Qadınların ikinci dəfə evlənməsi niyə cəmiyyətdə ikrah hissi doğurur? - ARAŞDIRMA
Ölkəmizin qadınları daim çox fədakar olub. Onlar övladları, ailəsi və ən əsası başqalarının düşüncələri üçün öz xoşbəxtliklərini heçə sayacaq qədər fədakardırlar. Amma son müşahidələr göstərir ki, bu, daha çox keçmişdəki qadınlara aiddir. İndiki gənc anaların əksəriyyəti “Yalnız xoşbəxt ana sevgi dolu övlad böyüdə bilər” düşüncəsindədir. Bəs, həqiqətən də belədirmi?
İlk olaraq qeyd edək ki, heç bir qadın öz xoşbəxtliyini məhv edib boşanmaq istəməz. Əgər boşanırsa, biz bilməsək də, deməli, orta ciddi səbəblər var. Bəziləri bu səbəbləri dilinə alıb hallandırsa da, açıqlamaqdan çəkinənlər də az deyil.
Bizdə belə bir düşüncə var ki, kişi uşaqlarına yaxşı atadırsa, evinə də yaxşı baxırsa, deməli, o, ideal ərdir. Yaxşı baxmaq dedikdə də evə yaxşı bazarlıq etmək və nədənsə korluq çəkməmək nəzərdə tutulur. Amma niyəsə qadınları anlamaq istəməyənlərin sayı çoxdur. Boşananda birinci qadını qınayırlar ki, "Qadın ailəsini qoruyar", "Nə istəyirsən, bir əlin yağda, bir əlin balda", "Sən necə qadınsan ki, ailənin dağılmasına icazə verirsən?", "Döz otur, adınızı batırma", "El-aləmi özünə güldürmə". Qınamaq asandır. Amma heç kim pərdə arxasında baş verənləri görmək istəmir. Kim bilir, bəlkə boşanan qadın psixoloji və fiziki şiddətə məruz qalır, yaxud başqasının bir gün belə susub otura bilməyəcəyi şeylərə susur. Bunları dilinə alıb səsləndirmir deyə onu qınamaq nə dərəcədə doğrudur?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Qadınlar nə istəyir?
Qadınların 99 faizinin istədiyi ən vacib üç şey var: Sevgi, diqqət və qayğı. Mən inanmıram ki, bu üçü ilə də təmin olunan qadın nə vaxtsa boşanmaq haqqında düşünsün. Üstəlik, söhbət bizim fədakar qadınlarımızdan gedirsə. Çünki bizim qadınlar güzəştə getməyi çox bacarır.
Uşaqlarıma görə dözürəm?
Bu zaman uşaqlarınıza da yanlış örnək ola bilərsiniz. Bu, o deməkdir ki, "Mənim kimi valideyn ol. Yəni, həyatda səndən, sənin xoşbəxtliyindən dəyərli və vacib amillər var. Səndən vacib el qınağı və başqalaırnın fikirləri var". Bu ona özünü dəyərsiz hiss etdirər, həyatda özünü daim ən sonuncu planda görər. Uşaqlara bu mesajı ötürürsünüz ki, "Əslində, düzgün ailə belə olar". El arasında bu ifadələr nə qədər fədakar görünsə də, əslində çox eqoistcədir. Bu zaman uşaq da yaş irəlilədikcə daim özünə dərd edəcək ki, "Mən varam deyə, anam ayrılmır", "Mənə görə dözür", "Mən olmasaydım anam xoşbəxt olardı".
Bir nümunəyə baxaq. Anası boşanmayan bir qız psixoloqun boşanma haqqında olan mətninin altına yazıb ki, "Anam vaxtında boşanmadı. Nəticədə nə oldu? Geriyə psixologiyası pozulmuş, həyatda özlərinə yer tapa bilməyən travmalı 4 uşaq və min cür xəstəlik tapan nevroz qadın qaldı. Biz heç vaxt anamıza dözdüyünə görə çox sağ ol demədik. Həmişə "Kaş gənc olarkən boşanardın" dedik".
Niyə uşaqlarına görə dözmək qadınlara yüklənir. O halda kişilər də düşünsün ki, uşaqlarıma görə yanlış etməyim, ailəmi dağıtmayım. Niyə yalnız qadınlardan həyatlarını uşaqlarına görə qurban vermək gözlənilir? Kişidən bunu istəmək olmur? Məsələn, yoldaşı rəhmətə gedən kişi də uşaqlarına görə dözsün və evlənməsin. Öz xoşbəxtliyi üçün övladlarını ögey anaya əmanət etməsin. Boşanma olmaması üçün kişi də, qadın da birgə addımlamalıdır. Hər bir fədakarlığı qadınlara yükləmək doğru deyil.
Gəlin, bir az misallara nəzər salaq.
Bir tanış var, iki bacıdırlar. Anaları boşanıb və ikinci dəfə ailə həyatı qurub. İki bacı bunu hər kəsdən sanki günahmış kimi gizlədir. Baxırsan ki, savadlı qızlardır, dünyagörüşləri var və əsla bunu qınayacaq düşüncəyə də sahib biri deyillər. Sadəcə, cəmiyyətin qınağı onları analarının ikinci dəfə xoşbəxt olmağından utanmağa sövq edir.
Bir bloger var, onun da anası ikinci dəfə evlənib. Qınaqdan o qədər təngə gəlib ki, hər Allahın günü sübut etməyə çalışır ki, bəs, mən evin tək övladıyam, anam da mən evləndikdən sonra yalnız qalmasın deyə evləndi. Xüsusilə vurğulayır ki, “Mən evləndim, anam məni yola saldı, daha sonra özünə yeni bir səhifə açmaq qərarına gəldi”. Həmin blogerin atası da ikinci dəfə ailə qurub. Amma buna görə onu heçkim qınamır. Suallar yalnız xanımın anasının evliliyi ilə bağlıdır. Onu təngə gətiriblər ki, “Bəs, ananızın evliliyini necə qəbul etdiniz?”, “Ananız nə yaxşı evləndi?”, “Yoldaşınızın ananızın evlənməyinə reaksiyası nə oldu?”. Bu, sadəcə, ürək bulandırmaqdan başqa birşey deyil.
Başqa məşhur bir bloger var ki, bu yaxınlarda ikinci dəfə ailə həyatı qurub. Ondan sıx-sıx soruşurlar ki, “Bəs, övladınız sizin evliliyinizə necə razılıq verdi?”. Qadın bir tərəfdən heç tanımadığı birinin ona belə şəxsi sual verməsinə təəccüblənir, bir yandan da boş tənqidlərlə baş etməyə çalışır. Çünki qarşısında yeniyetmə yaşlı qızı olduğu halda evləndiyi üçün onu qınayan bir kütlə var. Lakin bu qadın bir şeyi unudur ki, insanlar onlara aidiyyatı olmayan şəxsi suallar verməyi sevirlər.
Bir çox halda qadınların düşməni elə öz həmcinsləridir. Elə bu qadını qınayanların 70 faizi də həmcinsləri idi. Ona “Özü boyda qızı var, ər axtarır”, “Bu yaşda evlənmək eşqinə düşüb”, “Utanmır özünə hələ bir toy da edir”, “Nə məcbur idi bir də evlənəsən”, “Mən,heç vaxt qızım ola-ola evlənməzdim” kimi qeyri-etik iradlar bildirilir. Axı, insanlar niyə həyat norması olaraq qəbul etməli olduqları məsələləri belə çətin və qorxulu hala salır? Niyə hələ də anlamırlar ki, bir evlilik bitə bilər, insanlar boşana və özlərinə yeni həyat qura bilərlər. Necə ki kişilər boşandıqdan sonra ikinci, üçüncü və hətta beşinci dəfə evləndikdə bu normal qarşılanırsa, niyə eyni anlayış qadınlara da göstərilmir?! Niyə kişilərin həyat yoldaşı rəhmətə getdikdə, yaxud boşandıqda “Kişi xeylağıdır, pal-paltarını yuyan, qabağına bir loxma çörək qoyan, qulaq yoldaşı lazımdır” deyirlər, amma qadınlara “Qadındır, xoşbəxt olmağa, sevilib-sevilməyə onun da haqqı var” deyilmir?! Belə çıxır ki, həyatda şansı gətirməyib boşanmış qadın ömür boyu bədbəxtliyə məhkumdur?! Onun gülməyə, sevməyə, sevilməyə və əylənməyə haqqı yoxdur?!
Kişilərin qınağı bir kənara qalsın. Qadının qadını qınaması dəhşətdir. Adətən xoşbəxt olmayan və mühafizəkar qadınlar başqa qadınları xoşbəxt görmək istəmir. Məsələn, baxır ki, boşanmış qadındır və xoşbəxtdir, yaxud ikinci dəfə ailə həyatı qurub xoşbəxt olub, yaxud da inkişaf edib və uğurludur, özünə iş qurub. Həmin qadın başlayır öz həmcinsini qısqanmağa, ona bəxtəvərlik verməyə, yaxud da onu şərləməyə. Buradan da o nəticəyə gəlinir ki, bəzi insanlar həqiqətən də başqasının xoşbəxtliyini həzm edə bilmirlər.
Unutmayın ki, ana olmadan öncə hər kəs bir qadındır və bu, uşaqların dünyaya gəlməsi ilə nə ölməli, nə də dəyişməlidir. Xoşbəxt olmaq hər bir insanın haqqıdır.
Boşanmağı təbliğ etmək doğru deyil. Amma xoşbəxt valideyn olmayan evdə sağlam düşüncəli övlad da yetişdirilə bilməz. Bu geriyə sadəcə travmalı uşaqlar qoyar. Həyatda heç kim heç nədən sığortalanmayıb. İnsanları qınamadan öncə bunu dəfələrlə düşünmək lazımdır.
Qadınların ikinci dəfə evlənməsi niyə cəmiyyətdə ikrah hissi doğurur?
Psixoloq Fidan Nizamova: “Cəmiyyətimizdə hələ də qadınlar ikinci dəfə ailə həyatı qurduqda qınanılır və çoxlu suallar olur. Qız analarının xüsusilə qınanılmasının da səbəbi odur ki, "Ana qız uşağının təhlükəsizliyini düşünmür". Yəni, bu ana cinsi istismar və zorakılıq kimi hallardan qızını qorumamış kimi hesab edilir. Əslində, bu, ciddi bir addımdır. Çünki nə qədər acı olsa da, bütün dünyada doğma ata, əmi, dayı və qardaşların qız uşaqlarına qarşı zorakılıqetmə faktı var. Yad bir kişinin kiçik qız uşağı ilə bir evdə olması insanlarda suallar doğurur. Ortaya belə bir sual çıxır ki, "Bəs, bu qadınlar ikinci dəfə ailə qurmasınmı?". Əlbəttə, qursunlar. Məsələ bu deyil. İstismarı əgər doğma insanlar belə öz yaxınına edirsə, burada əsas olan qarşı tərəfin psixoloji sağlamlığıdır. Əgər insan kiçik yaşlı uşaqlara cinsi meyl göstərirsə, bu psixoloji pozuntudur. Bəzən qadınlar soruşur ki, "Biz bunun qarşısını necə ala bilərik?". Heç kəsin alnına yazılmır ki, o pedofildir. Bəzi şeylər var ki, insan bunu özü-özündə hiss edə bilmir və anidən baş verir.
Qadınları qınamaq lazım deyil. Onlara necə dəstək verə biləcəyimizi və onları necə anlayacağımızı düşünməliyik. Kənardan qınamaq necə də asandır. Qadın tək yaşayanda da qınanılır ki, "Bu cür həyat tərzi yaşayırsan". İnsanlara tövsiyəm odur ki, empati qurmağı və özünü başqasının yerinə qoymağı bacarsınlar.
İkinci tövsiyəm də odur ki, ikinci dəfə ailə quran qadınlar daha çox camatın qınağına diqqət etməkdənsə, ailə qurduğu insanı daha yaxşı anlamağa və tanımağa çalışsınlar. Onun psixoloji durumunu süzgəcdən keçirsinlər.
Bəlkə də hər kəs bu qadınları pis niyyətlə qınamır. Amma qınamaq yaxşı birşey də deyil. Bəzən insanlar bunu bir-birilərini qorumaq və yaxud ayıltmaq üçün qınaq vasitəsindən istifadə edirlər. Amma icazə alıb faktlarla insanlara tövsiyə vermək daha yaxşıdır. Bu zaman həm özümüzü daha faydalı hiss edərik, həm də qarşı tərəf aqressiya saçmaz".
Bəs, qadınların ikinci dəfə ailə qurması dində necə qarşılanır?
Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: "Həyatdır, ola bilər ki, insanlar ikinci dəfə ailə həyatı qursun. Dinimizdə kişi də, qadın da ailə qurmaqda azaddır. Övladı olan qadın da dində növbəti dəfə ailə qura bilər. Amma artıq ikinci dəfə yüz ölçüb, bir biçmək lazımdır ki, yenidən eyni hadisələr onun başına gəlməsin.
Ailələrdə boşanma halları baş verirsə, valideynlər onlara diqqətli olmalıdır. Bu məsələlərdə böyüklər bacardığı qədər gənc ailənin məsələsini araşdırmalı, imkan varsa ailəni barışdırmalı, onun dağılmasının qarşısını almalı və gənclərə dəstək olmalıdır. Buna hec cür imkan yoxdursa, bunun özü də son məqamda rəhmətdir. Yəni, başqa faciələr baş verməsin deyə, başdan onların ayrılması daha doğrudur. Dinimizdə bu məsələyə belə yanaşılır.
Boşanmış qadının qarşısına düzgün biri çıxırsa, o ailə qura bilər. Bu zaman kişinin də, qadının da övladları onlara oğul və qız kimi yanaşmalıdır. Bunlar ailə quran zaman müzakirə edilməlidir.
İslam qadının hətta üçüncü dəfə də ailə qurmasına qadağa qoymur. Allah ailələrimizi daim xoşbəxt etsin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə