“Obsessiv kompulsiv pozuntu insanın şəxsi və sosial həyatına mənfi təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.
Psixoloq bildirib ki, obsessiya düşüncə, kompulsiya isə hərəkətə gətirmə mənasını verir: “Obsessiya insanın beyninə gələn və beynindən çıxara bilmədiyi düşüncələrdir. Buna misal olaraq ən çox rast gəlinən obsessiyalar:
1. Bulaşma obsessiyası – şəxs oturduğu yerdən, geyimindən, ona toxunan insandan, puldan, təmas etdiyi bir çox əşyadan bulaşacağını düşünür. Mağazadan alınan qidalara “buna məndən əvvəl çox adam toxunduğu üçün təmiz deyil” ,- düşüncəsi ilə yanaşır. Bu tip insanlar bulaşdığını düşünərkən gün ərzində tez-tez əl yuya və ya duş ala bilirlər.
2. Kontrol etmə obsessiyası – Qapını bağlayıb təkrar yoxlamaq, “işığı, qazı söndürdüm, ya yox”?,- düşüncəsi yaranarkən geri qayıdıb yoxlamayanda narahatlığın artması.
3. Simmetriya obsessiyası-dolabdakı qabların sıra ilə səliqəli düzülüşü, stolun üstündəki qabların sırasının eyni olması və bu eynilikləri daim qoruma düşüncəsi.
4. Dini obsessiyalar- dindar insanın ibadət etdiyi zaman beyninə günah olan nələrinsə gəlməsi şəklində görülür. Bu düşüncə namaz qılarkən gəlirsə, günahkarlıq hissi yaranır və şəxs namaza yenidən başlayır, ibadət saatlarca davam edir.
5. Cinsi obsessiya- cinsi münasibətlərin istəməyərəkdən tez-tez ağıla gəlməsi və bu düşüncələrdən özünü günahkar hiss etmək.
6. Zərər vermə obsessiyası-ümumi olaraq yaxınlarına, ətrafdakı insanlara “zərər verərəm”,- düşüncəsi. Çox insanda ana, atanı yaralaya, öldürə biləcəyi düşüncəsi ilə rast gəlinir. Bu tip insanlar adətən evdə olan kəsici alətləri gizlədir. Zərər vermə obsessiyası insanın özünə zərər verməsi düşüncəsi ilə də görülə bilər.
Onun sözlərinə görə, kompulsiyanın ən çox rast gəlinən halları isə bunlardır:
1. Tez-tez əl yuma
2. Eyni hərəkətləri təkrarlamaq
3. Lazımsız əşyaları toplamaq
4. Yol gedərkən nələrisə saymaq
5.Hansısa əşyaya toxunmaq və s.
Bu pozuntu olan bir çox insan davranışlarının anlamsız olduğunun fərqində olsalar da, düşüncə və davranışların qarşısını ala bilmirlər.
OKP-nin müalicəsi psixiatr və psixoloq tərəfindən aparılır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə