9 okyabr 2020-ci il - Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi… işğaldan azad olundu
İki il əvvəl Azərbaycan ordusu qızğın döyüşlərdə haqq savaşında torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşurdu. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı qələbə xəbərlərini eşidir və tezliklə zəfərimizin qazanılacağı günün lap yaxında olduğuna inanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında düşmənə göstərərək 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımızın azad olunması uğrunda haqq savaşında vuruşurdu. Cənab Prezidentin həmin günlərdə xalqa müraciətlərində hər gün ordumuzun daha da irəliləyərək, yeni kənd, qəsəbə və şəhərlərin azad olunması ilə bağlı məlumatları bizi doğma torpaqlarımıza daha da yaxınlaşdırırdı. İki il əvvəl oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində "Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir." - deyərək xalqımıza böyük bir sevinci, iftixarı yaşatdı. Həmin tarixə qədər Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad etmişdir. Şiddətli döyüşlər davam edirdi. "Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır", - deyə müraciətində bildirən Cənab Prezident Azərbaycan əsgərlərinin bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkdiklərini vurğulamışdı: "Onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik - 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz. Bu gün açıq informasiya məkanında, internetdə göstərilir, necə dəqiq, sərrast atəşlərlə düşmənin canlı texnikası məhv edilir".
"BİZ NƏYİ NƏ VAXT EDƏCƏYİMİZİ YAXŞI BİLİRİK"
44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Vətən müharibəsinin ilk günlərində Hadrutun azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi. Çünki Hadrut, ilk növbədə, ermənilərin daha çox möhkəmləndiyi strateji mövqe olmaqla yanaşı, həm də düşmənin Füzuli və Cəbrayıl istiqamətlərinə əlavə qüvvə göndərməsi üçün mühüm bir ərazi idi. Lakin müzəffər Azərbaycan Ordusunun planlı və peşəkar əməliyyatı erməniləri cəbhənin hər bir istiqamətində məğlub etdiyi kimi, Hadrutda da darmadağın olmasına gətirib çıxardı. "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı", - bildirən Prezident qeyd etmişdir ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm: "Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində".
"HADRUT ƏMƏLİYYATI DÜNYANIN HƏRB ELMİNDƏ XÜSUSİ YER TUTACAQ"
Müzəffər Ali Baş Komandanımızın dəmir iradəsi və uğurlu "Dəmir yumruq" əməliyyatı ilə qısa bir zamanda işğalda olan torpaqlarımız azad olunurdu. Xalq-Ordu-Lider birliyi sayəsində bu Qələbəni qazanmış olduq. Qələbəmizdə şəhidlərimizin böyük rolu olub. Məhz onların qanı-canı bahasına Qarabağımız azadlığına qovuşdu. Cəbrayıl şəhərindən sonra Hadrutun azad olunması hərbi əməliyyatlarımızın uğurla davam etdirilməsi baxımından mühüm önəm kəsb edirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.
"Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!" – deyə dövlət başçısı bildirib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB