Azərbaycan - Pakistan münasibətləri: dostluq və həmrəyliyin nümunəsi ŞƏRH
Azərbaycana qardaş və dost ölkələrdən olan Pakistan hər zaman ölkəmizin yanında olub. Bu münasibətlər qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları daim Pakistan xalqı, dövləti tərəfindən pislənilmişdi. Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü bu münasibətlərin davamlığını təsdiqləyir.
Görüşdə Prezident İlham Əliyev əlaqələrimizin inkişafından məmnunluğunu ifadə edərək 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Prezident İlham Əliyev Pakistanın Ermənistanın Azərbaycana qarşı otuzillik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu vurğulayıb. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Vurğulamaq yerinə düşər ki. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.
MÜDAFİƏ VƏ HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ
Qardaş ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini hər zaman ifadə edib. Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
Dövlətlərarası rəsmi səfərlər bu münasibətləri daha da sıxlaşdırıb. 2005-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana iki günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb. Keçirilən görüşlər, imzalanan bu və ya digər sənədlər Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın davamlı olduğunu göstərir. Pakistan dünyada Azərbaycana ən yaxın müttəfiq ölkələrdəndir. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub.
PAKİSTAN 44 GÜNLÜK MÜHARİBƏDƏ AZƏRBAYCANI DƏSTƏKLƏDİ
2020-ci ilin 27 sentyabrında ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını təsiqlədilər. Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır.
Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev müharibənin ilk günlərindən Pakistanın ali rəhbərliyinin ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdiklərini bildirmişdir:"Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər".
Görüşdə dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Pakistanın İslam Əməkdaşlıq Təşkilatının sədri kimi Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda da çox sıx əməkdaşlıq etdiyini vurğulayıb.
PAKİSTAN AZƏRBAYCANA YAXIN DOST VƏ QARDAŞ ÖLKƏ KİMİ TARİXƏ DÜŞDÜ
Pakistanın Baş naziri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısının alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib. Baş nazir Şahbaz Şərif Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşqınlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirib. "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", - deyə Pakistanın Baş naziri qeyd edib.
Azərbaycan Prezidenti onu da bildirib ki, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.
Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.
Xatırladaq ki, paytaxt Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş – 2021" beynəlxalq təlimi bu münasibətlərin təməlinin möhkəmliyini göstərdi. Bu gün artıq Pakistan da Azərbaycana yaxın dost və qardaş ölkələr kimi tarixə düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır.
Qardaş ölkə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə Ermənistanı bir dövlət kimi tanımayıb. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə ilə birlikdə Pakistanın Azərbaycanın yanında olması Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını bütün dünyaya nümayiş etdirdi. İşğaldan azad olunan ərazilərdə bütün şəhər və ölkə boyu Azərbaycanla yanaşı, Türkiyə və Pakistan bayraqlarının olması təəccüblü deyil.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB