Azərbaycan-Qırğızıstan münasibətləri hansı səviyyədə inkişaf edəcək? - MİLLƏT VƏKİLİ DANIŞDI

Azərbaycan-Qırğızıstan münasibətləri hansı səviyyədə inkişaf edəcək? - MİLLƏT VƏKİLİ DANIŞDI

“Azərbaycanın Orta Asiya ölkələri ilə dinamik şəkildə inkişaf edən münasibətləri müşahidə olunur. Azərbaycan Prezidenti bir müddət öncə Özbəkistanda səfərdə oldu. Özbəkistanla Azərbaycan arasında hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlər üzrə sazişlər imzalandı”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, politoloq Elşad Mirbəşiroğlu bildirib.

Millət vəkili qeyd edib ki, sazişlərin arasında xüsusi ilə hərbi sahədə imzalanmış müqaviləni qeyd etmək lazımdır: “Onun ardınca Azərbaycan Prezidentinin Qırğızıstana səfərinin baş tutması, eyni zamanda, Orta Asiya respublikaları üçün Azərbaycanın nə dərəcədə böyük önəm kəsb etdiyinə işarədir. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdikdən sonra beynəlxalq əməkdaşlıq sistemində iştirak etmək istiqamətində işlər görür. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sıraları davamlı olaraq genişlənir. İşğaldan azad olunmuş ərazilərimizin böyük potensialının milli iqtisadi inkişaf dövriyyəsinə qatılması perspektivləri bütövlükdə Azərbaycanın beynəlxalq əməkdaşlıq sistemində yerini və rolunu artırmağa xidmət edəcəkdir. Həmin ərazilərdə Azərbaycanın yaratdığı yeni nəqliyyat infrastrukturları, eyni zamanda, perspektivdə Zəngəzur dəhlizini ideyasının reallaşdırılması ölkəmizin tranzid imkanlarını artıracaq. Belə olduğu halda, Orta Asiyadan başlayan nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edəcək. Bu mənada hesab edirəm ki, məhz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcı haqqında danışmaq mümkündür. Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı biz Azərbaycan Prezidentinə, dövlətinə, dəyərlərinə olan ehtiramı biz müşahidə etdik. Bunun göstəricisi kimi Azərbaycan Prezidentinin iştirakı ilə Azərbaycan-Qırğızıstan Dostluq parkı”-nın açılışını və ayrıca olaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan 20 saylı gimnaziyanın açılmasını xüsusi qeyd etmək lazımdır. Həmçinin Nizami Gəncəvinin adını daşıyan 103 saylı məktəbin fəaliyyətə başlaması da Azərbaycanla Qırğızıstan arasında olan yüksək dostluğa dəlalət edən bir hadisədir. Qırğızıstanda çox aydın təsəvvürlərə malikdirlər ki, Azərbaycan Cənubi Qafqazda regionun bütün mənalarda lokomativ ölkəsidir. Azərbaycanla Qırğızıstan arasında yeni əməkdaşlıqların həyata keçirilməsi və inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına cavab verir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə