İntihar edənlərin çoxu psixiatrik xəstədir. Yarısı isə depressiyadan çıxa bilmədikləri üçün intihara cəhd edənlərdir. Depressiyaya adi hal kimi baxmamalıyıq. Çünki elə insanlar var ki, sinir sistemi həssasdır. Onlar depressiyadan çox da asanlıqla çıxa bilmirlər. Ona görə də, dəstəyimiz lazımdır. Əgər bu dəstəyi bacara biliriksə, nə gözəl, bacara bilmiriksə, professional dəstəyə yönləndirməyimiz lazımdır. Çünki depressiv insanda serotonin (xoşbəxtlik) hormonu çatışmır. İnsanda bu hormon aşağı olanda ümidsizlik olur. Belə olan halda problem həll etmə bacarığı zəif olur. Ona görə də, psixoloji dəstək mütləqdir. Bəzi hallarda, ağır repressiyalarda dərman müalicəsi də lazım olur. Depressiyada olan insan problem həlletmə halında olmur, amma ən azından psixoloq ona müsbətləri və mənfiləri göstərməyə cəhd edir. O insan da artıq yavaş-yavaş analiz edə bilir ki, demək, ən pis halda belə müsbət var.
Boşanmış insanlarda da intihar halları çox görülür. Ona görə də, insanlar əgər depressiv əlamətləri özlərində hiss edirlərsə, bu problemi qəbul etməlidirlər. Daha sonra da dəstək almalıdırlar.
Qısası hər intihar cəhdini edən ölmək istəmir. Onların müəyyən qismi kimdənsə qisas almağa, kiməsə acıq vermək üçün bunu edir. Psixoloq intiharla bağlı sual verə bilər. Bəlkə də, intihar düşüncəsi olan insanın bu problemini görüb onu bundan çəkindirə biləcək. Amma sosial şəbəkələrdəki məşhurların intiharı intihar hallarını artıra bilər" -deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə