Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir - ŞƏRH

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir - ŞƏRH

Tarix boyu Türkiyə və Azərbaycan dövlətləri arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Türkiyə xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri ötən hər gün daha da inkişaf edir və dərinləşir. Hər iki xalqlar həm xoş günlərdə, həm də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. İki qardaş ölkə arasındakı münasibətlər uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır.Həm ikitərəfli formatda ,həm regional müstəvidə Türkiyə - Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir faktora çevrilib.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın mənəvi və siyasi cəhətdən yanında olması, sülhə və sabitliyə hesablanmış davranış idi. Bu davranış, bütün dünyaya bir siqnal oldu ki, Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə etməsin. Noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Rusiya - Türkiyə Monitorinq Mərkəzinin yaradılması postmüharibə dövründə də Türkiyənin regionda təhlükəsizliyin təminatçısı və nəzarətçisi olacağından xəbər verir.2021-ci ilin iyun ayının 15-də Azərbaycan ilə Türkiyə arasında Strateji Müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalanması tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi – ticari, hərbi – strateji, mədəni - humanitar sahələrdə münasibətlərin inkişafına mühüm töhfədir. Postkonflikt mərhələsində iki ölkənin tərəfdaşlığı bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsi, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi və inteqrasiyanın sürətlənməsi baxımından böyük əhəmiyyətə malikdir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonunun işğaldan azad edilməsinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə Zəngilan Hava Limanının açılışında iştirakı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.Qarabağ Zəfəri sonrası reallıqlar həm Azərbaycan, həm Türkiyə, həm də regionda bütün xalqlar və dövlətlər üçün yaxşı perspektivlər vəd edir. Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə bundan sonra da ortaq milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər.

Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.

Varis Rüstəmov,

YAP Sabirabad rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə