"Uşaqları ayrılığa alət etməyək" - PSİXOLOQ İZAH ETDİ

"Düzdür, münasibətlər pisləşəndə daha çox uşaqlar əziyyət çəkir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq bildirib ki, ata-ana bütün hirslərini, nifrətlərini, bir-birinə olan münasibətini, qarşı tərəfi anlamamasını uşaqlara gətirib kökləyirlər: "Həm uşaqların yanında, həm də uşaqlara gətirib bunu danışırlar və uşaqları özlərinin şəxsi münasibətlərinə, şəxsi münasibətlərinin alınmamasına kontakt edirlər. Bu zaman, təbii ki, uşaq psixoloji travma yaşayacaq, uşaqda aqressiya, özünəqapanma, assosiallıq yaranacaq. Ailəsinə, ailə qurmağa qarşı, valideynlərinə, valideyn olmağa qarşı nifrət yaranacaq. Bu birmənalıdır. Amma biz münasibətimizi yetişkin kimi "bizdə alınmır" deyə bitirsək, əksinə olacaq.

Başa düşürəm ki, insanlarda bir-birinə qarşı aqressiya, bir-birini günahlandırmaq hiss olur. Bu, iki tərəfə də məsuliyyət vermirsə, bunu uzatmağın, uşaqda qarşı tərəfə nifrət oyatmağın heç bir mənası yoxdur. Əgər biz uşağa "ayrıldıq, amma dost qalırıq. Ər-arvad yox, dost oluruq. Sənin atan, anan olaraq qalırıq. Bunun səninlə mənim münasibətimizə aidiyyəti yoxdur. Biz boşansaq da, ayrı evlərdə yaşasaq da, atan, anan olaraq qalmaqda davam edirik. Sənin məsuliyyətini həmişəkindən də çox üzərimizə götürürük. Bizim ayrılmağımızın səninlə əlaqəsi yoxdur" desək, izah etsək, bu zaman uşaq adi qarşılayacaq və bundan utanmaq, travma yaşamayacaq. Çünki valideynin hansısa hadisəyə reaksiyası nə olursa, uşağın da reaksiyası eyni olur. Uşaq da gündəlik pis münasibətdə hər gün baş verən davadan, kinlə baxan atadan, anadan canını qurtarır. Amma bunun əvəzinə xoş münasibət, sakitlik, qayda-qanun görürsə, uşaq da buna normal baxacaq. Bu normal baxış onda travma yaratmayacaq".

"Biz çalışmalıyıq ki, problemimizi özümüz həll edək. Uşağı buna alət etməyək. Bəzən ana atadan intiqam almaq üçün uşağı ataya qarşı öyrədir. Ata bəzən uşağı anaya qarşı öyrədir. Bunları buraxmaq lazımdır. Onsuz da, səndə münasibət alınmayıb. Heç kim boşanmaq istəməz. Amma bu, yaşanmaz hala gətiribsə, cəmiyyətə, uşaqlara ziyan verirsə, deməli, toksik ailədir. Toksik münasibəti davam etdirməyin heç bir xeyri yoxdur. Qanqrena verən əl-ayaq kimidir, vaxtında kəsib atmaq lazımdır ki, daha da çox zərər verməsin. Bir var ki, iki nəfər zərər görə, bir də var ki, uşaqlar və cəmiyyət zərər görə. Travmalı uşaqlardan cinayətkar, aqressiya dolu insanlar yaranır. İki nəfərin pis münasibətindən cəmiyyət də zərər görməyə başlayır. Ona görə də uşaqlara ata-anasını pisləməyərək normal şəkildə ayrılmaq lazımdır. Ümumiyyətlə, bizdə ayrılmağa qarşı təlatüm var. İnsan birləşər də, ayrılar da. Buna normal baxmaq lazımdır. Ayrılmaq istəməməyin səbəbləri araşdırılmalıdır. Münasibəti ayrılmağa qədər gətirmək lazım deyil. Əgər gətirmisənsə, bundan sonrasını daha səbrli olmaq, eyni səhvləri etməmək lazımdır" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə