IV “ADEX” və XIII “Securex Caspian” sərgiləri başa çatıb - FOTOLAR
Sentyabrın 6-da işə başlayan IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri bu gün başa çatıb. SİA xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilmiş sərgilərdə dünyanın 30-a yaxın ölkəsindən 200-dən çox şirkət iştirak edib. Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilib. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.
Qeyd edək ki, müasir silah və texnikanın nümayiş olunduğu bu genişmiqyaslı tədbir pandemiyanın yaratdığı məcburi fasilədən sonra yenidən keçirilib. Sərginin xüsusi əhəmiyyəti ondan ibarət olub ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil edilib.
Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunub. Burada ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin 179 adda məhsulu sərgilənib.
İki yüzdən çox şirkəti bir araya gətirən “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib. “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olub. İlk dəfə İordaniyadan şirkətlər də sərgiyə qatılıb. Bu il 10-a yaxın ölkə milli stendləri ilə iştirak edib. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər.
“ADEX-2022” sərgisində təyyarə və aviasiya, dəniz gəmiləri və hərbi dəniz, zirehli döyüş nəqliyyat vasitələri və radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıqlar, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri və digər hərbi sənaye məhsulları nümayiş etdirilib, hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunub.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendlərində yerli istehsal olan ən son silah və hərbi texnika sərgilənib. Peşəkarlar ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış olublar.
Sərginin açıq sahəsində hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər təqdim edilib.
Milli Təhlükəsizlik Qüvvələrinin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnikanın və digər vasitələrin yaradılması, istehsalı, təkmilləşdirilməsi, təmiri, utilizasiyası, idxalı/ixracına və xarici bazarlarda satışına cavabdeh olan Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonlarında son illərdə ölkəmizdə istehsal edilən yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Döyüş kəşfiyyat texnikası, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar, mühəndislik texnikaları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasında yer alıb.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi müdafiə təyinatlı məmulatların - pilotsuz uçuş aparatlarının, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi, seriyalı istehsalın təşkili və ixracı istiqamətində fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də sərgidə fəal iştirak edib. Fəaliyyət illəri ərzində ANAMA ölkə daxilində və xaricində bir sıra layihələr həyata keçirib. Agentlik hazırda işğaldan azad edilən Qarabağda mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları reallaşdırır.
Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “AZAD Sistemlər” müəssisəsinin istehsal etdiyi hərbi texnika nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB