Viran İran və Ermənistan - RAKURS

Bir əsrdə ikinci dəfə dövlət yaratmaq fürsəti qazanmış Azərbaycanın başının üstünü müharibə, işğal təhlükəsi alanda indi özünü “ədalətin carçısı” adlandıran dövlətlər susmuşdular. Yox, onlar sadəcə susmamışdılar, həm də bizdən torpaq qoparmaq istəyənlərə dəstəyini də əsirgəmirdilər. Niyə, bizə qarşı olan bu düşmənçiliyin arxasında nə dayanırdı? Birini başa düşdük, dağılan bir ölkədən bizim qopmamızı istəmirdi, o birisi – İran isə…

Sosial şəbəkələrdə tanıdığım birisinin yazısını oxudum, İranı vəsf edirdi. Yazırdı ki, birinci Qarabağ müharibəsində İran bizə yardım edib. Nə yardımı, kimə, bu barədə mücərrət fikirlər havada uçurdu. Əslində birinci Qarabağ müharibəsində İran ərazisindən bizə yardımlar olub, ancaq bu yardımlar molla rejiminin lütfü sayəsində yox, İran adlanan ərazidə yaşayan bizim soydaşlarımız tərəfindən, bunu qarışdırmaq lazım deyil. Amma bəzi “mütəxəssislər”, “ekspertlər” hələ də hədəfi müəyyənləşdirə,pisi yaxşıdan ayıra, hadisələrə düzgün qiymət verə bilmirlər.

Mollaların idarə etdiyi Tehran rejimi heç vaxt Azərbaycana yardım etməyib, haqq işimizdə yanımızda olmayıb, “müsəlmandır, şiədir” deyib dindaşına əlini uzatmayıb. Əksinə, türkün düşməni olduğunu açıq şəkildə büruzə verib. Uzağa getməyək, bu gün nələr baş verir? İran müharibənin gedişində Xudafərin körpüsünə yaxınlaşan Azərbaycan silahlı qüvvələrinin yolunu kəsməklə əməliyyatı düz iki gün gecikdirmişdi, Qarabağın işğaldan azad edildiyini görüb işğalçı Ermənistana açıq dəstək verirdi. Müharibədən sonrakı dövrdə müxtəlif bəhanələrlə, guya Azərbaycanın hansısa xarici ölkələrdən biri ilə əməkdaşlığı İranın təhlükəsizliyinə təhdiddir, uydurması ilə sərhədlərimizdə əzələ nümayiş etdirməsi Tehranın iç üzünü bir daha nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq və tikinti işlərindən, Zəngəzur dəhlizinin açılacağından əhvalı dəyişən, halı pəjmüdə olan molla rejimi bunu açıq şəkildə, müxtəlif göztərilərlə büruzə verməklə Ermənistanı da əks addım atmağa təhrik etdi. Müharibədən məğlub ayrılan Ermənistan əvvəllər Azərbaycanın “Zəngəzur dəhlizi” planına məcburi şəkildə loyal yanaşdığı halda, mollaların dəstəyindən ruhlanaraq son zamanlar baş qaldırmağa başlayıblar. İndi siz deyin, İran viran olası dövlətdir, ya yox? İran bizə düşməndir, ya dost?

İranın Azərbaycanda çevriliş etmək cəhdi, guya “naxçıvanlıların İrana birləşmək” iddiası barədə saxta müraciətlər barədə də yəqin eşitmisiniz? Bundan başqa, Dövlət Təhlükəsizlik Xidmətinin peşəkarcasına İranın casus şəbəkəsini ifşa etməsini, Qafanda tələm-tələsik İran konsulluğunun açılmasını da bura əlavə etsək, əslində iki dövlət arasında münasibətlərin normal olmadığını görə bilərik. Tehran rejimi Azərbaycanın dünya xəritəsindən silinməsi üçün bütün imkanlarından yararlanmaqdadır…

Bəs mollaların idarə etdiyi İranda nə baş verir?

On milyonlarla soydaşımızın yaşadığı, mövcudluğunu sürdürdüyü İranda daxili vəziyyət acınacaqlıdır, ixtişaşlar, etiraz aksiyaları artın üçüncü ayına keçib. Qanla gələn rejim elə o yolla da varlığına son qoymaqdadır. İranın quru qoşunlarının komandanının “Xomneyi həzrətləri əmr versə, etirazları bir günə yatırarıq” fikri çox təhlükəli, həm də normal insanın söyləyə bilməyəcəyi fikirlərdir. Dövlətin ordusu xalqa atəş açarmı? Normalda yox, anormal cəmiyyətlərdə isə nə desən baş verər. Məhsa Əmininin öldürülməsindən dörd həftə sonra Avropa İttifaqı İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edib. Artıq növbəti sanksiyalar paketi üzərində işlər gedir. Gələn həftə onu qəbul etmək mümkün olacaq.

Bu arada Tehranda təhlükəsizlik məsələləri üzrə Rusiya-İran məsləhətləşmələri aparılıb. Məsləhətləşmələr iki ölkənin nazirlik və idarələrin nümayəndələrinin iştirakı ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani tərəfindən keçirilib.

Tərəflər hüquq-mühafizə sahəsində, o cümlədən ictimai təhlükəsizliyin təmini, terrorizm və ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər. Görüşdə həmçinin informasiya təhlükəsizliyi mövzusuna toxunulub, Qərbin xüsusi xidmət orqanlarının hər iki ölkənin daxili işlərinə müdaxiləsinə qarşı tədbirlər masaya yatırılıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə İran arasında nüvə sazişi üzrə noyabrın əvvəlində Vyanada aparılan danışıqlar isə heç bir nəticə verməyib. Bunu təşkilatın rəhbəri Rafael Qrossi də təsdiq edib.

Molla rejimi fətva verib

İranda keçirilən etiraz aksiyalarında 50-si uşaq olmaqla 321 aksiyaçı Tehran rejiminin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib. Etiraz aksiyasında rejimin ən əsas güc strukturlarının rəsmilərinin ailə üzvləri də iştirak edirlər. İran hakimiyyətinin əsas dayağı olan İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisi Əliəsgər Şirməhəmmədinin oğlu Mürtəza Şirməhəmmədi də aksiyada qətlə yetirilib. Mürtəza Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetində təhsil alırmış. SEPAH nümayəndəsi oğlunun ölüm faktını 5 gün ictimaiyyətdən gizlədib.

İranda ictimai-siyasi fəallar cəmiyyətin dəyişməsini istəyirlər. Müşahidələr onu deməyə əsas verir ki, ölkədə hər gün çoxlu sayda etirazçı saxlanılır. Bu, inqilabdan sonra müasir İranın tarixində ən uzunmüddətli aksiyadır. Beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənən aksiyalarda 15 mindən çox etirazçı saxlanılıb, 1400-dən çox həbs edilən şəxsə qarşı ittiham irəli sürülüb və onları ölüm hokum gözləyir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, İran hakimiyyəti etiraz aksiyalarına görə Ağ Evi ittiham edir: “Ancaq reallıq belədir ki, Tehran hakimiyyəti yaratdığı problemlərlə üzləşib”. O, ABŞ Prezidenti Cozef Baydenin “İranı azad edəcəyik” fikrinə belə münasibət bildirib: “Bu, çox güclü etirazdır. Aksiyaların bizimlə və ya başqa bir xarici aktorla heç bir əlaqəsi yoxdur”.

Etirazçılara beynəlxalq dəstək

Dövlət Departamentinin sözçüsü ümummilli etirazları İran xalqının həqiqi, qanuni və səmimi istəklərinin nəticəsi kimi qiymətləndirərək aksiyaların davam etməsinə səbəb kimi cəmiyyətlə hakimiyyət arasında əlaqələrin zəif olmasını göstərib. O vurğulayıb ki, rəsmi Vaşinqton etirazlara qarşı amansızlıq göstərdiyi üçün İran hakimiyyətini məsuliyyətə cəlb etmək yollarını axtarır. Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken isə bildirib ki, ABŞ dünyanın iranlıların səsini eşitməsi üçün yardım edəcək.

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak molla rejiminin etirazçılara qarşı davranışını sabitliyin pozulmasının başlıca səbəbi sayır. Fransa və Almaniya liderləri də Tehran rejimini ittiham edirlər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman xəbərdarlıqla yanaşı qeyd edib ki, İran vətəndaş müharibəsindən qurtula bilməyəcək və bu ölkəni böyük fəlakət gözləyir. Vəliəhd molla hakimiyyəti ilə qarşılıqlı anlaşma əldə etməyin mümkünsüz olduğunu deyib. Bildirib ki, Tehran rejimi müsəlmanların qibləsini – Kəbəni ələ keçirmək istəyirlər: “Biz Səudiyyə Ərəbistanının döyüş meydanına çevirilməsini gözləyə bilmərik”.

İrandakı molla hakimiyyəti isə yenə yeni düşmən axtarışındadır. ABŞ, İsrail və digər ölkələri, o cümlədən, Azərbaycanı şərləmək idiasını gizlətmir. ETTELAAT-ının başçısı deyib ki, İran dağılsa bundan əvvəl şüşə saraylar dağılacaq, heç bir ölkə təhlükəsiz olmayacaq. Son dəqiqələrdə alınan məlumata görə, SEPAH-ın İraqda yaratdığı “Həşd-Şəəbi” adlı silahlı dəstənin bir qrupu aksiyaları yatırmaq və ölkədə baş verə biləcək hadisələrin qarşısını almaq məqsədi ilə İrana gətirilib. Bununla da xalqın üstünə ordu yeridən rejimin sona çatdığını söyləyə bilərik

Mollanın xristian dostu

İranın dostu Ermənistanda isə müharibədə aldığı zərbədən ayılma isterikası hökm sürür. Tam nəyin baş verdiyini hələ də anlamayan ermənilərin sayıqlamaları davam edir. Fransanı və İranı arxasına alan rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada verdiyi mesajları həzm-rabeədən keçirməkdə deyəsən çətinlik çəkirlər. Düzdür, “ağıllı” ermənilərin bir qismi reallıqla barışıblar, Azərbaycanla zarafatın ağır olduğunu dərk edirlər. Amma gözü başqaların əlində qalan Paşinyan hakimiyyəti “nala-mıxa” vurmaq siyasəti yürüdürlər. Ölkə ictimaiyyəti də hakimiyyətin bu siyasətindən artıq bezib. Ermənistanın rəsmi dairələrini Prezident İlham Əliyevin Əlcəzairdəki məlum çıxışı və mesajları da bərk narahat edib. Onlar Ermənistanın ünvanına deyilənləri həzm etsələr də, “böyük bacıları” Fransanın hədəf seçilməsindən, Fransanın Əlcəzairdə 1,5 milyon əlcəzairlini qətlə yetirməsinin xatırlanmasından heç razı görünmürlər.
Ermənilər İran barədə deyilənləri də qəbul etməkdə çətinlik çəkirlər. Prezidentin “Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz”, fikirləri ermənilərin yaltaqlıq emosiyalarını bir az da artırıb. İrana yarınmaq, Tehranın üstümüzə qaldırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təki iki müsəlman dövləti müharibəyə başlasın. Bunu Azərbaycan çox gözəl anlayır və eskalasiyanın, qarşıdurmanın baş verməməsi üçün maksimum səy göstərin, dözümlülük nümayiş etdirir. Amma qarşı tərəf necə, erməni təhrikinə uyacaqmı, yoxsa..?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə