Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcilar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamovun SİA-ya müsahibəsini təqdim edirik:
- Oruc tutmağın orqanizm üçün hansı faydaları var?
- Oruc tutmağın birinci faydası il ərzində yığılan toksinlərin orqanizmdən təmizlənməsidir. Misal üçün qara ciyər piylərdən, toksinlərdən azad olur. Orqanizmin çəkisinin azalması və çəkinin azalması ilə birlikdə müəyyən qədər toksinlərdən təmizlənmə baş verir. Həmçinin immun sisteminin, insan iradəsinin güclənməsini misal çəkmək olar. Orucla qan təzyiqi, mədə-bağırsaq həzm sistemi balanslaşır. Birinci növbədə immun sisteminin güclənməsini göstərə bilərik. Orucun faydaları çoxdur, saymaqla bitməz.
- Kimlərə oruc tutmaq olmaz?
- Təbii ki, həkim məsləhət görmədiyi insanlar oruc tuta bilməzlər. Hansı ki, mədə-bağırsaq xəstəliyindən, yaxud qan-damar xəstəliyindən, təzyiqdən, şəkərli diabetdən əziyyət çəkirlər. Bu insanlar oruc tutmasalar daha yaxşı olar.
- Sahurda hansı qidaları qəbul etməliyik?
- Oruc tutanlar sahurda mütləq saf su içməyə diqqət etməlidirlər. Qazlı içkilərdən çəkinmək lazımdır. Çünki qazlı içkilərin tərkibində lazım olan minerallar olmadığına görə gün ərzində insan susayır. Orqanizm istədiyini ala bilmir. Orqanizmə istədiyini verə bilmədiyimiz təqdirdə bizə əks təsir göstərməyə başlayır. Əgər saf su içsək, gün ərzində su tələb etməyəcəyik. Ona görə duzlu qidalardan, hansı ki, işlənmiş ət məhsulları, rəngli, qazlı içkilər, konservlər, duza, hisə verilmiş balıq, kolbasalardan uzaq qalmaq lazımdır. Səhər-səhər bədəndə faydalı təsirini saxlayan, özündə mineral, vitaminlər ehtiva edən mövsümü meyvə və tərəvəzlərə, ağartı məhsullarına, kərə yağına, xama, kəsmikə üstünlük verilməlidir. Süfrədə mövsümü meyvələrdən hazırlanan salatlar və salatların içində zeytun yağı olmalıdır. Zeytun yağı "Omega 3" ilə zəngindir və faydalıdır. Səhər vitaminli, karbohidratlı qidalara üstünlük verilsə, gün ərzində oruc tutmaq da sadə olar. Eyni zamanda yumurta mütləq olmalıdır. Yumurta özündə amin turşularını ehtiva edir, tərkibində "Omega 3" var, qida dəyəri də çox yüksək olduğuna görə B vitamini ilə zəngindir. Ona görə oruc tutan insanlara yumurta yemək tövsiyə olunur.
- Aqressiv qidalanma nədir?
- Axşam sahurda isə aqressiv qidalanmaqdan uzaq durmaq lazımdır. Ac qalan insan istəyir ki, hər şeydən yesin, dayanmadan yeyir. Mədə gün ərzində boş qaldığı üçün mədəyə əvvəlcə su qəbul etmək lazımdır. Bunun elmi tərəfi var. Oruc su ilə açılmalıdır, çox vaxt xurma ilə açırlar. Bu, qan təzyiqini qaldırır. Susuz qalan orqanizmdə qanda laxtalanma gedir. Laxtalanmanın qarşısını almaq üçün mütləq orucu su ilə açmaq lazımdır. Su ilə iftarı açandan sonra şorba, xurma yeyə bilərlər. Şorbadan sonra namaz qılına bilər. 10 dəqiqə vaxt keçdikdən sonra salat yemək olar. Tələsmədən, az-az yeməlidir. Balıq yeməyi məsləhət görərdim. Balıq zülaldır, fosfor, omega3 və müxtəlif vitamin və minerallar var. Həm də yüngül zülaldır. Təbii ki, ət də yemək olar, amma ət tam bişmiş olmalıdır ki, mədə rahat həzm etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə