"Tesla” şirkətinin rəhbəri İlon Mask keçən həftə Ostin (Texas ştatı) küçələrində iyun ayının sonunadək pilotsuz taksilərin istifadəyə veriləcəyini vəd etsə də, bir sıra mənbələrin verdiyi məlumata görə, bu məqsədlə zəruri razılaşdırmaların çoxu hələ də həyata keçirilməyib. SİA “Fortune” nəşrinə istinadla xəbər verir ki, “Tesla” hələ Ostinin fövqəladə hallar xidmətləri ilə mümkün qəzalar zamanı pilotsuz taksilərlə necə davranmaq barədə təlimlər keçirməyib. Halbuki bu cür təlimlər digər şirkətlər üçün xidmətə başlamazdan əvvəl mütləq qaydada təşkil edilir. Hətta “Tesla” bu mövzuda aidiyyatı qurumlara heç bir yazılı təlimat da təqdim etməyib.
Bundan başqa, “Tesla” pilotsuz taksilərinə SAE klassifikasiyasına əsasən avtonomluq dərəcəsi də verməyib ki, bu da servisin işə düşməsi üçün zəruri prosedurdur. Bununla belə, şirkət bu həftənin əvvəlində Ostindəki pilotsuz nəqliyyat üzrə işçi qrupun iştirakı ilə öz robotaksi prototiplərini qapalı təqdimatda nümayiş etdirib. Tədbirdə fövqəladə hallar xidmətlərinin nümayəndələri də iştirak ediblər, lakin onlar da heç bir konkret texniki göstəriş almayıblar. Tesla rəsmiləri yalnız bildirib ki, bütün lazımi məlumatlar sonradan təqdim olunacaq. Şəhər rəsmiləri isə qeyd ediblər ki, indiyədək Tesla bütün tələb olunanları yerinə yetirib və ona qarşı inamsızlıq yoxdur.
Texasın fövqəladə hallar xidmətlərini nisbətən sakitləşdirən məqam isə budur ki, “Tesla”nın sınaqdan keçirdiyi robotaksilər artıq tanış olan Model Y krossoverlərinin bir qədər dəyişdirilmiş versiyaları olacaq. Şirkət bu planları yerli qurumlarla əvvəlcədən razılaşdırıb və məsləhətləşmələrdən sonra həmin planlara dörd düzəliş edilib, lakin onların detalları açıqlanmır.
Şəhər hakimiyyəti “Tesla”dan lazım olan sənədləri yalnız xidmət tam fəaliyyətə başlayandan sonra tələb edə bilər, bu səbəbdən şirkət razılaşdırma müddətinə rəqabətçilərlə müqayisədə daha rahat yanaşır.
Layihənin ilkin mərhələsində yalnız Ostinin müəyyən edilmiş rayonlarında 10–20 ədəd Model Y bazasında hazırlanmış robotaksi fəaliyyət göstərəcək. Zərurət olduqda uzaqdan operatorlar onların idarəetməsinə müdaxilə edə biləcəklər. Bundan başqa, bu avtomobillər fövqəladə xidmət nəqliyyatının səs siqnallarına reaksiya vermək üçün daha yaxşı təchiz olunacaq. Lakin Tesla hələ də bu avtomobillərin SAE təsnifatına əsasən avtonomluq səviyyəsini Ostin meriyasına bildirməyib. Halbuki digər şirkətlər bunu əvvəlcədən ediblər. Məsələn, Kaliforniyada Tesla öz FSD (Full Self-Driving) sistemini rəsmi olaraq ikinci səviyyəli avtonom sistem kimi təsnif etmişdi. Güman edilir ki, bu yanaşma şirkətə üçüncü səviyyəli sistemi rəsmi icazə olmadan faktiki test etmək imkanı verir.
ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Federal İdarəsi (NHTSA) iyunun ortalarınadək “Tesla”dan FSD proqram təminatının təhlükəsizliyi ilə bağlı sorğuya cavab gözləyir.
Qeyd edək ki, İlon Mask texnologiyaların tətbiqində verdiyi vədlərin vaxtında yerinə yetirməməsi ilə tanınır. 2019-cu ildə o, 2020-ci ilədək ABŞ yollarında 1 milyon robotaksinin fəaliyyət göstərəcəyini bəyan etmişdi. 2022-ci ildə sükan və pedal olmayan xüsusi robotaksilərin 2024-cü ildən istehsalına başlanacağını vəd etsə də, bu da baş vermədi. Hazırda isə iki nəfərlik, iri baqaj bölməsi olan və ənənəvi idarəetmə elementləri olmayan “Cybercab” modelinin kütləvi istehsalına yalnız 2026-cı ildən tez başlanacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə