YAP-ın keçdiyi yol Azərbaycanın dövlətçilik salnaməsidir TƏHLİL

YAP-ın keçdiyi yol Azərbaycanın dövlətçilik salnaməsidir TƏHLİL

Azərbaycanın ictimai-siyasi həyatında dərin iz buraxan, bu günümüz və sabahımızın təminatçısı, bizi gələcəyə uğurla aparan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 30 il keçir. Azərbaycan tarixinin təlatümlü, keşməkeşli dövründə siyasi səhnəyə gələn YAP ötən müddət ərzində özünün xalq üçün nə qədər dəyərli və gərəkli olduğunu dəfələrlə və hər addımda hiss etdirib. Təbii ki, xalqımızın gələcək taleyinin həllində bu partiyanın yaradıcısı, qurucusu, mənalı ömrünü xalqımızın inkişafına həsr edən böyük Şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adını çəkməmək mümkün deyil. Onun həyatından, taleyindən, fəaliyyətindən danışmaq üçün bütöv bir xalqın, ölkənin tarixini vərəqləmək lazımdır. Çünki Heydər Əliyev özü bir Azərbaycandır. Xalqımız da hər zaman müasir Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır, yarım əsrdən artıqdır ki, onun işıqlı yolu ilə addımlayır. Ulu Öndər Azərbaycan xalqının müstəqillik mübarizəsində misilsiz xidmətlər göstərib. Sağlığında canlı əfsanəyə çevrilib, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb. Yeni Azərbaycan Partiyası zərurətdən, gərgin vəziyyətdən çıxış üçün Heydər Əliyev tərəfindən yaradılaraq dövrün aparıcı uzaqgörən ziyalılarını bir araya gətirdi. Ulu Öndərin YAP-ın hakimiyyətə gəlişi zamanı qarşısına qoyduğu müəyyən məqsədləri var idi. Bu gün həmin məqsədlər hakim partiya olaraq YAP tərəfindən reallaşdırılıb.YAP-ı bir siyasi təşkilat kimi dəyərləndirmək, onun fəaliyyətinə siyasi qiymət vermək üçün ötən əsr 90-cı illərinin Azərbaycanına, bu zaman gənc ölkəmizdə baş verən hadisələrə diqqət etmək lazımdır. Müstəqilliyin ilk illərində ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi - torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. O dövrdə Azərbaycanın dövlət kimi yox olma təhlükəsinin qarşısını ala biləcək siyasi qüvvə mövcud deyildi. O zamanlar vəziyyət daha ağır və böhranlı idi. Yeni bir siyasi baxışa, gücə ehtiyac var idi ki, bu da məhz YAP oldu.1992-ci il oktyabrın 16-da ziyalıların, tanınmış elm və mədəniyyət xadimlərinin “Səs” qəzeti vasitəsilə Ulu Öndərə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini əks etdirən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə dahi şəxsiyyət 8 gündən sonra yenə də “Səs” qəzetində dərc olunan “Yeni, müstəqil Azərbaycan uğrunda” tarixi cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi əsaslandırmışdır. Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verdi, respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanın xilası naminə yaradıldı. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Bu partiya yalnız xalqın istəyi ilə, xalqın təşəbbüsü ilə yaranan partiyadır”.

Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qurulan və formalaşan YAP-ın 30 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradan, bu partiyanın təməl daşını qoyan insanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamızın böyük inkişaf yolu keçib. YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 773 mindən çox üzvü olan partiyamız ötən 30 ildə çətin və şərəfli yol keçib. Bu gün isə YAP özünün ən yüksək inkişaf səviyyəsindədir. Bir məqamı qeyd etmək lazımdır ki, partiyamızın yaradılmasının 30-cu ildönümünü törpaqlarımızın işğaldan azad edilməsinin ikinci ildönümü ilə yanaşı qeyd edirik. Bu hadisə partiyamızın tarixində də unudulmaz hadisədir. Onu da qeyd etmə istərdik ki, partiyamızın Sədri, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanmış Vətən müharibəsində partiyamızın çoxsaylı üzvləri də iştirak ediblər. Onların arasında şəhid olanlar da var. Bu fakt bir daha onu göstərir ki, YAP mübarizlər partiyasıdır.

Bu il Yeni Azərbaycan Partiyası 30 illik yubileyini tarixi Zəfərin yaratdığı və Qarabağın yenidən dirçəlib cənnətə çevrildiyi xoş əhvali-ruhiyyə şəraitində qeyd edirik. Yeni Azərbaycan Partiyasının uğurları çoxdur, lakin Qarabağın işğaldan azad olunması tarixi zəfərdir. Bu uğurların təməlində isə müasir Azərbaycan dövlətinin xilaskarı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə davam edən siyasi kurs dayanır. Bu gün YAP dövlətə, xalqa xidmətini davam etdirərək yeni-yeni hədəflərə, uğurlara doğru inamla irəliləyir. Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, vətəndaşların sosial problemləri həll edilib, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin iqtisadi imkanları atrıb, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. 30 il ərzində Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün Cənubi Qafqazda və ümumən regionda planlaşdırılan bütün meqa layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınmadan reallaşdırıla bilməz. Burada coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni önəmli rol oynayır. İlham Əliyevin Liderlik keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb. Sabitlik və təhlükəsizlik deyəndə təkcə ölkədə mövcud ab-hava nəzərdə tutulmur, həm də kənar, yad qüvvələrin ölkəmizdə reallaşdırmaq istədikləri antimilli planların həyata keçirilmə cəhdidir. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozur. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qoruyur Bu gün Yeni Azərbaycan Partiyası insanların üz tutduğu ən etibarlı ünvan, güvənc yeridir. Fəaliyyəti, ideyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi, insanlarda vahid milli ideologiya, azərbaycançılıq təfəkkürü formalaşdı. Beynəlxalq səviyyədə aparılan uğurlu siyasət nəticəsində artıq tarixə çevrilən və 30 il Azərbaycan xalqı üçün həlli müşkül problem olan Qarabağ münaqişəsinin yaranma səbəbləri, ölkəmizin dünəni və bu günü ilə bağlı əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan bütün sahələr üzrə uğurlara nail ola bilibdir. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib”. Dünya miqyaslı, güclü siyasi Liderin yaratdığı Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirərək Azərbaycanın yüksəlişində böyük rol oynadı. Bunu mümkün edən bir çox strateji faktoru sadalamaq olar. Ən əsası o idi ki, Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirmişdi. YAP sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrilmişdi. Digər tərəfdən, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Partiyamız qısa müddət ərzində milli seçim - Azərbaycan xalqının iradəsi əsasında təsis olunduğu gündən cəmi 6 ay sonra hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi.

Aydın Hüseynov,

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə