Azərbaycan Ordusu 30 ilin nisgilinə son qoydu və 44 günlük müharibədə əldə olunan qələbələr 10 noyabr üçtərəfli Bəyanatının imzalanması ilə nəticələndi. Bu Bəyanat Azərbaycanın siyasi qələbəsinin, Ermənistanın məğlubiyyətinin təqdimatı idi. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırdı.
Əlbəttə, Azərbaycan dövləti münaqişənin başlandığı, tarixi torpaqlarımızın işğal altında saxlanıldığı 30 ilə yaxın müddət ərzində hər zaman sülh tərəfdarı olub. Cənab Prezident bütün çıxışlarında, beynəlxalq səviyyəli görüşlərində bunu dəfələrlə bəyan edib. Danışıqlar prosesində Azərbaycan fəal iştirakçı olaraq hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb, məsələnin beynəlxalq hüquq normaları daxilində çözülməsinin tərəfdarı olub. Məhz buna görə Azərbaycan ötən 30 ilə yaxın müddətdə sülh yolu ilə, dinc yolla torpaqlarımızın işğaldan azad olunmasını gözlədi. Lakin cənab Prezident bütün çıxışlarında deyirdi ki, lazım gələrsə, torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq. Və Azərbaycan, o lazım gələn ana hazır olmaq üçün ordumuzu da gücləndirirdi. Nəticədə Ali Baş Komandan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi. 44 günlük müharibədə Azərbaycanın müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tarixində yeni hərbi-siyasi uğura imza atdı. Belə ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Ermənistanın kapitulyasiyası haqqında imzaladıqları sənədə görə, Ermənistan dekabrın 1-dək işğal altındakı Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz təslim etdi. Ağır məğlubiyyətə uğramış işğalçı Ermənistanın kapituluasiya aktını imzalaması bu ölkənin onurğa sütununu qırdı.
Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək torpağımızı yağı tapdağından xilas etdi. Ağdamın azad olunması xalqımız üçün böyük qürurdur. Ağdam rayonunun hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. Qeyd edilməlidir ki, Ermənistanın hərbi xuntası artıq işğal altında olan Ağdam rayonu ərazisində öz mühüm istehkam işlərini aparmışdı. Belə ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olunmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdı. Bu səddin keçilməsi isə ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı. Ən əsası isə, Ağdam rayonu kimi strateji bir ərazinin məhz bu cür azad edilməsi Azərbaycanın bu müharibədəki qəti qalibiyyətinin növbəti təsdiqinə çevrildi. Vurğulayaq ki, 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev fikri: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” Prezident və xanımı Ağdam məscidini ziyarət etmişlər. Prezident Məkkədən gətirdiyi ‘’Qurani-Kərim’’i Ağdam məscidinə bağışlamışdır.
Müharibə zamanı biz tək torpağımızı qazanmadıq, biz yenilməzliyimizi, özgüvənimizi, cəsurluğumuzu və birliyimizi təsdiqlədik. Bu birliyin təməlini İkinci Qarabağ savaşından öncə əldə olunmuş xalq-iqtidar, milli-siyasi həmrəylik təşkil edir. Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Bütün bunlar bir daha sübut etdi ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir.
44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi regionda yeni iqtisadi, siyasi və hərbi reallıqlar yaratdı. Bu gün ölkəmizlə daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı da durmadan artır. Bir sözlə, İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu ciddi şəkildə möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə bildirir və regionda sülhün və sabitliyin qarantı kimi çıxış edir.
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB