Prezident İlham Əliyev: "Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır"
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyini qeyd edirik. "Yeni, müstəqil Azərbaycan uğrunda!" çağırışını proqramında irəli sürən YAP məhz Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə, dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin, şərəfli yol keçdi. Məlum olduğu kimi, 1988-ci ildən başlayaraq, Azərbaycanda hakimiyyət uğrunda ciddi mübarizə gedirdi. Hakimiyyətə gələnlər ölkəni idarə edə bilmir, qısa zamanda hakimiyyətdən gedir və onları başqaları əvəz edirdi. Xüsusilə də, 1988-1992-ci illərdə baş verən Qarabağ münaqişəsi də ölkədə ciddi sosial və iqtisadi, o cümlədən hərbi-siyasi xaos yaratmışdı. Hakimiyyətin səriştəsizliyi səbəbindən respublikada qarşıdurmalar artıq vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Azərbaycan 1991-ci il 18 oktyabrda müstəqilliyini yenidən bərpa etmişdir. Lakin hadisələr də bu reallığı təsdiqlədi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən də çətindir. Belə bir zamanda xalqın ümid yeri Ulu Öndər Heydər Əliyev idi. Həmin çətin zamanlarda Ulu Öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. 1992-ci il 16 oktyabrda 91 nəfər ziyalı Ulu Öndər Heydər Əliyevə müraciət etdilər və həmin müraciətə cavabı çox gecikmədi. Elə 1992-ci il 26 oktyabr tarixində Heydər Əliyev həmin müraciətə müsbət cavab verdi. 1992-ci ilin 21 noyabrında Naxçıvanda əlverişsiz bir şəraitdə Azərbaycanın bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər yeni yaradılan partiyanın Sədri seçildi. Heydər Əliyevin Sədrliyi ilə YAP qısa zaman kəsiyində, təxminən 6 ay sonra hakimiyyətə gəldi.Hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edən YAP müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında böyük nüfuz sahibidir. Sözsüz ki, partiyanın yüksək nüfuzu bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur.
YAP cəmiyyətin öncül siyasi qüvvəsi kimi Azərbaycanın inkişafı, onun dünya birliyində mövqeyinin möhkəmlənməsi, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşaması yolunda böyük qətiyyət və əzmkarlıqla fəaliyyət göstərir. YAP-ın fəaliyyət mexanizminin əsaslarını təşkil edən mühüm prinsiplərdən biri güclü dövlət anlayışıdır. Bu güclü dövlət anlayışı isə həm dövlətin iqtisadi qüdrətinin artırılmasını, həm də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını özündə ehtiva edir.
YAP-IN ƏTRAFINDA BÖYÜK GƏNCLƏR ORDUSU BİRLƏŞİB
Cəmiyyətin bütün təbəqələrindən olan insanları özündə birləşdirən YAP-ın ətrafında böyük gənclər ordusu var. YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşıb və Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirib. Əgər Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan sonra, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yaradılmış yeni nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.
"HƏR BİR AZƏRBAYCAN GƏNCİ HƏR ŞEYDƏN ÇOX, HƏR ŞEYDƏN ARTIQ MÜSTƏQİL AZƏRBAYCANIN BU GÜNÜ, GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNMƏLİDİR"
Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlətin dəstəyi bu istiqamətdə öz bəhrəsini verdi. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq, Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Təşkil olunan forumlardakı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı "Dövlət gənclər siyasəti haqqında" Fərman müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmışdır. 2002-ci il 9 aprel tarixində "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir", - deyən Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Həyata keçirilən çoxsaylı layihələrin bir qismi gənclərin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur. Bütün bunlar isə perspektiv baxımından böyük uğurlar vəd edir. Bu gün gənclər layiqli vətəndaşlar kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir. Yeni Azərbaycan Partiyasının gəncləri ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təbliğatında fəal iştirak edirlər.
"ANCAQ ONU DA BİLDİRMƏLİYƏM Kİ, ƏSAS YÜKÜ, ƏSAS VƏZİFƏNİ GƏNC NƏSİL YERİNƏ YETİRDİ"
Son 19 ildə görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Bu gün Azərbaycan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf dövrünü yaşayır. Gənclərimiz Cənab Prezidentin tövsiyəsi əsasında öz bilik və bacarıqlarını genişləndirərək, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb ölkəmizin inkişafına töhfə verməkdədirlər. Gəncliyin inkişafında "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi gənclərin fəaliyyətin stimullaşdırılmasında növbəti mərhələ oldu. Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri etdiyindən gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət başçısı 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Daha sonra Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənəd Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar açıb.
YAP Gənclər Birliyi də bu gün istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi".
Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən ictimai, sosial, mədəni, siyasi xarakterli layihələrdə uğurla təmsil olunan YAP gəncləri dövlətin daxili və xarici siyasətinin gənclər arasında təbliği, gənclərin qarşılaşdıqları problemlərin həllinə həssas münasibət, asudə vaxtlarının səmərəli təşkili və ümumilikdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır. Hər zaman olduğu kimi, bu gün də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri partiyanın Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir və bu siyasəti ölkə ictimaiyyəti, o cümlədən, gənclər arasında təbliğ edirlər.
Azərbaycan gənclərinin rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər". Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB