"Prezidentin imzaladığı əfv sərəncamı böyük sevinc və ümid mənbəyi olmuşdur" - ŞƏRH EDİLDİ

"Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv sərəncamı nəticəsində azadlığa buraxılan şəxslərdən ən azı 220 nəfəri üçün bu hadisə böyük sevinc və ümid mənbəyi olmuşdur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, ümumilikdə isə, indiyədək dövlət başçısının imzaladığı müxtəlif əfv sərəncamları sayəsində minlərlə vətəndaş cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilmişdir: "Bu fakt Prezidentin humanizm prinsiplərinə, insan hüquq və azadlıqlarına yüksək dərəcədə önəm verdiyini təsdiqləyən mühüm göstəricidir. Əfv aktları cəmiyyətin reinteqrasiyasına və sosial ədalətin təmininə xidmət edən hüquqi-siyasi alət kimi qiymətləndirilməlidir.

Eyni zamanda bu, islah olunanların yeni həyata başlaması kimi, yeni imkanlar kimi qiymətləndirilməlidir. Məhkumiyyət müxtəlif səbəblərdən olur. Amma bütün hallarda, bütün məhkumiyyətlərin bir ümumi xüsusiyyəti var ki, ümumiyyətlə, hüquq və qanun pozuntusu zamanı baş verir. Amma bu, təsadüfən, düşünülmüş və yaxud bəzən emosional vəziyyətdə baş verirsə, insanlara yenidən öz həyatlarında səhifə açmaq üçün imkanlar tanımaq lazımdır. Bunun adı isə humanizmdir.

Azərbaycan Prezidentinin də xalqımızın humanist dəyərlərinə söykənərək əfv sərəncamları imzalaması artıq bir ənənə halını alıbdır. Bu, Azərbaycan vətəndaşları, məhkum yaxınları, valideynləri və ictimaiyyət tərəfindən çox təqdir olunan və yüksək qiymətləndirilən bir hadisədir"- deyə o əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə