"Ermənilərin yenidən atəşkəsi pozması dözüləsi bir hadisə deyildi" - DEPUTAT ŞƏRH ETDİ

"Ermənilərin yenidən atəşkəsi pozması dözüləsi bir hadisə deyildi" - DEPUTAT ŞƏRH ETDİ

"Bildiyimiz kimi, 2020-ci ildə xalqımızın 44 günlük Vətən müharibəsində Azərbaycanın otuz il işğal altında olan Qarabağ torpaqları Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Milli Ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi ilə azad edildi. Bu müharibədə Ermənistanın rüsvayçı məğlubiyyətinə baxmayaraq bu gün də Azərbaycan və bölgə üçün təhlükə mənbəyidir. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli müqaviləyə baxmayaraq Ermənistanın bugünədək törətdiyi təxribatlar və revanşist qüvvələrin cinayətləri Ermənistanın təcavüzkar mövqeyini bir daha sübut edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan möhtəşəm qələbənin ilk müjdəsini xalqımıza verərkən, qeyd etdi ki, artıq Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etdi: "Biz bundan sonra bölgə tarixinin yeni səhifəsini başlayırıq. Bu səhifə tarixə bölgədə dayanıqlı sülh, əmin-amanlıq, sabitlik və inkişaf səhifəsi olacaqdır. Əslində, otuz illik işğal tarixində də dövlət baçısı bu münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışıb. Lakin təcavüzkar dövlət heç vaxt bu cəhdlərə əhəmiyyət verməyib. Hətta BMT-nin və bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi heç bir sənədinə məhəl verməyib. Bununla bərabər, Brüsseldə keçirilən üçtərəfli görüş zamanı bölgədə sülhün və əmin-amanlığın təmin olunması, iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar aparıldı. Sülh müqaviləsinin imzalanması ilə bağlı Prezident İlham Əliyev 5 şərti irəli sürdü. Sonuncu Brüssel görüşündə də həmin 5 şərti Paşinyan qəbul etdi. Dövlət başçısı İtaliyada beynəlxalq konfransda jurnalistlərə müsahibə verərkən bunu dilə gətirdi. 31 avqustda Brüssel görüşündən qayıtdıqdan sonra Paşinyan demək olar ki, ağlını itirib. Sərsəm çıxışlarında bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı guya hər hansı bir dirəniş etmək niyyətindədir. O dərk etmir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb, imza atıb".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan daim sülh prosesini uzadır: "Onların bu prosesi uzatmaqda məqsədi Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Prezidentin Ermənistan tərəfinə verdiyi təkliflərdən ən əsası da elə Zəngəzur dəhlizinin açılması idi. 31 avqustda Şarl Mişel üçtərəfli görüşün nəticələri ilə bağlı verdiyi bəyanatda kommunikasiyaların açılmasını bildirdi.

Bu gün dünya erməni diasporu və Ermənistanın daxilində olan revanşist qüvvələr, erməni lobbisi Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfərini, Azərbaycanın gündən-günə inkişaf etməsini qəbul etmək istəmirlər. Bu səbəbdən də onlar Paşinyana təzyiq edirlər. Ona görə də erməni revanşistləri iki il ərzində vaxtaşırı müxtəlif yerlərdən hərbi təxribatlar törədiblər. Bu təxribatların qarşısını Azərbaycan tərəfi hər dəfəsində alıb. Sarsılmaz dəmir yumruq öz zərbəsini vurub. Azərbaycan dövləti bu 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı idi. Prezidentin də bildirdiyi kimi, onlar baş qaldırdıqca onların başını əzəcəyik. Bundan sonra bir dəfə təcavüzkar, işğal niyyətli hər hansı bir qüvvə baş qaldırsa, o baş necə lazımdırsa, əziləcək. Etiraf etməliyik ki, bu məsələdə fransız siyasətçiləri də var. Eyni zamanda, Amerika konqresində vaxtaşırı bir qrup ermənipərəst onlar Ermənistan tərəfini daha da qızışdırırlar.

Bildiyimiz kimi, dünən ermənilərin yenidən atəşkəsi pozması dözüləsi bir hadisə deyildi. Əsgərlərimiz ordu rəhbərliyinin göstərişi ilə işğalçı Ermənistan tərəfinin sərhədlərimizə qarşı törətdiyi təxribatın qarşısının alınması üçün dəmir yumruq növbəti zərbəsini endirdi. Çox təəssüflə qeyd edim ki, əməliyyat zamanı Şanlı Ordumuzun əsgər və zabitləri şəhid oldu. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Vətən torpağının hər qarışında şəhidlərimizin qanı var".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə