Nümayəndə heyətimiz BMT-nin COP-27 iqlim konfransında iştirak edir
Misirin Şarm əl-Şeyx şəhərində dünyanın 190 ölkəsindən 35 mindən artıq nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən COP-27 iqlim dəyişikliyi konfransı öz işinə başlayıb. Tədbirdə ölkəmizi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın açılış mərasimində çıxış edən COP-26-nın sədri Alok Şarma ötən il Qlazqoda keçirilmiş iqlim dəyişikliyi konfransından sonra dünyanın müxtəlif ölkələrində qarşıya qoyulmuş vəzifələrin bir hissəsinin yerinə yetirildiyini bildirib. O, bununla belə, Ukraynadakı müharibənin qlobal miqyasda enerji və ərzaq böhranı yaratdığını da diqqətə çatdırıb. Qeyd olunub ki, COP-27 konfransı BMT-nin iqlim dəyişikliyi ilə bağlı hədəflərinin həyata keçirilməsində mühüm addım olmalıdır.
COP-27 konfransının sədri seçilən Misirin xarici işlər naziri Sami Şükrü bildirib ki, bu tədbirdə qlobal çağırışlarla yanaşı, Yaxın Şərq və Afrikada quraqlıq və Ukrayna müharibəsinin daha da ağırlaşdırdığı ərzaq böhranı, miqrasiya, iqlim dəyişikliyinin fəsadları müzakirə olunacaq. O, bütün bu problemlərin həllində beynəlxalq miqyasda əməkdaşlığın daha da inkişafına ehtiyac olduğunu vurğulayıb. Sami Şükrü tədbirin ilk iki günündə bərpa olunan enerji istehsalı sahəsində böyük layihələrə investisiyaların qoyulması, təmiz su mənbələrinin mühafizəsi, yoxsul ölkələrə yardımların göstərilməsi məsələlərinin müzakirə olunacağını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra COP-27-nin gündəliyi təsdiq olunub və panel iclaslarında müzakirələr aparılıb. Konfrans çərçivəsində, həmçinin ekologiya nazirlərinin dəyirmi masası təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB