Praqa görüşü - Prezident İlham Əliyevin diplomatik qələbəsi! MƏQALƏ

Praqa görüşü - Prezident İlham Əliyevin diplomatik qələbəsi! MƏQALƏ

Azərbaycanın maraqları dövlət başçımız tərəfindən layiqincə qorundu

Məlum olduğu kimi, Praqada Prezident İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri keçirilib. Eyni zamanda, bu görüş əvvəlkilərdən daha fərqliliyi, xüsusi ştrixləri ilə fərqləndi və yadda qaldı. Daha dəqiq desək, rəsmi Bakının bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalara gəlindi və son razılaşmalar Azərbaycana qarşı müəyyən təzyiq cəhdlərinə baxmayaraq reallaşdırıldı. Daha dəqiq desək, həm də belə bir nəticəyə də gəlmək olar ki, Fransanın dövlət başçısı Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyana göstərdiyi açıq dəstəyinin, həmçinin Azərbaycana qarşı təzyiq tətbiq etməklə istəklərinə nail olacaqlarının qarşısını məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti aldı. Bəs əldə edilən uğurlar nədən ibarətdir?

Fransa hətta ömrünü başa vurmuş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq daim özünün ermənipərəst siyasətini yürüdüb və açıq-aşkar erməni işğalına, təcavüzünə müxtəlif vasitələrlə don geyindirməyə cəhdlər göstərib. Məhz bu baxımdan, sonuncu Brüssel görüşündə də Parisin İrəvana dəstək göstərəcəyini bəri başdan müəyyən etmək elə də çətinlik yaratmırdı. Eyni zamanda, Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Əbəs deyil ki, Nikol Paşinyan Emmanuel Makronun da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini heç də gizlətmirdi.

Belə bir uğursuz əminliyə daha bir səbəb isə sentyabrın 12-14-də müəyyən olunmamış sərhəddə məhz Ermənistanın silahlı təxribatı nəticəsində baş vermiş məlum insidentdən yararlanmaq cəhdi oldu. Ancaq bu cəhd də puça çıxdı - Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi! Demək olar ki, 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Bununla da Makron-Paşinyan cütlüyünün planları iflasa uğradıldı.

Daha bir mühüm məqam sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə əlaqəli razılaşmanın əldə olunmasıdır. Məlum oldu ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Qeyd etmək olar ki, bu məsələdə də Fransa öz maraqlarını erməni maraqları ilə eyniləşdirib. Belə ki, Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna qəti etiraz etdi. Azərbaycanın qətiyyətli mövqeyindən sonra belə razılaşdırıldı ki, Aİ missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.

Beləliklə, növbəti dəfə Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha nümayiş etdirdi. Onu da qeyd edək ki, Ermənistanın bu addımı həm də uzun illər ona himayədralıq etmiş, ayaqda saxlamış Rusiyaya qarşı da yeni və ciddi addımdır. Söz yox ki, Moskva İrəvanın bu qərarını cavabsız qoymayacaq.

Onu da qeyd edək ki, bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin gündəlikdə olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci ilin 10 noyabr bəyanatı ilə tənzimlənir və bu, hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində işlər davam etdirilir. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək. İrəvan isə ilk növbədə Praqa görüşündən ağıllı və doğru nəticə çıxarmalıdır.

Zərifə Quliyeva,

Modern ailə və inkişaf İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə