"Azərbaycan münasibətləri daha da inkişaf etdirəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan münasibətləri daha da inkişaf etdirəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Soçi görüşündən sonra 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı olan Əlcəzairdə Ərəb Dövlətlər Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək üçün bura səfər etdi. Əlcəzair-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində və dostluq əlaqələrinin güclənməsində bu səfərin çox böyük önəmi var". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasında müşahidəçi statusunda üzvdür: "Bununla yanaşı Azərbaycan İslam Müsəlman Dövlətləri və Ərəb Dövlətlər Liqasına üzv olan dövlətlərlə münasibətlərinin inkişaf etdirilməsində çox maraqlıdır. Azərbaycan və Əlcəzairlə ortaq tarix və ortaq problemlər yaşamışıq. Bilirsiniz ki, Fransa Əlcəzairə qarşı bir əsr müddətində müharibə aparmış və 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnən bu soyqırım dünyada baş vermiş ən dəhşətli faciələrdən biridir. Azərbaycan da buna bənzər soyqırım və müharibə cinayətləri, terror yaşayıb. Torpaqlarımız 30 ilə yaxın bir müddət ərzində Ermənistan və Ermənistan havadarları tərəfindən təəssüflər olsun ki, işğal edilib. Ancaq Azərbaycan bu müddət ərzində həmişə müsəlman dövlətlərindən və İslam Əməkdaşlıq Təşkilatının üzvlərindən dəstəyi hiss edib. Onlar Azərbaycan ərazi bütövlüyünə hörmətlə yanaşmış və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində mənəvi-siyasi dəstəklərini əsirgəməmiş, həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmışdılar".

Naqif Həmzəyev sözlərinə belə davam edib: "Bildiyiniz kimi Azərbaycan İslam Həmrəyliyinə töhfə verməyə həmişə hazır olub və bunu əməli işləri ilə də sübut etmişdir. 2017-ci ildə Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilmiş və Azərbaycan 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Cənab Prezident məhz Ərəb Dövlətlər Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri olaraq iştirak edirdi və İlham Əliyev burada nitqində xüsusilə Qoşulmama Hərəkatının BMT-dən sonra 120 ölkəni bir araya gətirərək 2-ci böyük təşkilat olduğunu vurğuladı.

2019-cu ildən Azərbaycan və cənab Prezident Qoşulmama Hərəkatına rəhbərlik edir. Bilirsiniz ki, yekdilliklə bu müddət bir il daha da uzadılıb və 2023-cü ilin sonuna qədər Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi müddətində bəşəriyyət üçün çox ağır və çətin bir mərhələdə koronavirusla mübarizə ilə əlaqədar Azərbaycanın təşəbbüsləri BMT tərəfindən 2020-ci ildə müsbət dəstəkləndi və Azərbaycan vaksinlərin əldə edilməsi ilə əlaqədar ədalətli yanaşmanın və peyvənd millətçiliyinə son verilməsinin təşəbbüskarı oldu. BMT-də keçirilən bu xüsusi toplantıda da bu məsələ ilə bağlı xüsusi bəyanat verildi. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi dönəmində təşəbbüslərlə çıxış etməsi və Azərbaycanın burada Qoşulmama Hərəkatını yüksək səviyyədə təmsil etməsi onu deməyə imkan verir ki, ölkəmiz beynəlxalq hüquqa və beynəlxalq əlaqələrə hörmətlə yanaşan, beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə hazır olan bir dövlətdir. Cənab Prezident də bu məsələlərdə də öz səylərini səfərbər etmişdir.

Bildiyiniz kimi Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında saxlanılmışdır və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq özünümüdafiə hüququndan istifadə edərək Azərbaycan torpaqlarını işğaldan 2 il əvvəl azad etdi. Azərbaycan 20 faiz torpaqlarında Ermənistanın qanunsuz məskunlaşmasını və bu əraziləri terror yuvasına çevrilməsinin qarşısını aldı, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsini öz gücünə reallaşdırdı. 30 ilə yaxın bir müddət ərzində bir milyona yaxın məcburi köçkün bu torpaqlardan didərgin düşmüşdü və hal-hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməklə bir milyona yaxın məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması üçün təxirəsalınmaz işlər görür.

Birinci Qarabağ savaşı dönəmində Ermənistan tərəfindən Xocalı faciəsi törədilmişdir ki, bu da bəşəriyyətin ən dəhşətli soyqırımlarından biridir. Azərbaycan Ərəb liqası dövlətləri ilə əməkdaşlığa çox böyük önəm verir və Qarabağın dirçəlməsi, cənnət məkana çevrilməsində Ərəb Liqasına daxil olan dövlətlərin müsəlman dövlətlərin iştirakı və müsəlman dövlətlərin dəstəyi arzuolunandır və əsas odur ki, Azərbaycan torpaqlarını işğaldan azad edə bilib. Azərbaycan Böyük Qayıdış proqramını yüksək səviyyədə icra edir və hal-hazırda Ərəb Liqasına daxil olan dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektivləri araşdırır. Bunun üçün də çox əla zəmin var. Cənab Prezidentin bu Zirvə toplantısına qatılması ilə Azərbaycanın beynəlxalq əlaqələrinin və beynəlxalq əməkdaşlığının inkişafı üçün yeni bir zəmin yaranmaqdadır.

Azərbaycan Ərəb Liqasına daxil olan dövlətlərlə münasibətlərini daha da inkişaf etdirəcək və gələcək Zirvə toplantılarına da yüksək səviyyədə təmsil olunacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə