Birgə bəyanat Xalq-İqtidar birliyinin bariz nümunəsidir ŞƏRH

Birgə bəyanat Xalq-İqtidar birliyinin bariz nümunəsidir ŞƏRH

Vətən müharibəsi Azərbaycan tarixinin milli qürur salnaməsidir. Ordumuzun 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən inamlı və qətiyyətli Zəfər yürüşü ərazi bütövlüyümüzün, eləcə də tarixi ədalət və beynəlxalq hüququn bərpası ilə nəticələndi. Noyabrın 8-də mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanat hərbi-siyasi qələbəmizin təsdiqi oldu. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına öz hərbi-siyasi gücü ilə təkbaşına son qoydu.

İki il bundan əvvəl, 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının təqdimatı oldu. Bu sənədin imzalanmasını şərtləndirən amillər məlumdur. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şanlı səhifəsini yazan Azərbaycan ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu təşkilatlarının 30 ilə yaxın bir dövr ərzində edə bilmədiklərini 44 gündə etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edən Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, işğala son qoydu. 8 noyabr 2020-ci ildə Qarabağın tacı, Azərbaycanın döyünən urəyi Şuşamızın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində Azərbaycanın üstünlüyü Ermənistana və ona havadarlıq edən dövlətlərə aydın idi. 9 bənddən ibarət üçtərəfli razılaşmanın imzalanması Azərbaycanın tarixi Qələbəsi oldu.

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaqdır. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkə biləcək. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Ermənistanın 30 ilə yaxın bir müddət ərzində yaratdığı ordu Azərbaycan əsgərinin qarşısında sadəcə 44 gün tab gətirə bildi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda elə Ermənistanın özü tərəfindən yaranan yenilməzlik mifi yoxa çıxdı. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bir yumruq kimi birləşərək haqq mübarizəsinin qalibinə çevrildi. Azərbaycan ordusu dünya hərb tarixinə yeni döyüş strategiyası və ən müasir hərbi texnikanın tətbiq edilməsi ilə, bununla yanaşı minimum itki verərək, çox qısa müddətdə düşmənin bütün silah-sursatını, hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

Qeyd edək ki, Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasına çağırış etsə də, ölkəmizin haqq səsi qulaqardına vuruldu. Bunun əksinə olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri “münaqişənin hərbi həlli yoxdur” kimi bəyanatlar verirdi, amma Azərbaycan Ordusu 44 gündə yeni reallıqlar yaratdı”. Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, nəticə etibarilə işğalçı Ermənistanın məğlubiyyəti, Azərbaycanın siyasi qələbəsidir. Bu bir mənalı olaraq belədir. Bu sənəd sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır”. Bu tarixi sənəd ədalətin, haqqın, Azərbaycanın ərazi bütövlüyünün təminatının təsdiqi olmaqla yanaşı, qələbəmizin beynəlxalq hüquq çərçivəsində dəstəklənməsidir. Təbii ki, bu uğurlarımızda Azərbaycanın 30 ilə yaxın müddətdə bütün təzyiqlərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyinin, müstəqil siyasətinin rolu böyükdür. Qətiyyətli siyasi iradə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev öz prinsipial mövqeyindən dönmədi. 44 gündə xarici mətbuata 30-a yaxın müsahibələrinin hər birində münaqişənin əsl mahiyyətini, dünyanın ikili standartlar əsasında yanaşmasının yaratdığı problemləri, Ermənistanın işğalçılıq və faşist siyasətini faktlar əsasında bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.

Vasif Nəbiyev

Yap Yasamal rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə