Azərbaycanın İraqdakı səfirliyi tərəfindən Bağdadın “Babylon Rotana” otelində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə İraqın dövlət və hökumət üzvləri, bu ölkədəki səfirlərin, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, türkmən soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə çıxış edərək 107-ci ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb.
Müvəqqəti işlər vəkili 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyini bildirərək, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal layihələrdən bəhs edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ölkəmizin öz müstəqilliyini qoruyub saxladığını və inkişaf etdirdiyini vurğulayıb.
E.Məmmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasətin öz uğurlu nəticəsini verdiyini və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının şanlı Ordumuz tərəfindən azad edildiyini bildirib.
Müvəqqəti işlər vəkili Azərbaycanın bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a növbəti ev sahibliyi etmək hüququ qazanmasının ölkənin iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin, səylərinin tanınmasının bariz nümunəsi olduğunu söyləyib.
Azərbaycan-İraq ikitərəfli əlaqələrindən söhbət açan müvəqqəti işlər vəkili iki ölkə arasında mədəni, dini və tarixi dostluq əlaqələrinin hazırda elm, təhsil, mədəniyyət, iqtisadiyyat, energetika, investisiya sahələrini əhatə etdiyini, siyasi münasibətlərimizin ikitərəfli əsasda, eləcə də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirildiyini qeyd edib.
Rəsmi çıxışlardan sonra ölkəmizə həsr olunmuş 2 videoçarx nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə