"Azərbaycan qlobal tədbirlərin keçirildiyi etibarlı beynəlxalq mərkəzə çevrilib" - DEPUTAT DANIŞDI

"BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində urbanizasiya və yaşayış məsələləri xüsusi prioritet istiqamətlərdən biri hesab olunur. Bu baxımdan Bakıda keçirilən Urban Forumunuun 13-cü sessiyasının həm geosiyasi, həm də beynəlxalq əhəmiyyəti kifayət qədər böyükdür".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra daha genişmiqyaslı beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformalardan birinə çevrilib: "Bu isə dövlətimizin artan beynəlxalq nüfuzunun, möhkəmlənən diplomatik mövqeyinin və qlobal məsələlərin müzakirəsində fəal iştirakının göstəricisidir.

Burada xüsusi vurğulanmalı məqamlardan biri dövlət başçısı diplomatiyasıdır. Prezident İlham Əliyevin strateji baxışları nəticəsində Azərbaycan bu gün yalnız regional deyil, həm də qlobal əhəmiyyətli problemlərin müzakirə edildiyi etibarlı dialoq məkanına çevrilib. Məhz buna görə də müxtəlif beynəlxalq qurumlar, o cümlədən BMT strukturları belə mühüm tədbirlərin Bakıda keçirilməsinə xüsusi önəm verir.

Urban Forumun tarixinə baxdıqda görünür ki, bu platformanın əsası 2001-ci ildə BMT Baş Assambleyasının qərarı ilə qoyulub. İlk forum 2002-ci ildə Keniyada keçirilib və həmin vaxtdan etibarən iki ildən bir təşkil olunur. Forumun əsas məqsədi urbanizasiya, şəhərsalma, dayanıqlı yaşayış və məskunlaşması ilə bağlı qlobal çağırışların müzakirəsi və.həlli yollarının axtarışıdır.

Bu məsələlərin aktuallığı təsadüfi deyil. Dünya əhalisi sürətlə artır və urbanizasiya prosesi daha intensiv xarakter alır. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər bu göstərici 68–70 faizə çatacaq. Bu isə o deməkdir ki, qarşıdakı onilliklərdə şəhərlərin üzərinə düşən yük daha da artacaq.

Digər tərəfdən, dünya üzrə ümumi daxili məhsulun təxminən 60 faizi şəhərlərdə istehsal olunur. Bununla yanaşı, karbon emissiyalarının da təxminən 70 faizi şəhərlərin payına düşür. Sənaye müəssisələrinin, iri infrastruktur və logistika şəbəkələrinin əsasən şəhərlərdə cəmləşməsi iqlim dəyişiklikləri və ekoloji problemləri daha da aktuallaşdırır.

Eyni zamanda sosial statistika da ciddi narahatlıq doğurur. Bu gün dünyada təxminən 300 milyon insanın evi, davamlı yaşayış yeri ümumiyyətlə yoxdur. Təxminən 1,1 milyard insan isə qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır. Ümumilikdə 2,8 milyard insanın yaşayış şəraiti qənaətbəxş hesab olunmur. Bu isə artıq yalnız mənzil problemi deyil, səhiyyə, təhsil, sosial təminat, ərzaq təhlükəsizliyi və ümumi sosial rifah məsələləri ilə birbaşa bağlı olan qlobal çağırışdır.

Məhz buna görə də BMT urbanizasiya və dayanıqlı şəhərsalma məsələlərini əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bakıda keçirilən forum da bu problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və yeni yanaşmaların formalaşdırılması baxımından mühüm platforma hesab olunur.

Azərbaycan milli səviyyədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə olaraq 18-ci məqsəd kimi humanitar minatəmizləmə məsələsini də prioritet istiqamət kimi qəbul edib. Eyni zamanda, Azərbaycan BMT və digər beynəlxalq platformalarda bu təşəbbüslə çıxış edir ki, humanitar minatəmizləmə qlobal səviyyədə ayrıca Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul olunsun.

Bu, əslində Azərbaycanın qlobal çağırışlara məsuliyyətli yanaşmasının mühüm nümunəsidir. Belə ki, beynəlxalq səviyyədə qəbul olunan çağırışlar ölkə daxilində yerli reallıqlar nəzərə alınmaqla müxtəlif dövlət proqramları və hökumət təşəbbüsləri vasitəsilə tətbiq olunur. Eyni zamanda Azərbaycan öz praktiki təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşərək bu istiqamətdə yeni yanaşmaların formalaşmasına töhfə verir.

18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü də bunun bariz nümunələrindən biridir. Belə ki, təhlükəsiz yaşayış mühitinin formalaşmasına təsir edən əsas amillərdən biri məhz münaqişələr və onların yaratdığı humanitar problemlərdir.

Bu kontekstdə xüsusilə iki mühüm məsələ diqqət çəkir: münaqişələr və iqlim dəyişiklikləri. Hazırda BMT statistikasına görə dünyada müxtəlif miqyaslı 50-dan çox münaqişə ocağı mövcuddur. Bunların bir qismi aktiv, bir qismi isə dondurulmuş və ya davam edən gərginlik formasındadır. Lakin istənilən halda bu münaqişələr həm insanlarln yayşayışına, həm də ətraf mühitə ciddi təsir göstərir. Xüsusilə hərbi əməliyyatların yaratdığı karbon emissiyaları və ekoloji dağıntılar artıq qlobal problemə çevrilib.

Digər mühüm məsələ isə məcburi köçkünlük və qaçqın problemidir. Statistik göstəricilərə əsasən, dünyada 120 milyondan çox insan məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Azərbaycan bu problemi yaşamış ölkə kimi həmin məsələnin nə qədər ağır humanitar nəticələr doğurduğunu çox yaxşı anlayır. Çünki uzun illər ərzində Azərbaycanın özündə də yüz minlərlə insan məcburi köçkün həyatı yaşayıb. Buna görə də Azərbaycan bu gün yalnız nəzəri yanaşma ortaya qoymur, həm də öz praktiki təcrübəsini beynəlxalq tədbirlərdə təqdim edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, təhlükəsiz yaşayış mühitinin yaradılması beynəlxalq səviyyədə maraqla qarşılanır.

Bu baxımdan Bakıda keçirilən beynəlxalq forumlar Azərbaycanın həm qlobal problemlərin müzakirəsində fəal iştirak etdiyini, həm də öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşməyə hazır olduğunu nümayiş etdirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə