Praqa görüşündə İlham Əliyev master-klassı! ÖZƏL+ANALİTİK

Praqa görüşündə İlham Əliyev master-klassı! ÖZƏL+ANALİTİK

Artıq İrəvana dönən Ermənistanın baş naziri Nikol Paşinyan da açıq şəkildə etiraf edir ki, Qarabağ mövzusu gündəlikdən çıxarılıb

Azərbaycanın güclü və öz mövqeyini qətiyyətlə müdafiə etməyi bacaran dövlət kimi Ermənistanın və tərəfdaşlarının formalaşdırdığı koalisiyaya qarşı açıq mübarizə aparmaqla öz mövqeyini müdafiə etdi və hər hansı güzəşt ideyasını yaxına belə buraxmadı!

Oktyabrın 6-da Çex Respublikasının baş naziri Petr Fialanın və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Çexiyanın paytaxtı Praqaya səfər edən Prezident İlham Əliyevin eyni zamanda, "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirakı, ilk növbədə, dövlət başçımızın şəxsiyyətinə, nüfuzuna göstərilən hörmət, mühüm məsələlərin həllindəki mövqeyinin isə daim diqqət mərkəzində olmasına kifayət qədər dəlalət etməkdədir.

Azərbaycanın iqtisadi qüdrəti və potensialı son dövrlərdə nəinki Avropa məkanına, eləcə də dünyanın bir sıra iqtisadi mərkəzlərinə doğru uğurla transfer olunmaqdadır

Sirr deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət faktoru özündə bir sıra mühüm məqamları ehtiva etməkdədir. Ümumiyyətlə, Azərbaycanın iqtisadi qüdrəti və potensialı son dövrlərdə nəinki Avropa məkanına, eləcə də dünyanın bir sıra iqtisadi mərkəzlərinə doğru uğurla transfer olunmaqdadır. Əbəs deyil ki, dünyada baş verən qlobal siyasi-iqtisadi kataklizmlərə baxmayaraq, ölkəmiz ən çətin sınaqlardan üzüağ çıxmış, eləcə də bu gün öz sözünü deməkdə davam etməkdədir. Xüsusilə, Avropa məkanında mövcud olan bir sıra enerji və s. problemlərin aradan qaldırılması üçün Azərbaycan əsas ölkə olaraq görülməkdədir. O cümlədən, Avropa qitəsinin enerji təhlükəsizliyində önəmli yer və rol alan rəsmi Bakı qarşıdakı illərdə daha geniş sferaları əhatə etmək üçün daha geniş platformalardan çıxış edir. Əlbəttə ki, sözügedən proseslərdən məharətlə istifadə edən və bu yöndə ardıcıl diplomatik zəfərlərə imza atan Prezident İlham Əliyev ölkəmizin milli maraqlarının müdafiəsi, beynəlxalq əlaqələrinin genişlənməsi və münasibətlərinin inkişafı istiqamətində məqsədyönlü siyasət həyata keçirməkdədir.

Dördtərəfli görüşün nəticələri Azərbaycan diplomatiyasının növbəti qələbəsidir

44 günlük Vətən müharibəsindən sonra bu siyasət daha şaxələnmiş formada reallaşdırılır. Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olmasına qarşı qoymağa cəhd etdiyi baryerlər isə qısa müddətdə sıradan çıxarılır. Həmin gerçəklik də, məhz Praqa dördrtərəfli görüşündə özünü daha dəqiq və daha açıq şəkildə isbatlamış oldu. Artıq belə bir nəticə də hasil etmək olar ki, dördtərəfli görüşün nəticələri Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Məsələn, əgər Ermənistan daha əvvəlki görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanımamaq üçün müxtəlif xarakterli manipulyasiyalara əl atırdısa, artıq indi belə manipulyasiyaların təsir gücünün olmaması Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində sübuta yetirildi. Rəsmi İrəvan çıxış yolunun olmadığını və belə davam edərsə daha ağır vəziyyətlərə düşə biləcəyini anlayaraq imzalanmış birgə Bəyanatda bunu öz imzası ilə təsdiq etdi.

Beləliklə, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etdi və Qarabağ məsələsi gündəmdən çıxdı. Eyni zamanda, artıq Ermənistana həmin istiqamətdə havadarlıq edən dairələr də anladılar ki, bu məsələ Azərbaycanın daxili işidir və heç bir halda ölkəmizə aid olan hər hansı bir məsələyə müdaxilə etməyə hüquqi və s. əsasları yoxdur.

Yeri gəlmişkən, artıq İrəvana dönən Ermənistanın baş naziri Nikol Paşinyan da açıq şəkildə etiraf edir ki, Qarabağ mövzusu gündəlikdən çıxarılıb. Əlbəttə ki, dövlət başçımızın qətiyyəti həmçinin onu sübut etdi ki, Ermənistanın və havadarlarının formalaşdırdığı koalisiya da öz gücünü itirib və Azərbaycana qarşı hər hansı planları yalnız iflasa uğrayacaq. Artıq Bakı hər hansı güzəşt ideyasını yaxına belə buraxmır və öz şərtlərini diktə edir.

Ermənistan Rusiyanın başı üzərindən başqa ölkələri öz ərazisinə gətirməyə hazırlaşır və Moskvanın təzyiqlərə məruz qalması dövründə belə bir xəyanətin cavabsız qalmayacağını da bəri başdan proqnozlaşdıra bilərik

Daha bir məqam isə Ermənistanın Rusiyaya münasibətdə aşkar xəyanətkarlıq mövqeyinin olmasıdır. Belə ki, Ermənistan hətta öz ərazisində Rusiyaya məxsus hərbi bazaların, habelə digər xarakterli müəssisələrin fəaliyyət göstərməsinə rəğmən, Aİ və Fransanın missiyasını öz ərazisinə dəvət etdi. Yəni bu faktın özü də sübut edir ki, İrəvan uzun illər onu ayaqda saxlayan müttəfiqinə arxadan zərbə endirməsi ilə nə qədər xəyanətkar xislətə mənsub olduğunu isbatlamış oldu. Daha dəqiq ifadə etsək faktiki olaraq Ermənistan Rusiyanın başı üzərindən başqa ölkələri öz ərazisinə gətirməyə hazırlaşır və Moskvanın təzyiqlərə məruz qalması dövründə belə bir xəyanətin cavabsız qalmayacağını da bəri başdan proqnozlaşdıra bilərik.

Beləliklə, fakt budur ki, Praqa görüşü həm də Azərbaycan diplomatiyasının dünyanın siyasi arenasına master-klass göstərdi və bu möhtəşəm nümunəni qətiyyətli Prezidentimiz İlham Əliyev özünün güclü siyasi iradəsi ilə bir daha reallaşdırdı.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə