“Məncə, dünyanın ən möhtəşəm bayrağı Azərbaycan Respublikasının bayrağıdır. Təkcə ona görə yox ki, bu bayrağın rəngləri və simvolları gözəldir. Bu bayraq uğrunda minlərlə azərbaycanlının qanı tökülüb. Bu bayraq uğrunda böyük bir imperiyaya qarşı mübarizə aparılıb”. Bu sözləri SİA-ya açıqlamasında "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, 1918-ci ilin 9 noyabrında rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olunmuş üçrəngli bayrağımız həm o, həm də daha sonrakı dövrlərdə Azərbaycan xalqının birlik, mübarizlik və qəhrəmanlıq simvoluna çevrilib: “Şükürlər olsun ki, bu günləri bu bayraq müstəqil Azərbaycan Respublikasının rəmzi kimi dalğalanır və ölkəmizi təmsil edir. Bu gün bizim missiyamız bu bayrağı bütün dünya azərbaycanlılarına sevdirməkdir. Düşünürəm ki, onların hamısı bu bayrağı sevir və ona müqəddəslik simvolu kimi yanaşır”.
Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Bu bayraqla bütün azərbaycanlılar qürur duyur. Bayrağımız düşmənin gözünü çıxarır. Bu bayrağı sevməliyik və o hər birimizin and yerinə çevrilməlidir. Bu bayraq uğrunda şəhid qanı axıdılıb. Ən böyük arzularımdan biri odur ki, bayrağımız Cənubi Azərbaycanın Urmiya, Xoy, Təbriz, Ərdəbil kimi şəhərlərində dalğalansın və bütün türk dünyasını birləşdirən bir simvola çevrilsin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə