Şəhərin mərkəzində olan kirayə evlər tələbə büdcəsinə uyğundur? - SORĞU

Son zamanlar xüsusilə paytaxtın mərkəzində kirayə mənzillərin qiymətləri və şəraiti geniş müzakirə olunur. Tələbələr yeni tədris ilinə hazırlaşarkən, onları ən çox düşündürən məsələlərindən biri də yaşayış probleminin həllidir. Yüksək kirayə haqları və uyğun olmayan şərait bu məsələdə ciddi çətinlik yaradır. Bəs görəsən, şəhərin mərkəzində kirayə evlərin qiyməti və şəraiti tələbələrin büdcəsinə uyğundurmu? SİA bu barədə tələbələr arasında sorğu keçirib.

Tələbə Könül Əliməmmədova: "Şəhərin mərkəzində kirayə evlər tələbələr üçün adətən baha başa gəlir - xüsusilə tək yaşamaq istəyəndə. Lakin bölüşdürülmüş (flatshare) mənzillər və universitet yataqxanaları tələbə büdcəsinə daha real şəkildə uyğun gəlir. Mənim tövsiyəm - mərkəzdən bir qədər kənardakı evlərə baxmaq, kirayəni paylaşmaq və son variant kimi yataqxananı diqqətlə qiymətləndirməkdir. Bu yanaşma həm xərcləri azaldır, həm də gündəlik rahatlığı təmin edir.

Hazırda şəhərin mərkəzində kirayə evlərin qiyməti kifayət qədər yüksəkdir və orta hesabla aylıq 600 - 1000 AZN arasında dəyişir. Bu məbləğ tələbələrin büdcəsinə çox vaxt uyğun gəlmir, çünki əlavə xərclər - yemək, nəqliyyat və dərs materialları da nəzərə alınmalıdır. Buna görə bir çox tələbə mərkəzdə ev tutmaq əvəzinə yataqxana və ya paylaşılan mənzil seçir. Yataqxanaların qiyməti təxminən 150 - 250 AZN, paylaşılan mənzillərdə isə xərclər adətən 250 - 400 AZN civarında olur. Mərkəzdə yaşamağın üstünlüyü nəqliyyata yaxınlıq və rahatlıqdır, amma büdcə baxımından tələbələr üçün daha əlverişli variantlar adətən mərkəzdən bir qədər kənarda yerləşir".

Tələbə Rəqsanə Qənbərova: "Hazırda şəhərin mərkəzindəki kirayə evlərin qiyməti yüksəkdir və qiymətlər gündən-günə artmaqda davam edir. Mərkəzdə kirayə evlərin ən aşağı qiymətinin 350 - 400 manat civarında olduğunu nəzərə alsaq, tələbələr üçün bu məbləği ödəmək çətin olur. Həmçinin, bu qiymətlər tələbə büdcəsindən demək olar ki, iki dəfə yüksəkdir.

Tədris ilinin başlaması ilə əlaqədar ev sahibləri qiymətləri məqsədli şəkildə artırır ki, bu da tələbələrin münasib qiymətə ev tapmasını çətinləşdirir. Nəticədə tələbələr şəraiti aşağı, amma nisbətən münasib qiymətli, eyni zamanda şəhər kənarında yerləşən kirayə evlər axtarmağa məcbur olurlar. Bu isə əlavə yorğunluğa və dərsə gecikmələrə səbəb olur. İstər-istəməz, tələbələr dərslərə düzgün hazırlaşa bilmir və həddindən artıq yorulurlar".

Tələbə Nuray Paşşanlı: "Adətən şəhərin mərkəzində evlərin kirayəsi kənar məhəllələrə nisbətən xeyli yüksək olur. Bunun səbəbi mərkəzdə yerləşməsi, nəqliyyata, iş yerlərinə, universitetlərə və əyləncə mərkəzlərinə yaxınlığıdır. Tələbələr isə rahat və komfortlu şəraitdə yaşamaq üçün çox vaxt əlavə işlərdə çalışmaq məcburiyyətində qalırlar. Büdcələri məhdud olduğundan bir çox tələbə bir neçə nəfər birləşərək ucuz bir evdə qalmaqla xərcləri bölüşür. Mənim fikrimcə, şəhərin mərkəzində kirayə evlərin qiymətləri tələbələr üçün endirimli olmalıdır. Sonda demək istərdim ki, hazırkı bahalı qiymətlər tələbələr üçün uyğun deyil"

Tələbə Türkan Mirzəyeva: "Şəhərin mərkəzində kirayə evlərin qiyməti çox vaxt yüksək olur. Bu, həmin ərazinin yerləşmə üstünlüyü və tələbatın çoxluğu ilə bağlıdır. Bəzən isə qiymət və şərait arasında balans olmur. Buna görə də, şəhərin mərkəzində kirayə ev tutarkən həm qiymətə, həm də şəraitə diqqət yetirmək vacibdir.

Əksər hallarda mərkəzdəki kirayə evlər tələbə büdcəsinə uyğun gəlmir. Yüksək qiymətlər tələbələr üçün maddi çətinlik yaradır. Yalnız bir neçə tələbə bir evdə birgə qalaraq kirayə haqqını bölüşdürdükdə vəziyyət daha əlverişli olur. Buna görə də tələbələr adətən mərkəzdən bir qədər uzaqda, lakin nəqliyyata yaxın ərazilərdə ev kirayələməyə üstünlük verirlər.

Şəhərin mərkəzindəki evləri tələbə büdcəsinə uyğun hesab etmirəm, çünki mərkəzdəki kirayə haqları tələbələrin aylıq gəlirlərini aşır. Üstəlik, əlavə xərclər — komunal ödənişlər, internet, nəqliyyat və gündəlik ehtiyaclar da tələbəni çətin vəziyyətə salır. Buna görə də daha münasib qiymətli, sakit və nəqliyyata yaxın ərazilərdəki evlər tələbələr üçün daha əlverişlidir".

Tələbə Hüseynova Süsən: "Şəhərin mərkəzində kirayə evdə qalmaq əlverişli olardı, çünki hər yerə yaxındır və nəqliyyat imkanları da rahatdır. Lakin qiymətlər çox yüksəkdir və tələbə büdcəsinə uyğun gəlmir. Bir tələbə tək qalarsa, bu məbləği ödəməkdə çətinlik çəkər, amma bir neçə dost birləşib kirayəni bölüşdürəndə xərclər bir qədər münasib olur. Buna baxmayaraq, mərkəzdəki evlər şəraitcə yaxşı olsa da, yüksək qiymətlərə görə tələbələr üçün uyğun hesab edilmir".

Tələbə Aysu İsmayılzadə: "Bu gün ən çox müzakirə olunan mövzulardan biri də şəhərin mərkəzində kirayə evlərin qiymətidir. Mərkəzdəki evlərin kirayəsi əsasən yüksək olur, bu isə həm şəraitdən, həm də universitetlərə yaxınlığından asılıdır. Yüksək qiymətlər ailələr üçün müəyyən qədər uyğun sayılsa da, tələbələr üçün əlverişli deyil. Üstəlik, kommunal xərclərin ayrıca ödənilməsi də tələbələrin bu ərazilərdə ev kirayələməsini çətinləşdirir. Buna görə tələbələr daha münasib qiymətli, şəhər kənarında yerləşən evlərə üstünlük verirlər".

Tələbə Sevinc Cəfərova: "Şəhərin mərkəzində kirayə evlərin qiymətləri adətən kifayət qədər yüksək olur və bu, tələbələr üçün ciddi maliyyə yükü yaradır. Mərkəzdə yerləşən evlərin üstünlüyü ondadır ki, nəqliyyat xərcləri azalır, təhsil ocaqlarına, kitabxanalara və ictimai yerlərə yaxınlıq təmin olunur. Lakin bütün bu üstünlüklərə baxmayaraq, qiymətlər çox vaxt tələbə büdcəsinə uyğun gəlmir. Kirayə haqqının tələbələrin aylıq gəlirini üstələməsi onların əsas ehtiyaclarını qarşılamaqda çətinlik yaradır. Üstəlik, illik təhsil haqları və gündəlik yaşam xərcləri çox vaxt ailə büdcəsini aşır. Tələbələr üçün iş imkanlarının məhdudluğu isə vəziyyəti daha da ağırlaşdırır.

Nəticədə, şəhərin mərkəzində ev kirayələmək əksər tələbələr üçün əlçatmaz olur. Ən real çıxış yolu kimi, onlar ya şəhər kənarında daha ucuz evlərə, ya da yataqxanalara üstünlük verirlər. Buna görə də mərkəzdəki evlərin tələbə büdcəsinə uyğun olduğunu söyləmək çətindir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə