"Azərbaycan - Türkiyə birliyi böyük regional gücdür" - POLİTOLOQ ŞƏRH ETDİ
"Zəngilan Beynəlxalq Hava Limanının iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsidir. Dünya bir daha tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Türkiyə-Azərbaycan birliyinin şahidinə çevrildi. Səfərin məhz Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümünə təsadüf etməsi də, başqa sözlə məhz həmin gün Türkiyə prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması da xüsusi məna daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloq qeyd edib ki, iki ölkə liderinin Cəbrayıl şəhərində səsləndirdiyi bəyanatlar Azərbaycana və eləcə də Türk birliyinə qarşı düşmənçilik siyasəti yürüdənlərə ünvanlanmış çox ciddi mesajlarla yadda qaldı: "Dövlət başçısı İlham Əliyevin “Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir” fikri bütün dünyaya növbəti dəfə Azərbaycanın yalnız olmadığı ilə bağlı verilmiş çox ciddi mesaj kimi qəbul olunmalıdır.
Konkret Zəngilan Hava limanına gəldikdə isə qeyd etməliyəm ki, bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur və məlumdur ki, üçüncü hava limanı da Laçın rayonunun ərazisində inşa olunur.
Sadalananlar onu deməyə əsas verir ki, Azərbaycan - Türkiyə birliyi böyük regional gücdür və bir yerdə olmağımız regionda sülhün və təhlükəsizliyin davamlı təmin edilməsinə imkan verir. Artıq hər kəs qəbul etməlidir ki, Türkiyə və Azərbaycan regionumuzun təhlükəsizliyinin və sabitliyinin əsas qarantıdır və bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi hər hansı bir layihənin həyata keçməsi mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB