“Artıq onlayn informasiya saytları da maliyyə dəstəyini əldə etmək imkanına malikdir” - BAŞ REDAKTOR ŞƏRH ETDİ
“Cənab İlham Əliyevin Prezidentliyi müddətində Azərbaycan mətbuatı özünəməxsus inkişaf yolu keçib. Bu illər ərzində mətbuatın inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olub”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Sevinc Seyidova bildirib ki, dövlət başçısı hər zaman mətbuatı özünün ən yaxın dostu adlandırır: “Bu fikirlərin real həyatda qarşılığını biz media mənsubları olaraq hər zaman hiss etmişik. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 14 ilə yaxın bir müddətdə Azərbaycanda çap mediasının, qəzetlərin ayaqda qala bilməsi, müasir çağırışlarla uzlaşması üçün dövlət səviyyəsində mediaya maliyyə yardımları edilir. Jurnalistlərin sosial-iqtisadi təminatının yaxşılaşdırılması məqsədi ilə iki çoxmənzilli bina dövlət vəsaiti hesabına inşa olunaraq media təmsilçilərinə paylanılıb. Hazırda məlum siyasət MEDİA Agentliyi tərəfindən həyata keçirilir. Artıq tək çap mediası və qəzetlər deyil, ölkəmizdə fəaliyyət göstərən onlayn informasiya saytları da dövlətin maliyyə dəstəyini əldə etmək imkanına malikdir.
2003-cü ildən keçən müddət ərzində media, söz və ifadə azadlığı kimi sahələrdə qanunvericilik aktları zamanın və dövrün tələblərinə uyğun olaraq milli maraqlar nəzərə alınmaqla mütəmadi olaraq dəyişikliklərə məruz qalıb, təkmilləşdirilib. Bir müddət əvvəl isə "Media haqqında" yeni qanun layihəsi qəbul edilib. Azərbaycan mediasının dünyaya çıxış imkanları, beynəlxalq əlaqələri də sürətlə genişlənməkdədir. Təbii ki, bu amil dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB