"Tarixdə bu gün, xalq öz seçimini etdi" - DEPUTAT ŞƏRH ETDİ

"Tarixdə bu gün, xalq öz seçimini etdi" - DEPUTAT ŞƏRH ETDİ

"Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunmuşdur. Bu gün həmçnim dövlətimizin inkişaf tarixində yeni səhifə 3 oktyabr 1993-cü il tarixi qeyd olunur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi məhz bu tarixdən başlayıb: "Tarixdə bu gün, xalq öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi.

Tariximizin keşməkeşli yollarına nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini nümayiş etdirib. Ulu Öndər müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirmişdir.

Ümummilli Liderin ilk andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər andına və xalqına hakimiyyətdə olduğu bütün dövrlərdə, sadiq qalmışdır.

Ulu Öndər Heydər Əliyev öz dərin biliklərini son damlasına kimi, xalqı ilə döyünən ürəyinə qulaq asaraq, yalnız onun rifahına yönələn mütərəqqi işlərin görülməsinə sərf etdi. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur desək yanılmarıq. Dövlətçilik salnaməmizdə silinməz izlər buraxmış, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin əziz xatirəsinə ehtiramın və ən yüksək səviyyədə nümayiş olunması baxımından olduqca mühüm hadisədir.

Bu gün Ümummilli Liderin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz həmin siyasətin davamı və nəticəsidir ki, Azərbaycan öz gücü ilə 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibədə Böyük zəfərə imza atan Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrildi. Vətən müharibəsində əldə edilən zəfərin əsasında da Heydər Əliyev siyasətinin təntənəsi dayanır. Bundan sonra da Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarından gələcək nəsillərimiz bəhrələnəcək və onun xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində demişdir:
“Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Bu bəyanat Ali Baş Komandan İlham Əliyevin Atasına olan yüksək sədaqətinin və hörmətinin bariz və yüksək nümunəsi olmaqla bərabər böyük ehtiramın da göstəricisi idi. Bu gün Prezident İlham Əliyevin atdığı düşünülmüş hər bir addım, hər bir siyasi gediş bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstərə bilən xalqıq. Biz köklərimizi, adət-ənənələrimizi, irsimizi , əcdadımıza verilən sözü unutmayan, istədiyimizə nail olan xalqıq!".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə