Bakı metrosunda problem niyə həll olunmur? - QURUM RƏSMİSİ AÇIQLADI

“Hər gün metro stansiyalarda sıxlıq yaşanır, bunu heç cür danmırıq. Amma bu sıxlıqlar bu günə qədər də var idi. Hətta 2019-cu ildə builkinə nisbətən daha çox sıxlıq yaşanıb. Sadəcə pandemiya dövrünün də müəyyən təsirləri olub. Dekabr ayında yalnız iş günləri nəzərə alınmaqla ötən müddət ərzində 765 mindən çox sərnişin daşınıb. 2019-cu ilin dekabr ayında isə bu rəqəm 780-790 min civarında idi”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, interval ilə bağlı da çox müraciətlər olur: “Qeyd edək ki, günün gur saatlarında 28 May-Həzi Aslanov istiqamətində təxminən 2 dəqiqəyə bərabər intervalı təmin edə bilirik. Ən böyük problem ondan ibarətdir ki, “qırmızı”, “yaşıl” xətlər “28 May” stansiyasında birləşir. Bu səbəbdən İçərişəhər-Dərnəgül istiqamətində olan sahələrdə 2 dəqiqə deyil, ən azı bundan 2 dəfə artıq interval olur. İntervalın uzunolma səbəbi bir stansiyada sərnişinin 15 saniyə qatarı yubatması, yəni qapıların saxlanması kifayət edir ki, “28 May” stansiyasından çıxıb “Nizami” stansiyasına doğru hərəkət edən qatar 4 dəqiqə belə deyil, 5 dəqiqəyə yaxın intervalla hərəkət edir. Metroda hər bir saniyənin öz hökmü var. Hal-hazırda qatarların qapılarının saxlanmaması, sərnişinlərin platformada paylanması istiqamətində işlərin daha sıx görülməsinə çalışırıq. Ən vacib tənzimlənmə işlərimiz platforma səviyyəsindən başlamaqla stansiyaların çıxışına doğru bütün sahələrin gücləndirilmiş rejimdə nəzarət altında saxlanmasıdır. Çünki metropolitenin platforma səviyyəsini ifrat dərəcədə yüklənməsinə yol vermək olmaz. Stansiyaların platformasının bəlli ölçüsü var və “qırmızı”, “yaşıl” xətlər 5 vaqondan ibarət qatarı qəbul edə bilir. Əlavə olaraq 6 və ya 7-ci qatarı da qoşmaq olmur. Bundan əlavə, vaqon parkı ilə bağlı suallar da kifayət qədərdir. Elə hesab edirlər ki, əgər vaqonların, qatarların sayını artırsaq, mövcud intervalları azaltmaq olar. Əksinə, texniki imkanlar baxımından ən minimal interval tətbiq olunur. Hal-hazırda bu məsələnin qatarın sayı ilə əlaqəsi yoxdur. Çünki lokomotiv parkında kifayət qədər vaqon var, hətta ehtiyat qatar da mütləq nəzərdə tutulur. Gün ərzində aparılan monitorinqlər əsasında sərnişin daşımanın ən sıx olduğu dəqiqələr də hesablanır və ona uyğun olaraq qatar xəttə buraxılır”.

Mətbuat katibi sözlərinə davam edərək bildirib ki, platforma səviyyəsində yüklənmənin ifrat dərəcəyə çatmasının qarşısını almaq üçün artıq ekskavatorlarda tənzimlənmə başlayıb: “Həmçinin, giriş sahəsində, yəni sərnişinin ödəniş etdiyi sahələrə xüsusi diqqət yetirilir. Bu qayda ilə keçidlərə qədər bütün sahələr gün ərzində daimi olaraq nəzarətdə saxlanılır.

Ötən gün “28 May” stansiyasında sərnişinin ehtiyatsızlıq edərək təhlükəsizlik düyməsindən istifadəsi nəticəsində digər ekskavatoru da dayandırmaq zərurəti yaranmışdı. Əgər operativ reaksiya verilməsə idi, həmin stansiyada belə hallarda xüsusi faciələr də yaşana bilərdi. Bu səbəbdən, sərnişinlərin stansiya girişində gözləməsi daha məqsədəuyğundur, nəinki platforma səviyyəsində onun həyatını təhlükəyə atmaq. Bizim üçün say deyil, sərnişinin təhlükəsiz daşınması daha vacibdir. Şükürlər olsun ki, sentyabr ayının 15-dən bu günə qədər hər hansısa böyük neqativ hal yaşanmayıb. Hamısı bu tədbirlərin sayəsindədir.

Yerüstü tıxaclar və s. səbəblərdən dolayı mənim ailəm də daxil olmaqla hər birimiz çıxış yolunu metroda axtarırıq. Sıxlıq da olsa, bilirik ki, gedib mənzil başına çatacayıq. Yerüstü tıxacların isə nə qədər müddət davam edəcəyi bilinmir. Təbii ki, əgər sərnişin də metroya üz tutursa, bizim də borcumuz onlara xidmət göstərməkdir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə