Bir yumruq kimi birləşən xalqın Qələbəsi! - ŞƏRH

Bir yumruq kimi birləşən xalqın Qələbəsi! - ŞƏRH

Qarabağın gözü, alınmaz qalası sayılan Şuşanı iki il bundan öncə erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix 30 illik gözüyaşlı həsrətə son qoydu. Bu Şanlı Qələbə bizi və gələcək nəsilləri fəxr edəcək, qürur duyacaq qədər sevindirdi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Azərbaycan xalqı müstəqillik əldə edənə qədər bir çox çətinliklərdən keçmişdir. Bu çətinlik xalqın ən mürəkkəb sarsıdıcı dönəmi idi. Bu dönəmdən keçmək üçün xalqa işini bilən, vətənini, xalqını canı qədər, ailəsi qədər sevən və xalqını bu çətinliklərdən çıxara bilən şəxsiyyət lazım idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə gəldikdən sonra və müstəqillik əldə olunandan sonra məhv olmağa doğru gedən ölkəni bataqlıqdan çıxardı. Xüsusilə, məqsəd Azərbaycan Respublikasını bütövlüyünü bərpa etmək idi. Milli Ordumuzu yaradaraq səfərbər imzası atdı liderimiz.

Azərbaycan Milli Ordusunun yaranması, savadlı hərbi kadrların yetişməsi, torpaqlarımızı bir dəmir yumruq altında işğaldan azad etmək böyük qüvvə tələb edirdi. Bu da oldu. 30 ildən sonra ata vəsiyyətini böyük əzmlə, cəsarətlə, hünərlə yerinə yetirən, güclü ordusuyla, xalqın güvəni ilə 30 illik həsrətə son qoyub ZƏFƏR sevincini xalqına yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev oldu. Qarabağın gözü olan Şuşaya yeni nəfəs verib onu xalqına qaytarmaqla zəfər sevincini körpə uşaqdan ahıl insanlara qədər yaşatmış oldu.

Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. Məğlubiyyətin də səbəbləri bəlli idi. O vaxt hakimiyyət uğrunda mübarizə aparan antimilli ünsürlər hakimiyyəti əldə etmək üçün Qarabağın tacı, alınmaz qalası- Şuşanı ermənilərə təslim etmişdilər. Onlar faciə üzərində, tökülən qan üzərində, günahsız axıdılan göz yaşı üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə olduğu dövrdə, bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular. Onlar öz hakimiyyətlərini qorumaq üçün əllərindən gələn haqsızlıqları edirdilər. Ölkədə hərcmərclik baş alıb gedirdi. Beləliklə, qısa zaman ərzində Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunmağa başladı. Birinci Qarabağ müharibəsində məğlubiyyət antimilli hakimiyyətin səriştəsizliyi ucbatından baş verdi. Ermənistanın rəsmi təbliğatı, onların media resursları, bütün dünyaya çıxışının daha sürətli və güclü olması da məğlubiyyətin səbəblərindən biri idi.

II Qarabağ müharibəsində Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Azərbaycan ordusunda isə 1 nəfər olsun fərari olmamışdır. Bu da ondan irəli gəlir ki, anaların oğullara verdiyi vətənpərvərlik tərbiyəsi daha yüksək idi. Bunun nəticəsidir ki, qarşı tərəfdən fərqli olaraq Azərbaycan ordusu müharibəni qaydası ilə, nizamı ilə, körpə uşaqları öldürmədən, haqlı olaraq, kişi kimi döyüşmüşdür, ʺöldü var, döndü yoxʺ şüarı ilə döyüşmüşdür.

Mərd anaların mərd oğulları daş-kəsəkli yollarla, sıldırım dağları aşaraq, meşələr, dərələri keçərək, aclıq, susuzluq bilmədən hünərlə, həvəslə düşmənlə göz-gözə gəlib əlbəyaxa döyüşərək qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb üçrəngli bayrağımızı Şuşada qaldırdılar.

Şuşaya qədər mənfur erməni ordusunun belini qıran döyüşlər, anbaan zəfər qoxulu döyüşlər idi. O döyüşlər ki, Cəbrayıl, Hadrud, Füzuli, Zəngilan, Qubadlı Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsinin qələbəsi ilə nəticələnmişdir.

Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Şuşanın strateji yerləşməsi, Qarabağın taleyinin uğura doğru həll olunmasında böyük əhəmiyyət kəsb edirdi. Ona görə də Prezidentimizin əzmi, səriştəli strategiyası və Milli Ordumuzun gücü gözəl Şuşamızı azad etdi, Azərbaycanın tarixinə qızıl hərflərlə yazdı.

Könül İsayeva

Xəzər rayonu, F.Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin laborantı

Bütün xəbərlər Facebook səhifəmizdə