İlham Əliyevin ŞƏT Zirvəsində iştirakı göstərilən yüksək ehtiramın göstəricisidir ANALİTİK+AKTUAL
Şanxay Əməkdaşlığı Təşkilatında təmsil olunan ölkələr Azərbaycanı öz aralarında görmək niyyətlərini açıq şəkildə bəyan edirlər
Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin növbəti sammiti öz işini davam etdirir. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Belə ki, istər ərazisinə, istərsə də əhali saylarına görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin təmsil olunduğu bu kimi nüfuzlu təşkilatın Zirvə görüşündə ölkə başçımızın da iştirak etməsi, ümumiyyətlə, Azərbaycanın belə mötəbər təşkilatın tədbirinə dəvət edilməsi ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın, habelə onun həyata keçirdiyi uğurlu diplomatiyasının əyani təsdiqi və məntiqi sübutudur.

ŞƏT-lə əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan bu təşkilatda müşahidəçi statusunu da almaq niyyətindədir və proseslər də məhz bu istiqamətdə inkişaf etdirilir
Söz yox ki, ölkəmizin üzvü olmadığı bir təşkilatda mötəbər yer tutması Azərbaycanın son dövrlərdə siyasi, iqtisadi və s. sahələrdə əldə etdiyi nailiyyətlərinin nəticəsi, həmçinin ona verilən dəyərin göstəricisidir. Artıq o da məlumdur ki, ŞƏT-lə əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan bu təşkilatda müşahidəçi statusunu da almaq niyyətindədir və proseslər də məhz bu istiqamətdə inkişaf etdirilir. Habelə, qeyd etmək vacibdir ki, orada təmsil edilən ölkələr də Azərbaycanı öz aralarında görmək niyyətlərini açıq şəkildə bəyan edirlər.

Daha bir məqama diqqət yetirək. Belə ki, artıq dünya miqyasında tolerantlığın və multikulturalizmin nümunəvi ölkəsi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar və s. əhəmiyyətli sahələrdə fəal əməkdaşlıq əlaqələri yaradıb. Həmçinin, Bakıda keçirilən böyük Zirvə görüşlərində, Forum və Konafranslarda iştirak edən ŞƏT ölkələri, eləcə də digər ölkələr Azərbaycanın ən nüfuzlu təşkilatlarda təmsilçiliyi mələsində maraqlı olduqlarını bəyan edirlər. Ümumiyyətlə, Azərbaycana olan diqqət və ehtiram özünü daim nümayiş etdirib. Misal üçün, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfusidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır
Həmçinin dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır.

Məlum olduğu kimi, Azərbaycana qarşı xain siyasətini davam etdirən Ermənistan silahlı qüvvələri son günlər dövlət sərhədində yenidən genişmiqyaslı təxribatlara əl atdı. Daim beynəlxalq aləmə sülh və əməkdaşlıq ismarıclarını verən Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra dərhal genişmiqyaslı quruculuq-bərpa işlərinə başladığı halda, hələ də işğalçılıq xislətlərindən əl çəkməyən Ermənistan davamlı şəkildə xəyanətkarlıq, siyasi həyasızlıq taktikasını seçdiyini sərgiləməkdədir.
Daim İlham Əliyevin sarsılmaz, qətiyyəti və sərt arqumentləri qarşısında gülünc və isterik vəziyyətə düşən erməni baş naziri Nikol Paşinyan yenidən həmin vəziyyətə düşəcəyindən qorxaraq ŞƏT-in Zirvə görüşündə iştirak etməkdən qaçdı
Ancaq fakt budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu iki il əvvəl olduğu kimi, yenə də Ermənistan silahlı qüvvələrinin layiqli cavabını verdi. Məhz bu hadisələrdən sonra çıxılmaz vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT-in Səmərqəndəki Zirvə görüşündə iştirak etməyəcəyini bəyan etdi və təbii ki, bu da gözlənilən bir məsələ idi. Daim Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz, qətiyyəti və sərt arqumentləri qarşısında gülünc və isterik vəziyyətə düşən erməni baş naziri Nikol Paşinyan yenidən həmin vəziyyətə düşəcəyindən qorxaraq ŞƏT-in Zirvə görüşündə iştirak etməkdən qaçdı.
Artıq fakt budur ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi ali bir qurumun Zirvə görüşündə iştirakı və dəvət alması dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB