25 oktyabr tarixi müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu
25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.
Zəngilanın azad edilməsindən sonra Ermənistan Qubadlı rayonunun ərazisinə əlavə qoşunlar cəlb etmişdi. Lakin Müzəffər Ordumuzun qarşısında onların hamısı aciz qaldı və oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin işğalçılardan azad edilməsi xəbərini xalqımıza verdi.
Dövlət başçısı Qubadlı şəhərinin və bu rayonun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik etdi, onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı.
2020-ci il dekabrın 23-də Qubadlı rayonuna səfəri zamanı Prezident İlham Əliyev bu rayonun azad edilməsinin strateji əhəmiyyəti barədə danışaraq deyib: “Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi”.
Oktyabrın 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım etdi. Paylaşımda deyilirdi: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər getdi, Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidlərimiz şəhidlik zirvəsinə ucaldı.
Qubadlı sakinlərinin yurd həsrətinə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu.
Həmin gün nəinki qubadlıların xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq ən parlaq səhifə oldu.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB