XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı ŞƏRH

XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı ŞƏRH

Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayıb, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar. Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. 1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına keçir. İki həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qalır. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-na təsadüf edir. Çox ağır və qanlı döyüşlər iki saat çəkir. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilədən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə də, 1992-ci ilin sonunda Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur. Vəziyyət getdikcə gərginləşirdi. 1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz aylarında ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. İki gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında qalır. Belə bir şəraitdə çətinliklərə baxmayaraq mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilir. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək, daha 5 kilometr irəliləyir. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşür. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunur. Bununla da Zəngilanın mühasirəsi başa çatır. Doğma yurdunu tərk edən təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gursulu Araz çayını isə keçmək mümkün olmur. Xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəlir. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib, xilas olur.Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıb/Artıq Zəngilan işğaldan azad olunmuş rayonlarımız sırasındadır. 27 ildən sonra 2020-ci ilin oktyabrın 20-də rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunu düşməndən azad etdi.

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir. Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.

Bu gün işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur. Zəngilan rayonu bu sahədə ilk rayondur ki, artıq keçmiş məcburi köçkünlərin ora qayıdışı başlayıb. Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Yaxın günlərdə Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Hava limanının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bərabər dost,qardaş ölkə olan Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğanında iştirak edəcəyi gözlənilir.Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq. Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox yaxındır. İnanırıq ki, yaxın zamanlarda ermənilərin qorxulu yuxusuna çevrilən Azərbaycanı Naxçıvana birləşdirəcək 40 kilometrlik dəmir yolu və eləcə də avtomobil yolu açılacaq.Azərbaycan xalqı bir də heç vaxt erməni qəsbkarlarına ərazilərimizin bir qarışını belə qəsb etməyə imkan verməyəcək. Zəngilanın işğaldan azad olunması Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açdı. Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıda biləcəklər. Tezliklə həmin ərazilər abadlaşacaq, əvvəlki kimi həyat axarına düşəcəkdir.

Elman Rəcəbov

YAP Lerik rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə