“Soçi bəyanatında əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir” - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan normallaşma istiqamətində ən fəal işləyən tərəfdir. Soçi görüşünün yekunları da bunu bir daha təsdiqlədi. Hətta Rusiya prezidenti Vladimir Putin də razılaşmaların icrası ilə bağlı Azərbaycanın kifayət qədər fəal işlədiyini bildirdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Soçi görüşündə bir daha aydın oldu ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb: "Prezident İlham Əliyevin də söylədiyi kimi, münaqişə iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidəki pozucu davranışları göstərdi ki, bu ölkə hələ də məsələnin ciddiliyini və mahiyyətini dərk etmir. Ermənistan anlamır ki, Azərbaycanın maraqlarına zidd təkliflərin heç biri müzakirə mövzusu ola bilməz. Hətta buna cəhd olsa belə, birmənalı şəkildə qəbul olunmayacaq.
Paşinyan Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb. Lakin onun budəfəki cəhdləri də nəticəsiz qalıb. Hətta Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına da cəhd göstərib. Təbii ki, bütün görüşlərdə olduğu kimi, budəfəki görüşdə də Azərbaycanın maraqları təmin olundu və Ermənistan rəhbərliyinin pozucu təklifləri rədd edildi. Rusiya Prezidenti Vladimir Putinin də təkidi ilə qəbul edilən bəyanatda əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir.
Belə ki, bu vaxta qədər keçirilən görüşlərdə olduğu kimi, Soçi bəyanatında da Qarabağla bağlı bir kəlmə belə yoxdur. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırıldı.
Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə dair razılıq Ermənistana növbəti dəfə öhdəliklərini xatırlatdı. İrəvan pozucu fəaliyyətdən əl çəkərək, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmalıdır. Tərəflər arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasına dair razılıq da sülhə yaxınlaşmaq üçün olduqca vacibdir. Sadəcə, Ermənistan bu razılaşlamaları icra etməli, siyasi manipulyasiyalardan əl çəkməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB