Xalqımız bütün təhdidlərə sinə gərəcək ŞƏRH

2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsində Azərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Bu müharibə mövqe baxımından Azərbaycan ordusu üçün çox əlverişsiz bir şəraitdə başlasa da müharibənin ilk günündən ordumuzun igid əsgər və zabitlərimizin fədakarlığı, hətta canlarını belə əsirgəmədən ölümün gözünə dik baxaraq vətən sevgisi ilə düşmən üzərinə şığıması sayəsində 44 gün ərzində Zəfər Qələbəsi ilə başa çatdı. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin işğal olunan Azərbaycan torpaqlarının siyasi yollarla azad edilməsi uğrunda apardığı bütün cəhdlər Ermənistanın hərbi-siyasi rəhbərliyi və onları himayə edən havadarlarının pozuculuq fəaliyyəti problemin həllinə imkan vermədi. Cənab Prezident Beynəlxalq tribunalarda daim qətiyyətlə Ermənistanın militarist siyasətinin mahiyyətini açıqlayır, onların yeni ərazilər əldə etmək üçün yeni müharibəyə hazırlaşdığını bəyan edir, eyni zamanda vurğulayırdı ki, Ermənistan Azərbaycanın sülh danışıqlarına adekvat cavab verməyəcəyi təqdirdə Azərbaycan Ordusu hərbi yolla torpaqları geri qaytarmağa qadirdir. Beynəlxalq birliyi Ermənistanı dayandırmağa səsləyən cənab Prezident cəsarətlə bəyan edirdi ki, müharibə başlasa bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Bu çağırışlara məhəl qoymayan Ermənistan 2020-ci ilin sentyabr ayının 27-də mövqelərimizə genişmiqyaslı hücüm etdi. Hərbi müdaxiləyə cavab olaraq ordumuz əks həmlə ilə uzun illər alınmaz qala hesab edilən “Ohanyan” səddini yararaq düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbə endirməyə başladı. Bu ölüm-dirim savaşı Azərbaycanın cahanşümül qələbəsi ilə başa çatdı. Müharibənin gedişində 3000 minə yaxın hərbi və mülki vətəndaş şəhid oldu. Lakin onların qanı yerdə qalmadı. Müzəffər Ordumuzun Ermənistan üzərində parlaq qələbəsi vüqarımızı dikəltdi, Azərbaycan xalqının ləyaqətini özünə qaytardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-si Anım Günü kimi qeyd edilir. Müharibənin başlanmasının 2-ci ildönümü- Anım Günü Respublikamızın hər yerində izdihamlı tədbirlərlə qeyd edildi. Xalqımız müqəddəs şəhidlərimizin xatirəsini böyük hüznlə yad etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın məhz 27 sentyabrda-Anım Günündə işğaldan azad edilmiş Füzuli və digər ərazilərimizə səfəri bir daha göstərdi ki, ölkə rəhbərliyi daim xalqın yanındadır. Səfər çərçivəsində Prezidentin Füzuli rayonunda Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə qaya parçasında ucaldılmış abidə önündə çıxışı zamanı bir çox məsələlərə toxunmuş, regionda və dünyada baş verən proseslərə, yeni dünya çağırışlarına müvafiq olaraq öz mövqeyini açıqlamış, mesajlarını söyləmişdir.

Çıxışda qeyd edilmişdir ki, biz xoşbəxt nəsilik. Çünki, zaman-zaman itirdiyimiz torpaqları şəhidlərin canı, qazilərimizin qanı bahasına əldə edib yenidən ərazi bütövlüyümüzə qovuşmuşuq. Bu qalibiyyəti bizə milli həmrəyliyimiz, yumruq kimi birləşib, elliklə mübarizə aparmağımız bəxş etmişdir. İndi bu gün işğaldan azad olunmuş torpaqların sahibləri öz ata-baba yurdlarına qayıdır, düşmən tapdağında inləyən torpaqlarımızda həyat yenidən bərqərar olur.İstər müharibə dövründə, istərsə də postmüharibə dövründə ölkəmizə, bizim haqq işi uğrunda mübarizəmizə qarşı ciddi təzyiqlər, təpkilər oldu. Lakin biz Azərbaycan xalqının həmrəyliyindən və vətənə sevgisindən güc alaraq bu təhdidlərə sinə gərdik. Azərbaycan heç vaxt öz ərazi bütövlüyünə qarşı yönəldilmiş təhdidləri cavabsız qoymayacaq.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini.

Bütün xəbərlər Facebook səhifəmizdə