Uşaqlarda liderlik keyfiyyətlərini necə inkişaf etdirə bilərik? - PSİXOLOQ FİKRİ
"Uşaqlarda liderlik keyfiyyətlərinin inkişafına erkən dövrlərdən başlanılması tövsiyə olunur. Çünki bu keyfiyyətlərin bir çoxunun əsası elə məhz körpəlik dövründə qoyulur. Məsələn: lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönümlülük, məsuliyyətlilik, özünəinam və müstəqillik hissi kimi xüsusiyyətlərin formalaşdırılması ,əsasən mühit və tərbiyənin psixoloji təsirlərin sayəsində mümkün olur". Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Onun sözlərinə görə, valideynlərin bəzən bu qəbildən olan məsələlərə laqeyd yanaşması gələcəkdə övladlarının taleyində həlledici rol oynaya bilir. Uşağın əldə etdiyi nailiyyətlərin böyüklər tərəfindən emosional şəkildə rəğbətləndirilməsi onda özünəinam hissini, təşəbbüskarlığı artırır, öz etdiyinə görə qürur hissi yaşamasını şərtləndirir. Əksinə, uşağın fəaliyyətinin nəticələrinə laqeyd və ya mənfi münasibətin təzahürü uşaq tərəfindən emosional baxımdan çox neqativ yaşanır. Bu faktın özü isə gələcəkdə onu hansısa təşəbbüslərdən çəkindirərək, onda özünəinamsızlıq hissi formalaşdıra bilər. "Adətən özünəinam hissi zəif olan uşaqlarda özünüqiymətləndirmə aşağı, özünütənqidi münasibət isə yüksək səviyyədə olduğundan nədəsə müvəffəqiyyət qazanmaq, mübarizə aparmaq üçün onlar, bir o qədər cəhd göstərmirlər. Hər bir addımı, fəaliyyəti rəğbətləndirilən, tez-tez “Afərin!”, “Sən bunu düz etdin!”, “Bu səndə çox yaxşı alındı! ”- kimi ruhlandırıcı ifadələr eşidən uşaqlar daha aktiv, özünəinamlı, cəsarətli olur, qarşısında yüksək məqsədlər qoya bilirlər. Lakin burada da, hər bir şeydə olduğu kimi, rəğbətləndirmənin yerində və düzgün səviyyədə, həddə işlədilməsi məsələsinə diqqət yetirilməlidir. Çünki özünü, öz imkanlarını qeyri-adekvat, həddən artıq çox yüksək qiymətləndirən uşaqlarda da bəzən arxayınçılıq hissi formalaşır, müvəffəqiyyət qazanmaq üçün lazımı səy göstərmirlər. İnsan fəaliyyətinin əsasında tələbatların durduğunu nəzərə alaraq, uşaqda aktivliyə, yüksək məqsədlərə tələbat yaratmaq lazımdır. Yəni, uşaqdakı liderlik potensialının inkişafı məqsədilə onun aktivliyi üçün lazımi şərait yaradılmalıdır.
Psixoloqun verdiyi məlumata görə, uşaqlarda “Mən özüm” dövrü, müstəqillik hissi 2-3 yaşından inkişaf etməyə başlayır. Məhz bu dövrdə uşaq ətraf mühiti ”özüm yeyim”, ”özüm edim”, “özüm baxım” və s. kimi ifadələrlə sərbəst öyrənməyə cəhd edir. Buna görə də, bu məsələdə valideynlərin əsas vəzifəsi uşağa aktivlik üçün təhlükəsiz şəraitin yaradılmasıdır. Uşağa ifrat himayə və yaxud onun sərbəstliyi üçün kifayət qədər təhlükəsiz şəraitin yaradılması onda qətiyyətsizlik, özünəinamsızlıq, tez-tez köməyə ehtiyac hissi formalaşdırır ki, bu da sonradan həmin uşaqda asılılıq, tabeçilik mövqeyində durmağa meyli artırır. Valideynlərin uşağa yalnız özünün köməyə ehtiyac hiss etdirdikdə ona əl tutması tövsiyə olunur. Uşağ kiçik bir maneə ilə rastlaşdıqda tez köməyə can atıb, onun yerinə nəyisə etməyə cəhd etmək yaxşı deyil. Bunun əvəzinə, onun bu vəziyyətdən necə çıxması üçün fikirlərini soruşmaq, maneələrin dəf edilməsinə cəhdlərin edilməsinin vacibliyini başa salmaq daha məqsədəuyğundur. Uşaqların səhvlərinə qarşı səbirli olmaq, onların sərbəst qərarlar verməsi, öz fikirlərini irəli sürməsi üçün mümkün qədər şəraitin yaradılması valideynlərə tövsiyə olunur.
Hər birimiz həyatda səhvlər üzərində nəyisə öyrənirik. Buna görə də, həyatda ilk addımlarını atan insanın büdrəməsi, yıxılması normal qarşılanmalıdır. Burada ən əsası, büdrəyən uşağı tez qaldırıb ayaq üstünə qoymaq deyil, onun yanında olub, özünün durması, addımını atması üçün ruhlandırılmasıdır. Uşağı hər an səhvlərdən və onun nəticələrindən qorumağa çalışmaqdansa, onda qarşıya çıxan maneələri dəf etmə, gördüyü işi sona çatdırması üçün inadkarlığın, qətiyyətliliyin tərbiyə edilməsi zəruridir. Beləliklə də, liderlik keyfiyyətlərinin inkişafı üçün valideynlərdən uşaqlarına aciz, daima köməyə ehtiyacı olan, heç nə bacarmayan kiçicik bir varlıq kimi deyil, formalaşmaqda olan, özünəməxsus keyfiyyətlərə və zəngin potensiala malik bir şəxsiyyət kimi yanaşılması tələb olunur. Burada ən əsas məsələ, uşaqda olan potensialların inkişafında ona dəstək olmaq, onda özünə, öz bacarıq və qabiliyyətlərinə inam hissini formalaşdırmaqdır", - deyə psixoloq Yeganə Əskərova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə