Oruc tutan zaman qidalanma necə olmalıdır? - MÜTƏXƏSSİS AÇIQLADI

“Oruc tutan adamlar qida rasionuna diqqət etməlidir. İlk öncə imsak zamanı duzlu yeməklərdən uzaq durmalıdırlar. Nəzərə alsaq ki, bütün gün susuz qalırıq, duzlu məhsulları istehlak etdiyimiz zaman daha çox susayırıq. Duzlu pendirlər, konservləşdirilmiş qidalar, turşular və s. bu qidalar sırasına daxildir. Həm də bu cür qidalar qatqı maddələrlə hazırlanır və heç bir faydası yoxdur. İnsan orqanizmi üçün müəyyən qədər zərərli ola bilər. İmsakda təbii məhsullardan, saf sulardan istifadə olunmalıdır. Qazlı içkilərdən uzaq durmaq lazımdır. Onların tərkibində şəkərin faizi yüksəkdir. Bu da bir neçə saatdan sonra insanın susmasına səbəb olur. Təbii meyvə şirələri, evdə hazırlanmış kompotlar içmək daha yaxşı olar. Səhər quru meyvələr, mövsümi tərəvəzlərdən hazırlanmış salatlar, təbii kərə yağı, yumurta istehlak olunmağı məsləhətdir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, sahurda yeyib-içdikdən sonra dərhal yatmaq məqsədəuyğun deyil: “Qida qəbul etdikdən sonra biraz hərəkətdə olmaq lazımdır. Sahurdan 1-2 saat sonra yatmaq olar. İftarda isə orucu saf su ilə açmaq lazımdır. Xurma, zeytun, əncir qurusu, ağartı məhsulları mütləq şəkildə iftar süfrəsində olmalıdır. Orucu açdıqdan sonra yeməyə tomatlı olmamaq şərtilə şorba ilə başlamaq olar. Şorba istehlak etdikdən sonra isə biraz ara verərək ana yeməyə keçid etmək olar. Ana yemək olaraq qazan yeməkləri olsa yaxşı olar. Qızardılmış yeməklərə üstünlük verilməməlidir. Çünki oruc tutan insanların mədəsi həssas olur və qızardılmış yeməklər mədə yarasına, mədədə turşuluğun artmasına gətirib çıxara bilər. Biz orucu sağlamlığımız üçün tuturuq və qidalar da maksimum dərəcədə sağlıqlı olmalıdır”.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, iftardan sonra oruc tutan şəxslər çay süfrəsində un və şəkərdən hazırlanmış məmulatlardan uzaq dursalar yaxşıdır: “Xurma, qayısı, çərəzlər istehlak edilsə, artıq şirniyyata da ehtiyac qalmaz. Dağ otlarından hazırlanmış çay tükədilməlidir. Ümumiyyətlə, orucluq ayında təbii məhsullara üstünlük verilməlidir. Çünki biz orqanizmimizi sağlam saxlamalıyıq.

Bunu da qeyd etmək istəyirəm ki, xüsusilə xurafata daha yaxın olan insanlar uşaqları oruc tutmağa məcbur edirlər. Birincisi, yalnız həddi-büluğa çatmış uşaqlar öz istəkləri olarsa, oruc tuta bilərlər. Azyaşlı uşaqları oruc tutmağa məcbur etmək olmaz. Nəzərə alsaq ki, uşaqların orqanizmləri formalaşmağa doğru gedir, həkimə müraciət olunduqdan sonra məsləhət görülərsə, oruc tuta bilərlər. Bəzən uşaqlar özləri də oruc tutmaq istəyirlər. Qeyd etdiyim kimi bu zaman həkimin məsləhətini almaq şərtilə uşağı alışdıra-alışdıra oruc tutdurmaq olar. Azyaşlı uşaqları qışda oruca alışdırmaq daha yaxşıdır, nəinki isti aylarda”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə