“Hazırda toy adətlərinin məcrasının dəyişərək bir qədər fərqli istiqamət alıb daha da genişləndirilməsi bu adətlərin özünün lazımlılığını şübhə altına alan müzakirələrə səbəb olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə deyib.
Onun sözlərinə görə, ümumiyyətlə toy adətləri dünyanın əksər xalqlarında mövcuddur və bunlardan bəziləri kifayət qədər maraqlıdır: “Məsələn, Hindistanda toydan bir gün əvvəl gəlinin rəfiqələri yığışıb onun bədəninə sarıkök məcununu çəkirlər. Avstriyada hesab edilir ki, toy günü gəlin çox tez oyanmalıdır və bu məqsədlə səhər tezdən gəlinin evinin qarşısında atəşfəşanlıq edirlər. Bu kimi adətlər bir çox xalqlarda vardır.
Biz də adət sarıdan çox zəngin olduğumuz üçün ata-babalarımızdan bizə gəlib çatanları bir az da bəzəmişik. Sözügedən “Hə” və ya “Həri” adəti mahiyyət etibarilə “nişan” ilə “elçilik” arasında keçid mərhələsidir”.
Dürdanə Rəhimzadə sözlərinə belə davam edib: “Folklorşünas alimlərimiz ümumilikdə toya qədər olan mərasimləri belə qruplaşdırırlar: "qızbəyənmə”, "qızgördü”, "xəbərgöndərmə”, "kiçikelçilik”, "elçilik”("hə” alma, üzüktaxdı”). Yəqin ki, bu qədər çoxsaylı mərhələlərin olması onunla bağlı olub ki, o dövrdə evlənənlərin bir-biri ilə tanış olmağı üçün geniş imkanları olmamışdır. Yəqin ki, bu qədər uzun tanışlığın səbəbi də həm qohumların, həm də evlənənlərin bir-birini bir-birini yaxşı tanımaları olub.
Hazırda gənclərimizin bir-birini tanıması üçün yetəri qədər imkanları var və onların bu cür tanışlıqlara ehtiyacları yoxdur. Əlbəttə adət-ənələrin yaşaması yaxşı haldır, lakin milli dəyərlərimizə xələl gətirməyən bir çox adətlərin zamanla unudulması böyük bir itki olmaz. Fikrimcə müasir dövrümüzdə bu ayinlərin sayını azaltmaq daha məntiqlidir. Çünki yeni ailə quran gənclərin evləndikdən sonra ilkin dövr üçün maddi dəstəyə ehtiyacları olur və bu cür ayinlərə xərclənən vəsait cavan ailənin müxtəlif ehtiyaclarına sərf oluna bilər. Elə binayi-qədimdən də bütün bu ayinlərin, əsasən də toyun məqsədi yeni evlilər üçün müəyyən vəsait toplayaraq yeni ailəyə ilk dövrlərdə maddi dəstək vermək olmuşdur. Hazırda isə toylarımız elə bir gedişata malikdir ki, nəinki maddi dəstəyə imkan olmur, hətta toydan sonra aylarla borc qaytaranlar da olur. Odur ki, hazırkı dinamik dövrümüzdə hər bir fəaliyyətin rasionallığına üstünlük verərək toy mərasimlərinin sadələşdirilməsini daha məntiqli sayıram”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə