İşğal vaxtı düşmənin vurduğu yaralar sarılır və bizlər əminlik ki, çox keçməz ki, bu zəngin təbiətə və tarixə malik Füzuli diyarımız cənnət məkana çevriləcək, yerli və xarici qonaqlarımızın gözlərini və könüllərini oxşayacaq
30 ilə yaxın dövr ərzində ərzilərinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti siyasəti və dönməz iradəsi, həmçinin xalqımızın Fateh Sərkərdə ətrafında sıx birləşməsi sayəsində azad olundu. 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya göstərilən şücaət və qəhrəmanlıq mücəssəməsi həm də yeni tarixin və reallıqların başlanğıcını qoydu. Azərbaycan işğalçı Ermənistana öz yerini göstərdi!
Hələ qələbəmizədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-cı ilin “Aprel dərsi”ndən düzgün nəticə çıxarmağı xatırlatmışdı. O vurğulamışdı: “Azərbaycan bütün sahələrdə, o cümlədən, hərbi sahədə öz inkişaf yolunu davam etdirəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Nəinki bizlər, eyni zamanda, beynəlxalq aləm 2020-ci ildə apardığımız haqq-ədalət uğrundakı mübarizəmizin şahidlərinə çevrildi. Öz sahiblərini gözləyən torpaqlarımız, tarixi abidələrimiz, müqəddəs ocaqlarımız öz sahiblərinə qayitdı. Onu da qeyd edək ki, işğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il işğalçı Ermənistan silahlı birləşmələrinin və terrorçularının nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.
Daim dünya tarixçiləri və arxeoloqları üçün maraqlı görünən Azıx mağarası da demək olar ki, itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu məkan həm də əcdadlarımızın əsrlər, minilliklər boyu burada məskunlaşmasını sübut edən danılmaz faktlardan biri kimi qeyd olunmaqdadır. Belə ki, buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdi ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir. Eyni zamanda, qədim Füzulimizdə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələri də vardı...
Bu arada, işğala qədər rayonda fəaliyyət göstərən bir sıra obyektlərin statistik göstəricilərini də xatırlatmaq yerinə düşərdi. 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər düşmən işğalı müddətində tamamilə dağıdılmış, talan edilmiş və yer üzündən silinmişdir.
Müharibə insanlarımıza da ciddi mənəvi-psixoloji və s. ziyanlarını vurmuşdur. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin düşmüş, girov götürülmüş 113 füzulililərdən isə təəssüf ki, hələ də soraq yoxdur. Erməni təcavüzü nəticəsində Füzulidə dünyaya gələn uşaqlardan 36361 nəfəri zərər çəkib ki, onlardan 155-i atasız və anasız qalıblar. Belə bir dəhşətli statistik rəqəmlər artıq tariximizdə yer alır və bizlər əminik ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, həmçinin sarsılmaz iradəsinə söykənən xarici diplomatiyası nəticəsində Ermənistan tərəfi bütün bunlara görə hüquqi cavabını verməli olacaq. Bu iztirabları bizlərə yaşadanlar cəzalarını beynəlxalq insan haqları məhkəməsində alacaqlar!
Artıq bu torpaqlarımız düşmən işğalından azad edilib və indi Füzulimiz yenidən qurulur. Azad Füzulimizə ilk səfərini 2020-ci il noyabrın 16-da reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin səfərləri ilə işğal dövrünün bütün ağrı-acılarını müşahidə ediblər. Prezident tərəfindən əvvəlcə Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyulub. Bu tarixi hadisə hər birimizdə qürur hisslərini yaşatmaqdadır!
Dövlət başçımızın bu torpaqlara sonrakı səfərləri də tarixi hadisə olaraq hər bir Füzuli sakininin qəlbində əbədiyyən həll olunmuşdur.
Digər tərəfdən, Prezident İlham Əliyevin Füzuliyə səfərləri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməlinin də qoyulması azad Qarabağımızın qısa müddətdə ən inkişaf etmiş bölgələrimizdən birinə çevriləcəyi reallığını isbatlayır. Həmçinin, dövlət başçımızın “Füzuli” yarımstansiyasının açılışını etməsi və Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olması yaxın perspektivlərdə görüləcək növbəti uğurlu işlərin, layihələrin icrasına geniş zəminlər yaradıb.
Beləliklə, bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə və dinamik xarakterdə davam etdirilir. İşğal vaxtı düşmənin vurduğu yaralar sarılır və bizlər əminlik ki, çox keçməz ki, bu zəngin təbiətə və tarixə malik Füzuli diyarımız cənnət məkana çevriləcək, yerli və xarici qonaqlarımızın gözlərini və könüllərini oxşayacaq.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB