"İran Arazın o tayına bir güllə belə ata bilməz" - XARİCİ EKSPERTLƏR ARASINDA SORĞU
SİA Azərbaycan-İran münasibətləri ilə bağlı xarici siyasi şərhçilər arasında sorğu edib.
Türk siyasi ekspert Kerim Askeri: "İranın Azərbaycanın sərhədində apardığı hərbi təlimin əsası onun Azərbaycana qarşı olan anti-Azərbaycan siyasətindən qaynaqlanır. İran xüsusilə, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra İrandakı azərbaycanlılar faktorundan dolayı Azərbaycanın bir dövlət olaraq varlığını qəbul edə bilməyib. Bunu Qarabağın işğal müddətində və daha sonra 44 günlük Vətən müharibəsində İranın mövqeyi səbəbindən görməmiz mümkündür.
İranın son hərbi təlimi və bunu 18 oktyabrda etməsi hamıya aydındır. Sonra Naxçıvanla bağlı bəzi təbliğatların aparılması, eyni zamanda Qafanda İran Konsulluğunun açılması və orada da Ermənistanın XİN rəhbərinin Təbrizdə erməni Konsulluğunun açılması İranın Azərbaycana qarşı apardığı düşməncə, yaxud dostca olmayan siyasətindən qaynaqlanır. İranın Konstitusiyasında yazılıb ki, İran bütün müsəlman ölkələrə dost olaraq onların yanında olmalıdır. Lakin, görürük ki, Azərbaycana belə münasibət yoxdur. Axı, Qarabağ da müsəlmanların torpağıdır. Amma İran Qarabağdakı prosesləri görməzdən gəldi".

Güney Azərbaycanlı yazar və siyasi şərhçi Məhəmməd Rəhmanifər: "İranın Azərbaycan sərhədində hərbi təlim keçirməsinin iki səbəbi olar bilər. Bunlardan birincisi odur ki, Azərbaycana hədə-qorxu gəlsin. İran ona görə Azərbaycana hədə-qorxu gəlmək istəyir ki, o həmişə Zəngəzur dəhlizinə qarşı çıxıb. Bunu onların rəsmiləri də deyir. İran elə ilk Qarabağ müharibəsindən bu günə qədər Ermənistanın tərəfində olub və bu zamana qədər Azərbaycan torpaqlarının erməni işğalında olmasına susmuş, hətta dəstəkləmişdir. Buna görə də İran Zəngəzur dəhlizinin açılmasından narahatdır. O düşünür ki, Azərbaycanı qorxuda bilər. Yəni, demək istəyir ki, Azərbaycan bu sevdadan əl çəksin. Bu İranın birinci məqsədidir.
Bildiyimiz kimi, İranda 40 gündər çoxdur ki, əhali ayağa qalxıb. Bu İran hökumətini sarsıntıya uğradıb və bunun qarşısını ala bilmir. Belə bir durumda İranda insanların fikrini bu etirazlardan yayındırmağa ehtiyacı var. Burada Azərbaycan məsələsindən daha işəyarar bir səbəb tapa bilməz. Bunun da səbəbi var. Bu gün İranda xüsusilə farslar və kürdlər türk düşmənçiliyi edirlər. Bunlar bu günün məsələsi deyil. Burada 100 ildən çoxdur ki, farsçılıq siyasəti yürüdülür. Bu siyasətlərin nəticəsində türk düşmənçiliyi insanların içində geniş şəkildə yayılıb. İran bunu bilir və Azərbaycanı hədələyərək insanların fikrini yayındırır.
Azərbaycan İrana qarşı heç bir mənfi iş yürütməsə də, İran Azərbaycan dövlətinin varlığını özü üçün böyük bir təhlükə hesab edib. Bunun əsl səbəbi isə İranın öz sərhədlərində milyonlarla Güney Azərbaycan türklərinin yaşamasıdır. İran hər zaman Güney Azərbaycan türklərinin İrandan ayrılmasından və vahid Azərbaycan yaratmasından qorxur. Çünki Güney Azərbaycanda ciddi hərəkətlənmə və təşkilatlanma var. Biz bunu dəfələrlə protestolarda görmüşük. İran da bundan ciddi şəkildə qorxur".
Ankara Gazi Üniversitesi Uluslararası İlişkiler Doktorantı siyasi şərhçi Məhsa Mehdili: "İran Qarabağ müharibəsi müddəti və sonrasında Qarabağda Azərbaycanın qazandığı üstünlük və Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsindən narahat idi. Unudulmamaldır ki, İranda Güney Azərbaycan reallığı var. İran Güney Azərbaycanın varlığını qəbul etmək, yəni azərbaycanlıların haqqını qəbul edib barışmaq yerinə, Azərbaycana qarşı düşmənçilik siyasətini ana xətti olaraq seçib. O, istər şah, istərsə də molla dönəmi olsun bu xəttindən heç vaxt əl çəkməyib. Bu İranin özü üçün böyük bir təhlükədir. Çünki orada 30-35 milyon azərbaycanlı var. İran bu həqiqətlə barışmalıdır.
Onu da qeyd edim ki, Qarabağ probleminin həllə doğru getməsi İranı çox narahat edir. Ermənistan qədər bu müharibənin başqa bir itirəni də İran olub. Hətta bəlkə də İran Ermənistandan daha çox itirib. Çünki Ermənistan işğal etdiyi torpaqlardan qovulub. Amma İran tam iflasa uğrayıb.
İran heç bir zaman Azərbaycanla savaşmağı gözə ala bilməz. Çünki Qarabağ savaşında İran Ermənistana silah göndərdiyi zaman Güney Azərbaycanlılar etiraz əlaməti olaraq küçələrə axışmışdı.
İranın bu şıltaq əməllərinin bir neçə səbəbi var. Çünki İran indi çox gərgin vəziyyətdədir. İçində yaşayan millətlər və fərqli mərkəzlərdə qadınlar böyük etirazlar aparır. Minlərlə insan həbs olunub. İran istəyir ki, bu kütlənin fikrini yayındıraraq diqqətləri başqa yerə çəksin.
Digər tərəfdən də İran ona görə narahatdır ki, Güney Azərbaycanlılarda azərbaycançılıq duyğusu çox yüksəlir. İran bu insanların motivasiyasını aşağı salmaq istəyir.
Mən, İranın bu hərəkətlərini ucuz adlandırıram. Bu addımlar heç bir ciddiyyət daşıya bilməz. İran bəzi avantajlar almaq istəyir. Özəlliklə münasibətlərin normalllaşmasına maneə olmaq istəyir. Bunun üçün "Mənə də pay verin" deyərək özünə pay çıxarmaq istəyir.
İran Güney Azərbaycan həqiqətləri ilə barışmamaqla, azərbaycanlıların haqqlarını verməməklə çox itirib. Hətta deyə bilərəm ki, İran intihar edib. İran Arazın o tayına bir güllə belə ata bilməz. Bu mümkün deyil. Çünki bu addımı atarsa, İran dağılar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB