Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq? - REPORTAJ - FOTOLAR

Kitablar həqiqətən həyatımızda bəzən dönüş nöqtəsi təşkil edəcək qədər vacibdir. Heç ağlınızdan keçməyən ideyalar və maraqlı fikirlər kitab oxuduqdan sonra beyninizdə öz yerini ala bilir.

Kitab oxumaq fərdlərin inkişafına böyük təsir göstərir. Bunun insanların təfəkkür və təxəyyülünü təkmilləşdirmək, söz ehtiyatını artırmaq, insanlara müxtəlif təcrübə və biliklər vermək kimi bir çox faydaları var.

Lakin təəssüflər olsun ki, yeni nəsil gənclər kitablardan bir qədər uzaqdır. Onların diqqətini daha çox müxtəlif seriallar, filmlər, sosial şəbəkələr və mobil oyunlar cəlb edir. Elə bu səbəbdən də bu gün bir çox kitabxanalar boş qalıb. Çünki yeni nəsil oxucu kütləsi azdır.

SƏS TV olaraq Elmlər Akademiyası metrostansiyası ərazisində olan səyyar kitabxana piştaxtası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanası ilə tanış olduq və orada olan mənzərə ilə yaxından maraqlandıq.

Kitabçı və yazıçı, Üçbucaq Kitab Evi və Nəşriyyatının təsisçisi Tural İlyas: “Bura bizim öz stendimizdir və dostlarımızla birlikdə kitab satırıq. Daha çox kitab alanlar 18-25 yaş aralığındakı tələbələrdir. Amma tarixi, fəlsəfi və ciddi kitabların, adətən, 25-35 yaşlı auditoriyası var.

18-25 yaş auditoriyanın cəmi 10-20 faizi ciddi kitab oxuyur. Bunların da mövzusu tarixi, fəlsəfi və araşdırma romanlarıdır. Təəssüf ki, yerdə qalan 70-80 faiz isə dedektiv, romantika, bulvar ədəbiyyatı və bu tip daha qeyri-ciddi ədəbiyyat oxuyurlar.

Ən bahalı kitabımız Osmanlı tarixinə aiddir və 46 AZN-dır. Ən ucuz kitabımız isə 70 faiz endirimlə 1 manata olan kiçik cib kitablarıdır”.

Reportaj əsnasında qarşılaşdığımız aktyor, rejissor Kənan MM (Mahmudov): “Daha çox Elxan Elatlını və dedektiv kitabları oxuyuram. Əgər kimsə xətrimə dəyərsə, bu zaman da fəlsəfə oxuyuram.

Serial və ssenari dönəmindən uzaq qaldığım vaxtlarda hər gecə yatmazdan öncə 10 səhifə kitab oxumağı qarşıma şərt qoymuşam. Təəssüf ki, buna yalnız gecələr vaxtım olur. Amma iş olmayan boş vaxtlarımda kitabı yarılayıb oxuyuram.

Daha çox isə bədii əsərlərə üstünlük verirəm. Viktor Hüqonun "Səfillər" romanı mənim üçün çox maraqlıdır. Son zamanlar fəlsəfə oxumağa da çox maraq göstərirəm.

Sosial şəbəkələr və seriallar insanların kitab oxumağına maneə olsa da, oxumaq istəyənə bu əngəl deyil. Bu amil sadəcə oxumaq istəməyənlər üçün bəhanədir. Məsələn, mən Fyodor Dostoyevskini oxuyurdum. 800 vərəq idi və səbrim çatmadı. Çünki göz yorulur, həm də vaxtım olmur. "Youtube"də həmin kitabın səsli versiyası var idi və elə bil ki, kimsə sənin üçün nağıl danışır. Amma təbii ki, bu, normal kitab oxumağın yerini vermir.

Mənim kitab mövzusunda ən evdiyim nüans isə onun qoxusudur. Əlin kitaba dəydikdə sanki onun və hadisənin içində olduğunu hiss edirsən".

Alıcı Xumar Babazadə: “Daha çox marağımı şəxsi inkişaf kitabları cəlb edir. Çünki indiki zamanda insanlar daha çox inkişafa yönəlib. Yerimizdə saymaqla inkişaf edə bilmərik.

Mənə dedektiv romanlar da çox maraqlı gəlir. Hal-hazırda isə kitab axtarıram və çox çətinlik çəkirəm. Çünki hər biri bir-birindən gözəldir.

Gündəlik ən azı 10 dəqiqə kitab oxumağa zaman ayırıram. Bunun üçün əlimdən gələni edirəm. Bu, həm şəxsi inkişaf, həm də mental sağlamlığımız üçün çox önəmlidir. Ona görə də hər kəsə kitab oxumağı tövsiyə edirəm”.

Daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanası ilə tanış olduq.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya mərkəzinin direktoru Zinarə Həsənova bildirib ki, kitabxana 5 tədris binasında 6 ixtisaslaşmış xidmət bölməsi ilə oxuculara xidmət göstərir: "Sonuncu xidmət bölməmizi isə xüsusilə qeyd etmək istəyirəm. Belə ki, bu xidmət bölməmiz "SABAH magistratura" proqramı və Corc Vaşinqton Universiteti ilə ikili proqram çərçivəsində fəaliyyətə başlamışdı. Burada, əsasən, kitablar ingilis dilindədir.

Oxucu fəallığımız da yüksək səviyyədədir. Kitabxana təmir olunduqdan sonra sanki tələbə və müəllimləri daha çox cəlb edir. Qeyd edim ki, buradakı kitabların elektron variantları da var. Bir sözlə, oxucular üçün hər cür şərait yaradılıb.

Universitetimizin tələbə və müəllimləri üçün kitabxanaya üzv olmaq ödənişsizdir. Kənar şəxslərə isə kitablarımızı etibar etmək bir az risklidir. Tələbələr universitetimizə daxil olub tələbə bileti aldığı andan kitabxananın üzvü hesab olunur".

ADPU Ədəbiyyat kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ulduz Qəhrəmanova: “Müəllimlər olaraq nə zaman boş vaxt tapdıqda kitabxanamıza üz tuturuq. Burada mütəmadi olaraq kitab oxuyanlar bilir ki, mən bir müəllim olaraq bu oxu zalından çox istifadə edirəm. Çox yaxşı sakitlikdir.

İlk olaraq gənclər kitab oxumağı sevməlidir. Əgər az da olsa sevgi olmasa onlar üçün çox çətin olacaq. Bilirik ki, onlayn platformalar, sosial şəbəkələr və müxtəlif seriallar gəncləri bu müstəvidən uzaqlaşdırır. Bir müəllim kimi müşahidə edirəm ki, tələbələr daha çox dərs vəsaitləri oxuyur. Bədii əsərləri oxumağı tələbələrə daha çox məsləhət görürəm. Bu, onların söz ehtiyatını da xeyli artıracaq. Kitaba hörmət etmək və ona dəyər vermək lazımdır.

Kitab oxumaq uşağa ilk olaraq ailə tərəfindən aşılanmalıdır. Uşaq evdə kitab görmürsə, mən inanmıram ki, onu sevə bilər. Kitaba yer ayrılmayan ailədə uşaq kitaba hansı dəyəri verə bilər?! Çox təəssüf, müasir ailələrdə rast gəlirik ki, evdə kitabdan başqa hər bir şey var. Kitabı sevdirmək üçün birlik olmaq lazımdır”.

ADPU tələbəsi Gözəl xanım: “Bir gəncin kitab oxuması ilə onun ailəsinin böyük əlaqəsi var. Bizim evdə kitabxanamız var. Mən uşaq olarkən evdə anam və atam daim kitab oxuyub. Bu da adamı çox həvəsləndirir.

Mən də gələcəyin müəllimiyəm və sinifdə yaratdığım mühitdə istəyirəm ki, şagirdlər kitab oxumağa həvəsli olsunlar. Bunu onlara aşılayacağam. İndiki gənclər kitab oxumağa tənbəllik edir. Buna əngəl olan isə müxtəlif oyunlar, internet və sosial şəbəkələrdir”.

ADPU Filologiya Fakültəsi 4-cü kurs tələbəsi Ləman Kərimova: “Nə qədər boş vaxtımız varsa, çalışırıq bunu kitabxanada dəyərləndirək. Elə dərs kitabları var ki, tələbəyik və onları ala bilmirik. Bu kitabları onlayn oxumaqdansa, çalışırıq kitabxanada zaman keçirərək oxuyaq.

Mənə kitabları sevməyi, ilk olaraq, babam aşılayıb. Babam uşaqlıqdan bizə o qədər nağıllar danışıb ki, artıq bizdə ta o vaxtdan maraq yarandı. Daha sonra isə ibtidai sinif müəllimim məni buna həvəsləndirib.

İlk bədii əsəri 13 yaşımda oxumuşam. Lakin bu yaşda əsərin mahiyyətini tam anlaya bilməmişdim. Sonradan oxuyub hər şeyi dərk etdim.

Mən düşünürəm ki, məktəblilər də əlavə kitablar oxumalıdır. Bunu koordinasiyalı şəkildə etsələr, dərslərinə mane olmaz. Burada valideynlər və müəllimlərin qarşılıqlı əməkdaşlığı olmalıdır ki, uşaqda kitaba maraq yaransın. Məsələn, abituriyentlər tarix fənnində keçdiyi mövzular haqqında kitab oxusalar, məncə, dərsi daha yaxşı mənimsəyərlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə