Prezidentin ŞƏT-də iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir
Ötən həftə Cənubi Qafqaz regionunda baş verən hadisələrin təsirləri hələ də dünya gündəmində əhəmiyyətli dərəcədə yer tutmaqdadır. Ermənistan tərəfindən törədilən 13 sentyabr təxribatı və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin başladığı əməliyyat, bu hadisələrin iki dövlətin rəhbərlərinin qatılacağı Şanxay Əməkdaşlıq Təşkilatının Sammitindən sadəcə bir neçə gün öncə baş verməsi və Ermənistan baş nazirinin hadisələri bəhanə gətirərək Sammitdə iştirakdan yayınması, Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana qalmaqallı səfəri və s. regionun siyasət masasında aktiv günlərin keçdiyinin sübutudur. Ermənistan Respublikasının baş nazirinin iştirakdan yayındığı Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirak edərək ölkəmizin haqlı mövqeyini nüfuzlu təşkilatın tribunasından beynəlxalq ictimaiyyətə çatdırdı. Aşkar reallıqdır ki, 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribat idi. Bu təxribat Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycana qarşı təzyiqlərin artırılmasına hesablanmışdı. Amma heç nə Ermənistanın gözlədiyi kimi olmadı. Sammitdə Azərbaycan Prezidenti bir çox yüksək səviyyəli qonaqlarla rəsmi görüşlər keçirdi və haqlı mövqeyimizi bütün müstəvilərdə bəyan etdi. Ölkə başçımızın keçirdiyi görüşlərə yaxından nəzər salaq. Belə ki, Azərbaycan Prezidenti səfər çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə silsilə görüşlər keçirdi. Bununla yanaşı, Azərbaycan Prezidenti tədbirdə çıxış edərək baş verən hadisələr barədə obyektiv məlumatları və milli maraqlarımızın təmin olunmasında effektiv rol oynayan tranzit imkanlarımız və Zəngəzur dəhlizi barədə dünya ictimaiyyətini məlumatlandırdı.
Azərbaycan Prezidenti çıxışının ilk hissəsində Sammitə dəvət üçün Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını ifadə edərək, bir neçə ay öncə baş tutan Özbəkistan Respublikasına uğurlu dövlət səfərini xatırlatdı. Daha sonra Sammit iştirakçılarına ölkəmizin tranzit imkanları barədə məlumat verən dövlət başçımız Azərbaycanın Xəzər dənizində ən böyük mülki yük donanmasına və regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olduğunu bildirdi. Bununla yanaşı, 30 illik işğaldan sonra münaqişənin sona çatdırılması nəticəsində bölgədə nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanların yarandığı vurğulandı. Həqiqətən də Azərbaycan Prezidentinin siyasi leksikona daxil etdiyi Zəngəzur dəhlizi bölgə dövlətləri üçün eləcə də dünyanın bir çox ölkəsi üçün fövqəladə əhəmiyyətə malikdir. Xüsusilə, dünyanın hazırda içində olduğu böhran vəziyyətində alternativ marşrut xətlərinin əhəmiyyəti günü-gündən artmaqdadır. Burada haşiyədən kənara çıxaraq bir məsələ barədə daha geniş məlumat vermək istərdim. “Orta Dəhliz” marşrutunun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması region üçün böyük perspektivlər vəd edir. Təhlillərə görə, Zəngəzur dəhlizi Azərbaycan və ona aid olan Naxçıvanı birləşdirməkdən savayı, Şimal-Cənub və Şərq-Qərb tranzit yolları arasında mühüm əlaqə yaratmaq imkanına malikdir. Ümumiyyətlə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan “Orta Dəhliz” Çin və Avropanı birləşdirən nəhəng layihə kimi gündəmdə özünə yer tapır. “Orta Dəhliz” yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Buna görə də, tarixi Böyük İpək Yolunun (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya) canlandırılmasına yönəlmiş “Orta Dəhlizi”in əhəmiyyəti günü-gündən artmaqdadır. Xüsusilə də indi Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması bu dəhlizə olan marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Beləliklə, “Orta dəhliz”ə və dolayısıyla Zəngəzur dəhlizinə maraq dünya dövlətləri arasında da kifayət qədər yüksəkdir. Bunun nəticəsidir ki, Sammitdə iştirak edən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Orta dəhlizin Qafqaz, Çin, Mərkəzi Asiyada mühüm bir arteriya olaraq bölgəmiz və xaricində stabilliyin və inkişafın təmin edilməsində böyük rol oynadığını bildirmişdir.
Ölkə başçımız çıxışının davamında 13 sentyabr təxribatı barədə də fikirlərini səsləndirərək, bu təxribatın bütün məsuliyyətinin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü sammit iştirakçılarının diqqətinə çatdırdı. Digər tərəfdən dövlət başçımız aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti barədə də fikir səsləndirdi. Qeyd edək ki, bu, Azərbaycanın Prezidentinin bu mövzu ilə bağlı ilk nitqi deyildi. Daha əvvəl dəfələrlə, hətta Vətən müharibəsindən çox öncə də ölkə başçımızın bu mövzu ilə bağlı çıxışları olmuşdur. Bir neçə illər öncəyə, daha dəqiq 2004-cü ilin 24 sentyabr tarixinə - BMT Baş Məclisi 59-cu sessiyasının Ümumi Müzakirələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına nəzər yetirək: “Bütün təhdidlərin öhdəsindən uğurla gəlmək üçün BMT özünü yeni şəraitə uyğunlaşdırmalıdır. BMT-də uzun müddət söhbəti gedən islahatlar məsələsi, nəhayət, öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının problemləri, xüsusilə də silahlı münaqişələrə aid olan problemləri həll etməyə qadir olmaması etiraf edilməlidir”. Bəli, ölkəyə rəhbərliyinin ilk illərində ölkə başçımız dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin islahatlara ehtiyacı olduğunu qətiyyətlə bildirmişdir. Ötən zaman Azərbaycan Prezidentinin haqlılığının təminatı oldu. BMT tərəfindən 1993-cü ildə Qarabağ münaqişəsinin həlli istiqamətində verilən dörd Qətnamə (852,853, 874, 884 saylı Qətnamələr) nəhayət üzərindən düz 27 il keçdikdən sonra yerinə yetirildi. Ancaq bu qətnamələr nə BMT, nə digər beynəlxalq təşkilatlar, nə də hansısa güc mərkəzləri tərəfindən yox məhz Azərbaycan Respublikasının hərbi-siyasi gücü bahasına yerinə yetirildi. Azərbaycan bu istiqamətdə 3000-ə yaxın övladını şəhid verdi, 11000-dən çox vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Beləliklə, ölkə başçımızın səsləndirdiyi fikirlər həmişəki kimi real həyatda öz təsdiqini tamamilə tapır. Ümid edirik ki, bu fikirlər nəhayət öz bəhrəsini verəcək və dünya ikili standartlar yerinə haqq-ədaləti, reallığı əsas tutaraq beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq fəaliyyətini quracaq.
Süpay Məmmədov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB