“İran bu razılaşmanın gecikdirilməsi üçün əlindən gələni edir” - MÜNASİBƏT BİLDİRİLDİ

“İran bu razılaşmanın gecikdirilməsi üçün əlindən gələni edir” - MÜNASİBƏT BİLDİRİLDİ

“İran rəsmilərinin ritorikasında çox konkret bir anti-Azərbaycan ritorikasını hiss etmək olur. Yəni, onlar Zəngəzur dəhlizinin açılmasını öz milli maraqlarına ciddi təhlükə olaraq görürlər. Bunu dilə gətirməsələr də belədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, onlar sərhədlərinin dəyişməsinə icazə verməyəcəyini desələr də, faktiki olaraq burada heç bir sərhəd dəyişməsi məsələsi yoxdur: “Söhbət ancaq dəhlizin açılmasından gedir və ümumiyyətlə İranla Ermənistanın quru əlaqəsi də kəsilmir. Çünki bir dəhlizin açılması tunellər vasitəsilə də əlaqələrin yaranması mümkündür. Yəni, həmin dəhlizin müxtəlif yerlərində tunellər olacaq. Bu tunellərlə Ermənistanın öz cənub hissəsi ilə də əlaqələri davam edəcək.

Deməli, burada məsələ sərhəd dəyişməsi deyil. İran rəsmiləri bunu dilə gətirsələr də, burada məsələ bir az strateji bir hədəflərdir. O da Azərbaycanla Naxçıvanın, dolayısıyla Türkiyənin quru əlaqəsinə imkan verməməyidir”.

Fərhad Mehdiyev sözlərinə belə davam edib: “Nəzərə almalıyıq ki, biz Zəngəzur dəhlizində 10 noyabr 2020 tarixli razılaşmaya görə maneəsiz gediş-gəliş hüququ olacaqdır. Bu o deməkdir ki, Naxçıvandan həmin dəhlizə heç bir nəzarət olmadan yüklər, insanlar və yaxud nəqliyyat vasitələri daxil olacaq, onlar hər hansı bir yoxlanışa məruz qalmadan eyni şəkildə sərbəst formada Zəngilandan bizim Şərqi Zəngəzur dediyimiz əyalətdən çıxacaqlar.

Burada həm də türk dünyasının birləşməsindən də qorxular. Bu, eyni zamanda ticarət yollarının İranı baypas edərək keçməsinə imkan tanıyır. Bütün bunlar İranın marağında deyil. Baxmayaraq ki, tərəflər arasında 10 noyabr 2020 tarixli razılaşma oldu, Paşinyan da hökumət nümayəndəsi olaraq ora imza atıb. İran da hal-hazırda biz görürük ki, bu razılaşmanın gecikdirilməsi üçün əlindən gələni edir və hətta qanunsuz şəkildə hərbi təlimlər keçirməklə Azərbaycana hədə-qorxu gəlməyə çalışır. Əslində bu cür davranış beynəlxalq münasibətlərdə çox ciddi bir krizisdir. Diqqət etsəniz burada hətta daxili işlərə qarışmaq kimi qiymətləndirə biləcək bir hadisə var. Təbii ki, burada Paşinyan hökumətinin də mövqeyi vacibdir. Çünki Paşinyan hökuməti də 10 noyabr tarixli razılaşmada boyun qaçırmağa cəhd edir və bunun üçün Azərbaycan tərəfindən təzyiqlərə məruz qalır. Çünki razılaşmaya imza atıb və bunun qarşılığında Azərbaycan 9 noyabr 2020-ci il tarixində hərbi əməliyyatları dayandırmışdır. Yoxsa bu hərbi əməliyyatlar davam edə bilərdi. Amma onlar imza atıblar və söz veriblər ki belə bir şey həyata keçirəcəklər. Hal-hazırda onu həyata keçirməmək üçün əlindən gələni edirlər.

İranın mövqeyi hal-hazırda beynəlxalq hüquqa tamamilə ziddir. Çünki müqavilə üzrə öhdəliyin həyata keçirilməsinə mane olmağa çalışır. Bunu da tamamilə qanunsuz yollarla edir. Hətta o hərbi təlim keçirməsə belə, onun sadəcə bəyanatı belə beynəlxalq hüquqa zidd olardı. Amma biz baxırıq ki, bəyanatla kifayətlənmir, bir də ordusunu ora yığaraq hərbi təlim keçirməyə çalışır. Amma görünən odur ki, İranın hesablamaları çox da dəqiq deyil.

Biz çox yaxşı bilirik ki, Prezident İlham Əliyev xarici siyasətdə nəsə bir addım atanda bunu kifayət qədər yaxşı şəkildə qiymətləndirərək ölçüb-biçməklə həyata keçirir və biz görürük ki, Azərbaycan hökuməti İran hökumətinin bu cür hədə qorxulu davranışına heç də qorxmadan cəsarətlə cavab verdi.

İranın bu ritorikasına qarşı, Azərbaycan hökuməti də öz ritorikasını dəyişdirib və daha əvvəl biz səbr edirdik. Bizim güneyli soydaşlarımızın hüquqları pozulmasını başa düşərək, yəni dövlətlərarası münasibətləri pozmamaq, daha böyük ziyanlara səbəb olmamaq üçün bu məsələyə Azərbaycan hökuməti öz etirazını bildirmədiyi halda bu gün vəziyyət də artıq dəyişib.

Eyni zamanda nəzərə almaq lazımdır ki, İranın özünün də tətbiq etdiyi o hüquq pozuntuları xeyli dərəcədə artıb. Onlar insanlara sadəcə etnik mənşədə deyil, həm də dini mənşədə ciddi təzyiq göstərirlər. Ən son İrandakı təzyiqin nə ilə bağlı olduğunu bilirik. Belə ki, polis orada qanunsuz şəkildə bir qadına zorakılıq etmiş və onun ölümünə səbəb olmuşdu. Polis məntəqəsində həmin şəxs öldürülmüşdür. Bütün dünya buna etiraz etdi. Hal-hazırda buna etiraz edən qüvvələrin arasında Azərbaycan da var. İran bunu nəzərə almalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə