İnsanlar nə üçün fəsil dəyişkənliyindən təsirlənir? - PSİXOLOQLAR DANIŞDI

Artıq yay bitib və payızın ilk günlərini yaşayırıq. Payız romantik duyğuların oyandığı, xatirələrin yada düşdüyü fəsildir. İlin bu fəsli kimlərdəsə depresiya, tənhalıq və gücün tükənmə dövrüdür. Payızın gəlişi bir sıra hallarda əhval-ruhiyyənin pisləşməsinə, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bəs, insanlar niyə depressiyaya düşürlər? SİA mövzu ilə əlaqədar psixoloqların fikirlərini öyrənib.

Psixoloq Aytən Ələkbərova: "Tutqun havalar kimlər üçün cansıxıcı, kimlər üçün isə daha xoşdur. Bəzi pasiyentlər belə havalarda özlərini pis hiss etdiklərini, bədənlərində ağrı olduğunu, işə getmək istəmədiklərini bildirirlər. Bu kimi hallar təbiidir və daha çox tükənmişlik sindromundan irəli gəlir. Bu sindromu yaşayan insanlar hər bir şeyin pis olduğunu düşünərək, bəxti olmadığını və göyüzünün də onlara ağladığını deyirlər. Bu insanlar özləri də bilmədən artıq payız depressiyasına düşmüş olurlar. Sadəcə olaraq depressiya adını qəbul edə bilmədikləri üçün günəşli havada yaxşı olduqlarını deyərək sanki özlərinə aldadırlar. Bu, insanlarda bəzən ürək döyüntülərinin artmasına gətirib çıxarır. Belə halın yaşanması xroniki təşvişin birbaşa baş qaldırması deməkdir. Xroniki təşvişdə olan insanlar belə havalarda öz-özlərinə psixoloji təsir edirlər”.

Psixoloq Vüsalə Əmiraslanova: “Ümumiyyətlə, fəsillərin dəyişməsi insan psixologiyasına təsir göstərən amillərdəndir. Xüsusilə də sentyabr-oktyabr və mart-aprel ayları insanların psixologiyasında müxtəlif dəyişikliklərə səbəb olur. Bəzən havaların anidən soyuması və ya istilərin düşməsi insanlarda depressiv vəziyyətə gətirib çıxara bilir. Bəzən bu hallarda insanlar çox emosional olurlar, münasibətlərində problemlər yaşayırlar. Bu, onların əmək fəaliyyətlərinin belə aşağı düşməsinə səbəb olur. Əgər köklü şəkildə problem yoxdursa, fəsil dəyişikliyini yüngül formada keçirmək mümkündür. İşləməyən, hər hansı bir hobbisi olmayan adamların problemləri daha çox olur. Buna görə də əsas məsələ həmin dövrdə insanların özlərini necə hiss etmələri və bu müddətin nə qədər davam etməsidir. Əgər uzun müddət depressiv hal davam edərsə, bu zaman artıq mütəxəssisə müraciət etmək lazımdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə