"Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yeni bir dövrü başlandı" - DEPUTAT ŞƏRH ETDİ

"Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda tarixin yeni bir dövrü başlandı. 1991-ci ildə SSRİ-nin dağılması ilə ona daxil olan 15 dövlətin müstəqil dövlət olmnasına baxmayaraq sadəcə bir qismi həqiqətən də müstəqil olmağı reallığa çevirə bildi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, müstəqilliyini doğrulda bilməyən respublikaların sırasında Azərbaycanda yer alırdı: "Hakimiyyətə təsadüfi gələn dövlətçilik və problemin həlli barəsində səthi təsəvvürü olan insanların fəaliyyətsizliyi nəticəsində Azərbaycanın problemləri daha da ağırlaşdı. Ermənistanın aqressiyasına qarşı hazırlıqsız olmaq, cəmiyyətin problemi qarşısında heçnəyin həll olunmaması Azərbaycandakı problemləri günü-gündən artırırdı. Ermənistan günü-gündən torpaqlarımızı işğal edirdi, iqtisadiyyatımız tənəzzül edirdi, insanlarımızın sosial vəziyyəti pisləşirdi, beynəlxalq aləmdə münasibətlər yox səviyyəsində idi. İnsanlar artıq vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər.

Ulu Öndərin Naxçıvana rəhbərliyi qısa müddətdə oranın dirçəlməsinə, Naxçıvanın Ermənistan tərəfindən işğal olunmamasına şərait yaratdı. 1993-cü ilin 15 iyununda Ümummilli Liderin Parlament sədri kimi böyük siyasətə qayıdışı vəziyyəti kökündən dəyişdi. Prezident səlahiyyətlərinin icrasına başlanılması cəbhə xəttində vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu. Həmçinin cəmiyyətdə dağıdıcı qüvvələrin neytrallaşmasına, problemlərin həlli istiqamətində ciddi addımların atılmasına şərait yaratdı. 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin rəsmi prezident kimi fəaliyyətə başlaması isə Azərbaycan üçün yeni imkanlar açdı. Ordu yenidən qurularaq, iqtisadiyyatda islahatlar üçün proqramlar tərtib olundu. Yeni konstitusiyanın hazırlanması üşün işlər görüldü. Mütəffiqlərimizin sayının çoxalması üçün ciddi addımlar atıldı və tədricən bunların hər biri öz nəticəsini göstərdi. 1994-cü ildə Azərbaycan-Ermənistan xəttində atəşkəsin elan olunması, neft kontraktının imzalanması, seçkilərin keçirilməsi, bir-birinin ardınca islahatların aparılması Azərbaycandakı vəziyyətin normalaşmasına gətirib çıxartdı. Heydər Əliyevin Prezidentlik dövrü dövlətçiliyimizin əsasının qoyulmasına, strategiyamızın inkişaf etməsinə imkan verdi. Heydər Əliyevin siyasi fəlsəfəsi indiki Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət torpaqlarımızın işğaldan azad edilməsinə, dövlət siyasətimizin güclənməsinə, beynəlxalq aləmdə nüfuzumuzun artırılmasına səbəb oldu".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə