Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bunun da əsas səbəbi bu dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanda səfərdə olmuşdur. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılamış və onun şərəfinə ziyafət vermişdir. İlk növbədə, hər iki ölkənin Prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir. Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələrdə iki ölkə arasında Birgə İnvestisiya Fondunun yaradılması bu sahənin inkişafına böyük töhfə verəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun imzalanması ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.
Son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyası qarşısında tarixi xidmətləridir. Bundan əvvəl də Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək.
Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi sayılan bu əməkdaşlıq çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunmuşdur. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir. Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş olacaqdır. Azərbaycan və Qırğızıstan prezidentlərini mətbuata bəyənatları, səfər çərçivəsində imzalanmış sənədlər göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb, ölkələr arasında qardaşlıq və dostluq əlaqələri bundan sonra daha möhkəmlənəcək.
Fazil Məhəmmədov
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB