Sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusunun həmin istiqamətdə olan bölmələrinin cavab tədbirləri nəticəsində düşmənə həm canlı qüvvə, həm də texnika sarıdan ağır zərbə vuruldu. Hadisələrin bu qədər dəhşətli olacağını gözləməyən Ermənistan rəhbərliyi ABŞ, Fransa və Rusiyaya, o cümlədən beynəlxalq təşkilatlara Azərbaycanın hücumuna məruz qaldığı barədə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək özünü təmizə çıxarmağa çalışdı. Əslində isə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməklə indiyədək çətinliklə əldə edilmiş kövrək etimadın da üstündən xətt çəkdi. Təbii ki, Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirməsi cavabsız qala bilməzdi. Qarşıdurmada silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər oldu, hərbi infrastruktura ziyan dəydi.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Habelə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatları həqiqəti əks etdirmir və Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.
Bundan əvvəl, yəni sentyabr ayının 1-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin ayrı-ayrı hissələrində atəşkəsi pozması hallarının intensivləşməsi barəsində də Müdafiə Nazirliyi mütəmadi xəbərlər yayırdı. Amma Ermənistan tərəfi hər dəfə bu xəbərlərin yalan olduğunu bildirir, Azərbaycanın informasiya təxribatı ilə məşğul olduğunu deyirdi. Hətta hadisələrin bu şəkildə inkişafından narahat olmayan Ermənistan rəhbərliyi, xüsusən də parlamentin sədri Simonyan və xüsusi məsələlər üzrə səfir Edmon Marukyan əksinə bir gün əvvəl belə bir anons vermişdilər ki, Azərbaycan guya təxribata hazırlaşır. Bu yanaşmadan Azərbaycan tərəfi də şübhələnmişdi, ona görə də müdafiə naziri ordu birləşmələrinin komandanlıqları ilə keçirdiyi müşavirədə erməni təxribatlarına hazırlıqla bağlı göztəriş vermişdi. Əslində nəyin bahasına olursa olsun ermənilərin təxribat törədəcəyi barədə dəqiq məlumatlar var idi.

İrəvanı təxribata kim sürüklədi?
Ermənistanda Azərbaycanla yenidən müharibə aparmaq qədər güc olması absurddur. Bunu hər kəs bilir. Amma Ermənistanı bu addımı atmağa vadar edən(lər) nədir? Məhz bu sualın cavabı bütün düyünləri açar. Versiyalar çoxdur. Amma ən mühüm olan budur ki, ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Filip Rikerin regiona səfəri zamanı təxribatlar baş verir. Görəsən ABŞ bununla kimə, hansı mesajı göndərir. Azərbaycanamı, yox, İranamı, yenə də yox, Türkiyəyə göndərdiyini də istisnadır. Rusiyaya ünvanladığı isə dəqiqdir. Bilirsiniz ki, Ermənistan Cənubi Qafqazdakı böyük oyunlarda yalnız iki gedişdən sonra vurulan piyadadır (“peşka” desək daha məntiqli olar – müəllif). Buna baxmayaraq şahmat taxtasında digər fiqurların himayəsində olduğundan zərbələr alsa da “vurulmur”. Hərdən Ermənistan mətbuatında rəsmi İrəvanın balanslı siyasət yürütməsi haqda silsilə materiallar dərc edilir. Əslində isə Ermənistan balanslı yox, ikibaşlı siyasət yürüdür. Bunlar fərqli gedişlərdir.
Ermənistan I Qarabağ müharibəsi zamanı SSRİ, sonra isə Yeltsin Rusiyasının himayəsində Azərbaycanın başına açılan oyunların “baş qəhrəmanı” oldu. Torpaqlarımızın işğal edilməsində “urus” ordusunun rolu böyükdür, desək yanılmarıq. Erməni quldurlarının silahlandırılmasında Qaravağdakı 366-cı alayın “xidmətləri” danılmazdır. Bunu ermənilərin özləri də etiraf edirlər. İkinci Qarabağ – Vətən müharibəsində isə ermənilərin gözləntiləri baş tutmadı. İndiyədək arxalarına aldıqları, dəstəyini daim hiss etdikləri Rusiya loyal mövqe tutdu. Düzdür, silahları bizə pulla satdığı halda Ermənistana ən azından böyük güzəştlə verdi. Buna baxmayaraq Ermənistan təkbətək döyüşdə Azərbaycanın qarşısında cəmi 44 gün tab gətirə bildi. Bundan sonra Ermənistanın Rusiyaya etibarı azaldı, bu ölkəni özünün strateji müttəfiqi yox, heç dostu da hesab etmir.
Bu gün Ermənistan “balanslı” siyasəti nəticəsində müttəfiq ölkələr siyahısında kiçik dəyişikliklər edib. Rusiya həmin siyahıda olmasa da, ABŞ ilk yerlərdədir. Bunun rəsmi Moskvada da fərqindədirlər. İndi Cənubi Qafqazda baş verən hadisələrin episentrində Ermənistan dayansa da, hədəf Rusiyadır. Ermənistan Qərbin əlinə oynayır, təxribatlar törətməklə həm Brüssel danışıqlarının, həm də Vladimir Putinin bilavasitə iştirakı ilə keçirilən görüşlərin nəticələrini şübhə altına alır.

Hədəf Rusiyadır
Bununla yanaşı, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi dağıtması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirdi. Azərbaycan XİN-in məlumatında da deyildiyi kimi, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da dediyi kimi, Ermənistan təxribatlarını davam etdirir. Azərbaycanın torpaqları 30 il işğal altında saxlanılıb. Beynəlxalq qurumlar heç nə etmədi, beynəlxalq hüquq işləmədi. Nəhayət, Azərbaycanın səbri tükəndi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan dünən növbəti dəfə təxribatlar törətdi. Ermənistan hər fürsətdə mənfi mövqedə olduğunu ortaya qoyur. Ermənistan bilir ki, Azərbaycan olmadan rəsmi Ankara ilə İrəvan arasında əlaqələrdən söhbət getmir və getməyəcək. Türkiyə Azərbaycanın yanındadır.
Fransa prezidenti Makron Paşinyanın gecə zəngindən sonra o qədər isterik hallar keçirib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirə olunması üçün hərəkətə keçib. NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb ki, Ermənistanla Azərbaycan sərhədində baş verən toqquşmalardan çox narahatıq. NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırır.
Məntiqi sual yaranır, 30 il Ermənistan Azərbaycan torpaqlarında nəinki təxribat törətdi, hətta 3 onullik ərzində bu torpaqları işğal etdi, insanlarını didərgin saldı, bütün infrastrukturunu dağıtdı, ekoloji terrora məruz qoydu, yeraltı və yerüstü sərvətlərini taladı. Bəs Fransa, Amerika hansı cəhənnəmdə idi? Niyə bir bəyanat vermədilər, niyə BMT TŞ-nin toplantısını keçirmədilər? Və beləcə, ikibaşlı oyuna, ikili standartlara qol qoydular. Ona görə də bu gün nə ABŞ-ın, nə də Fransanın verdiyi hökmün heç bir təsiri yoxdur, dişsiz itin qapmasına bənzəyir.
Ermənistanın növbəti təxribatı ondan xəbər verir ki, bunların təfəkküründə, mahiyyətində heç nə dəyişməyib, öz vandal xislətlərini yenə nümayiş etdirirlər. Amma belə təxribatlarla harasa getmək, məqsədə çatmaq mümkün deyil. Ermənistanın tör-töküntü ordusunun və uğursuz, strategiyasız, bədnam siyasi hakimiyyətinin belə avantürist və nadan əməllərlə nəyəsə nail olması mümkünsüzdür. Məqsəd isə başqadır, Cənubi Qafqazdan Rusiyanı vurub çıxarmaq Rusiyanın isə üçtərəfli sazişlərin həyata keçirilməsində mövqeyi az əhəmiyyət daşımır. Moskvaya Cənubi Qafqaz regionunda sakitlik, təminatlı sülh hələlik lazımdır. Bu isə yalnız Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması şərtləri ilə mümkündür. Rusiya da Azərbaycan kimi Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasında və konkret olaraq Zəngəzur nəqliyyat dəhlizi layihəsinin işə salınmasında maraqlıdır. Bütün bu aspektlər bir araya gəlir ki, Moskva və Bakı maraqlı tərəflər kimi birgə fəaliyyət göstərir.
ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Filip Rikerin regional səfəri Ermənistandan başlaması da az söz demir. Onun 3 gün İrəvanda olması hadisələrin inkişafı üçün kifayət etdi. Ermənistanda onu “Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə nəzarət edən ATƏT-in Minsk Qrupunun (MQ) həmsədri” də adlandırırlar.
Filip Rikourun regiona səfəri “ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi”nin həllinə çalışıb-çalışmayacağı sualına cavab verməlidir. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Bakı Qarabağ problemini həll edib və o, artıq yoxdur. Bakı faktiki olaraq “Dağlıq Qarabağ” coğrafi adını ləğv etdi və indi bu ərazilər “Qarabağ iqtisadi rayonu” adlandırılır. Bakı əmindir ki, 44 günlük müharibədən sonra ATƏT-in Minsk Qrupuna ehtiyac aradan qalxıb və o, özünü buraxmalıdır. Bu arada, ABŞ və Fransa hesab edir ki, Qarabağ problemi hələ də həll olunmayıb və “ATƏT-in Minsk qrupu” platforması üzrə danışıqlar davam etdirilməlidir. “ATƏT-in Minsk qrupu”nun üçüncü həmsədri olan Rusiyanın bu məsələdə mövqeyi bir qədər bulanıqdır. Qərbdə “ATƏT-in Minsk qrupu”nu dəfn etməyin hələ tez olduğunu düşünürlər. Filip Rikourun həm İrəvanda, həm də Bakıda təmasları bunu əyani şəkildə nümayiş etdirəcək.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB