Donuz əti tərifinə görə, xüsusi olaraq ev donuzlarından əldə edilən ətin ümumi adıdır. Bu gün bir çox ölkələrdə donuz əti əhəmiyyətli miqdarda istehlak olunur. Bununla belə, həm dini səbəblərə görə, həm də donuz əti ilə bağlı yanlış məlumatlara görə çoxlu mübahisələr yaranır. SİA məsələylə bağlı araşdırma aparıb.
Donuz əti 36% istehlak nisbəti ilə dünyada ən çox istehlak edilən ət növüdür. Donuz ətindən sonra müvafiq olaraq 35% ilə toyuq və 22% ilə mal əti ən çox istehlak edilən ətlərdir.
Dünyada çox geniş yayılmış donuz əti istehlakı 1990-2012-ci illər arasında 104,2% artaraq bütün digər ət növlərini üstələyib. Donuz əti adətən bişmiş halda yeyilir, lakin bişməmiş və ya az bişmiş halda yeyilməsinə müxtəlif mədəniyyətlərdə də rast gəlinir. Donuz əti təkbaşına müxtəlif üsullarla bişirilərək istehlak edilə bilər, lakin o, kolbasa kimi emal edilmiş ət məhsullarının da əsas tərkib hissələrindən biridir.
İslamda donuz ətini yeməməyin səbəbləri:
İslamın hakim olduğu ölkələrin əhəmiyyətli bir hissəsində (məsələn, İran, Oman, Qətər, Səudiyyə Ərəbistanı və s.) donuz ətinin istehsalı və istehlakı tamamilə qadağandır. Lakin qeyri-müsəlman vətəndaşlarının da olduğu ölkələrdə (məsələn, Azərbaycan, Türkiyə, Misir, İordaniya, İndoneziya və s.) məhdud da olsa, donuz ətinə rast gəlmək mümkündür.
Quranın bir neçə ayəsində donuzlardan bəhs edilir, lakin Bəqərə surəsinin 173-cü ayəsində tamamilə açıq şəkildə donuz əti qadağan edilmişdir: "Allah sizə ancaq murdar əti, qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsilənləri haram etmişdir. Amma kimsə çətin vəziyyətə düşsə, haqsızlıq edib həddi aşmayınca onun üçün heç bir günah yoxdur. Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir".
Xristianlıqda donuz əti istehlakı əsasən icazəlidir, lakin bəzi məzhəblər yəhudi və ya Tövrata bağlı mənşələrinə görə donuz ətinin istehlakını qadağan edir.
Donuzlar nəcis yeyirlərmi?
Bəli. Bununla belə, donuzların nəcis yediyinə dair ümumi iddia sahibləri, əti yeyilən digər heyvanların nəcis yemədiyini güman edir. Halbuki ən çox istehlak edilən ağ ət olan toyuqlar həm öz nəcisini, həm də digər heyvanların nəcisini eşələyərək içindəki həzm olunmamış qidaları yeməyə çalışırlar. Bu, bizim üçün iyrənc səslənsə də, bioloji cəhətdən anormal davranış deyil. Həmçinin, donuzlar sadəcə ac qaldıqda nəcis istehlak etməyə üstünlük verirlər. Çünki nəcis digər qida mənbələrinə nisbətən daha az qida dəyərinə malikdir. Buna görə də alternativ (və "normal") qida mənbələri mövcud olduqda, donuzlar da nəcis yemək istəmirlər.
Çirkli mühitin riski yoxdur?
Bəli, var. Çirkli mühitlərdə daha riskli parazitlərin olması donuzu riskli heyvan edə bilər. Lakin sənaye şəraitində mal-qara və toyuqlar üçün vəziyyət çox da fərqli deyil:
Bəzən deyirlər ki, donuz ətində “bəzi toksinlər” toplanır. İddiaçılar nədənsə bu toksinlərin nə olduğunu və hansı tədqiqatlarda aşkar edildiyini izah etmirlər. Həqiqətən, donuzlarda xüsusi olaraq toksinlər və ya potensial zərərli maddələr topladığını göstərən heç bir akademik tədqiqat yoxdur.
Bu toksin iddiasının əsası budur ki, donuzlarda tər vəziləri yoxdur və buna görə də bədənlərindəki toksinlər atıla bilməz. Bu da tamamilə yanlışdır. Donuzlar məməlilərdir və bütün məməlilər kimi onların da bədənlərində tər vəziləri var. Məlum olduğu kimi, tər vəziləri bədəndən toksinlərin çıxarılmasının əsas yolu deyil. Tərləmənin əsas məqsədi bədənin istilik balansını qorumaqdır. Daxili orqanların və xüsusilə qaraciyərin orqanizmindəki funksiyası toksinləri təmizləməkdir. Donuz əti yediyimiz və tərləməyən yeganə ət növü deyil: məməlil olmayan toyuqlar və balıqlar da tərləmir.
Donuz əti ilə ən çox əlaqəli olan parazitlər "Taenia solium" və "Trichinella spiralis" adlı dəyirmi qurd növləridir. Bu parazitlər xaricində donuz ətinin digər ətlərdən əhəmiyyətli dərəcədə fərqlənmədiyini söyləmək olar. Bu canlılar insanlara yoluxduqda, həzm sistemində parazit olaraq yaşaya, insan orqanizmini işğal edə və sonda ciddi xəstəliklərə səbəb ola bilərlər.
Ancaq bunu unutmayın: donuz əti içərisində parazit olan yeganə ət deyil. Hər növ ətdə parazitlər var. Hətta istehlak etdiyimiz meyvə və tərəvəzlər ölümcül parazitlər ehtiva edir. Bu səbəbdən bu meyvə və tərəvəzlər çox yaxşı yuyulmalıdır. Qısa xülasə vermək üçün insanlara yoluxan ən çox yayılmış 10 paraziti və onların daha çox hansı mənbədən ötürüldüyünü belə sadalamaq olar:
"Taenia solium": Donuzdan
"Echinococcus granulosus": Meyvə və tərəvəzdən
"Echinococcus multilocularis": Meyvə və tərəvəzlərdən
"Toxoplasma gondii": Xırdabuynuzlu heyvan ətindən, donuz ətindən, biftekdən, digər ov heyvanlarından (xüsusilə qırmızı ət və orqanlardan)
"Cryptosporidium spp": Meyvə və tərəvəzdən, meyvə şirəsindən, süddən
"Entamoeba histolytica": Meyvə və tərəvəzlərdən
"Trichinella spiralis": Donuzdan
"Opisthorchiidae": Şirin su balığı
"Ascaris spp": (nazik bağırsağın yumru qurdları): Meyvə və tərəvəzlərdən
"Trypanosoma cruzi": Meyvə şirələrindən
Bundan əlavə, "Hepatit E" virusu isti iqlimlərdə yetişdirilən donuz ətində də aşkar edilmişdir. Bu xəstəliyə səbəb olan virus insanlara keçməzdən əvvəl donuzlarda yaşayır. "Hepatit E" dünyanın inkişaf etmiş ölkələrində nadir rast gəlinsə də, digər inkişaf etməmiş olan regionlarda donuzlar və ov heyvanları vasitəsilə yoluxmağa davam edir.
Problem ondadır ki, donuzlarla bağlı iddiaların əksəriyyəti təkcə donuz əti ilə bağlı problemlər deyil. Məsələn, mal ətinin müntəzəm olaraq həddindən artıq istehlakı xərçəng kimi xəstəliklərə səbəb olur və ömrü qısaldır. Eynilə, yuxarıda izah etdiyimiz kimi, bir çox başqa heyvanlarda da müxtəlif parazitlər var. Bununla belə, digər heyvanların ətində olduğu kimi, əgər donuz əti lazımi temperaturda düzgün qaydada bişirilirsə, bu parazitlərin insana keçmək ehtimalı azdır.
Bununla belə, mövcud elmi məlumatların işığında bunları söyləmək ola. Donuz əti digər ətlərlə müqayisədə əhəmiyyətli dərəcədə əlavə risk daşımır. Amma bütün ətin istehlakında olduğu kimi, donuz ətinin istehlakında da diqqətli olmaq lazımdır. "Qətiyyətlə donuz əti yeyilməməlidir". Belə bir iddianın heç bir elmi əsası yoxdur.
Bununla belə, donuz əti mütləq yeyilməli olan ət növü deyil. Beləliklə, hər hansı bir şübhəniz varsa, sadəcə uzaqlaşa bilərsiniz - bu, sağlamlığınız üçün daha yaxşıdır. Donuz əti yeyib-yeməmək sizə bağlıdır. Ancaq bu əti yeyənlərin ömrünün qısalması, xroniki piylənmənin səbəbinin donuz əti olması, donuzların ətinin nəcislərini yediyi üçün çirkli olması, donuz ətinin yeyilməsinin qısqanclığı aradan qaldırması kimi arqumentlər elmi əsası olmayan arqumentlərdir.
Araşdırmanı hərtərəfli etmək məqsədli həkim-terapevt Abbas Bağırova müraciət etdik. Həmin açıqlamanı təqdim edirik:
"Donuz ətinin qəbulunun zərərli, haram olmasını əvvəl islam fəlsəfəsi bizə çatdırırdısa, təbliğ edirdisə artıq təkcə dini çərçivədən yox, bəşəri, tibbi çərçivədən donuz ətinin zərərli olduğunu bilirik.
Donuz öz ifrazı ilə qidalanan, öz qanını içən yeganə heyvandır. Donuzun dərisi ilə piy qatı özünə yapışıq vəziyyətdədir. Onun dərisində məsamə yoxdur. Donuz ətində ən zərərli kimyəvi elementlər var. Bu heyvanın dərisində "trikülyoz" deyilən bir qurd var. Parazit qurdlar üçün ən əlverişli şəraiti yaradan yeganə heyvan donuzdur".
Doktorun sözlərinə görə, donuzun dərisindən keçib piyinin içərisinə oturan müəyyən qurdlar var ki, bu qurdlar ucbatından yaranan xəstəliyi nə antibiotik, nə də anti-parazitlər sağaldır: "Bu xəstəliklər ən azı əzələləri iflic edir, ürək-qan-damar sistemini çox ciddi zədələyir. Donuzun piyinin içərisində hədsiz dərəcədə sidik turşusu, qalıq azot, sidik cövhəri, bir çox toksinlər mövcuddur. Piyinin içərisində sidik saxlayan başqa bir heyvan yoxdur. Donuz əti ilə qidalandıqda həmin yağlar qana keçir, qan damarları yağ dənələri ilə tam dolur, bu zaman kapliyar sistemdəki yağlanma toxumalarda qidalanmanı pozur. Təzyiqi qaldırır, infarkta səbəb olur. Bu yağlar limfa hərəkətlərini də pozurlar. Donuz ətinin tərkibində çoxlu miqdarda kükürdlü birləşmələr var. Biz donuz əti qəbul etdikdə bədəndə miqdardan artıq kükürd birləşməsi olur. Donuz ətində heyvanın sürətlə böyüməsinə xidmət edən somototrop hormon var ki, həmin hormon insan bədənində də var. Həmin hormon kənardan gələn zaman qanda artır, toxumaları turbor vəziyyətinə gətirir. Toxumaların elektronik balansını pozur və bunun fonunda durğunluq iltihabı yaradır.
Bununla yanaşı həmin ətin tərkibindəki maddələr dəri dermatitlərini, ümumilikdə dəri ilə bağlı bir çox xəstəliyi kəskinləşdirir. Donuzla qidalanan insanların daxili orqanlarında atoksidi aplesit yarana bilir. Ən vacibi donuz əti ürək xəstəliklərinə, damar yolu xəstəliklərinə birmənalı şəkildə yol açır. Bu ətin zərərlərini saymaqla bitməz".
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova da məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb: "Donuz əti dünyada ən çox istifadə olunan ətlər sırasındadır və bəzi ölkələrdə donuz ətindən istifadə haram hesab edilsə də, bir çox məhsulların – kolbasa, sosis, jelatin və bəzi paketlənmiş məhsulların tərkibində insanların orqanizminə daxil olur. Digər heyvanlardan insanlara keçən xəstəliklər, bakteriyalar var ki, bu, donuza da xasdır. Yəni bəzi viruslar, bakteriyalar insanlara təkcə donuz ətindən deyil, qoyun ətindən, dana ətindən hətta quş ətlərindən də keçə bilər. Lakin bir çox zərərli tərəflər də məhz donuz ətinə məxsusdur və bunları bilmək lazımdır. Donuz əti həddindən artıq çox yağlıdır və xüsusilə doymuş yağlardan ibarətdir ki, bu yağlar donuz ətini qəbul etdikdə insanın bədəninə daxil olur. Xüsusilə də qana keçir və beləliklə, qan-damar, ürək xəstəliklərinin yaranmasına, qan təzyiqinin yüksəlməsinə, qəfil ürəktutmalarına, gətirib çıxara bilər. Buna görə də mütləq şəkildə həddindən artıq çox donuz əti yeyilməsi tövsiyyə olunmur. Eyni zamanda, donuz ətində müəyyən toksik maddələr var ki, bu da birbaşa olaraq orqanizmdən kənara atılmır və uzun müddət yığılıb qalır, nəticədə, limfa düyünlərinin şişməsinə, iltihablaşmasına səbəb olur. İlkin zamanlarda problemlərin bundan qaynaqlandığı görülməsə də, zamanla limfanın şişməsi, iltihablaşması, temperaturun yüksəlməsi, bir çox nahiyyələrdə ağrıların baş verməsi kimi simptomlarla özünü göstərir.
Qida eksperti qeyd edir ki, donuz ətinin tərkibində həddindən çox kükürd var ki, bu da donuz əti qəbul edən zaman orqanizmin normadan artıq kükürd qəbul etməsinə səbəb olur: "Nəticədə, bu da birbaşa olaraq sümüklərdə problemlərin yaranmasına səbəb olur. Buna görə də həddindən çox donuz əti qəbul edən insanların sümüklərində, qığırdaqlarında yumşalmalar baş verir ki, bu da yaş artdıqca insanın öz bədən çəkisini saxlaya bilməməsi ilə nəticələnir. Bir çox hallarda belə, qarında yırtıqlarla da görünür. Eyni zamanda, donuzda böyümə hormonu da həddindən arftıq çoxdur və böyümə hormonu çox olduğuna görə, yetkinlik yaşında olan insanların bədənləri sürətli şəkildə çəki alır. Xüsusilə də böyümə hormonlarının çox olması xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilir. Ən böyük problemlərdən biri də donuz əti qəbul edən insanlarda dəri xəstəlikləri daha çox olur. Çünki donuz ətində olan "histamin" maddəsi dəridə allergiya, eqzema, qaşınmalar, dermatit kimi dəri iltihabı xəstəliklərinə səbəb olur. Ona görə də həddindən artıq çox donuz ətinin qəbul olunmaması məsləhətdir.
Həmçinin, zərərlərin yanında az olsa da, donuz ətinin faydaları da var. Tərkibində daha çox protein olduğu üçün idmançılar donuz ətindən çox istifadə edirlər. Amma yenə də yaxşı olar ki donuz əti çox istifadə edilməsin. Donuz ətini davamlı olaraq qəbul etdikdə sümük əriməsi, əzələ boşluğu kimi problemlər ortaya çıxa bilər. Bu da dünyada bir çox idmançıların karyerasına son verməsinə səbəb olub. Bundan başqa, tərkibində B qrupu vitaminləri, natrium-fosfor, kalium, dəmir mineralları daha çoxdur. B qrupu vitaminlıəri mərkəzi beyin sistemində xəstəliklərin müalicəsi zamanı fayda verə bilər. Hər bir halda, lazımlı miqdarı keçməmək çox önəmlidir və bu əti çox yaxşı bişmiş şəkildə qəbul etmək lazımdır. Bişirərkən diqqət etmək lazımdır ki, ətin tərkibindəki bakteriyaların, virusların zərəri minimuma endirilmiş olsun. Bu, digər ətlərin qəbuluna da aiddir".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə