Üçtərəfli görüşdə hansı məsələlər müzakirə olunacaq? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Üçtərəfli görüşdə hansı məsələlər müzakirə olunacaq? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan, Türkiyə və Rusiya rəhbərlərinin Səmərqənddəki görüşündə 12-14 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr müzakirə olunacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, Ermənistanın törətdiyi təxribat detalları ilə Rusiya rəhbərliyinə çatdırılacaq və məsələ geniş şəkildə təhlil olunacaq: "Düşünürəm ki, görüşdə həmçinin Ermənistanı sülh sazişinə istiqamətləndirmək məsələsi gündəmə gətiriləcək. Çünki Rusiyanın Ermənistana kifayət qədər təsir etmək imkanı var. Rusiyanın özü müəyyən mənada Avropa İttifaqını bu məsələdə qabaqlamağa çalışır.

Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlama verərək bildirmişdi ki, Avropa İttifaqı Cənubi Qafqazda Rusiyanı sıxışdırmağa çalışır. Bu da faktiki olaraq Rusiyanın rəsmi mövqeyi deməkdir. Məsələ burasındadır ki, Rusiya əvvəllər Azərbaycan ilə Ermənistan arasında sülh sazişini imzalanmasına maraq göstərirdi. Amma Rusiyanın da əsas məqsədi Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sənədin onun iştirakı ilə hazırlanmasından ibarətdir. Bu baxımdan düşünürəm ki, Rusiya Avropa İttifaqının fəaliyyətinin fəallaşmasının nəticəsini görərək öz təşəbbüsünü daha da gücləndirəcək. Eyni zamanda kommunikasiya xətlərinin və Zəngəzur dəhlizinin açılması məsələsi də üçtərəfli görüşdə müzakirə ediləcək. Çünki bu, həmçinin Rusiyanın da maraqlarına cavab verir. Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan ərazisinə heç bir dəhliz verilməyəcək. Sözsüz ki, üç ölkənin liderlərinin Cənubi Qafqazda baş verən proseslərə ətraflı münasibəti bildiriləcək”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə